ABŞ prezidenti Donald Tramp dünyanın 68 ölkəsi və Avropa İttifaqı üçün yeni tariflərin tətbiqinə dair sərəncam imzalayıb.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, yeni tariflər bu gün deyil, avqustun 7-dən qüvvəyə minəcək.
Bildirilir ki, 7 günlük müddət Gömrük və Sərhəd Mühafizəsinin yeni rüsumları toplamaq üçün lazımi dəyişiklikləri etməsi məqsədilə müəyyən olunub.
Yeni sərəncama əsasən, məsələn, İsveçrədən idxala 39 faiz rüsum tətbiq olunacaq. Halbuki Tramın apreldə verdiyi sərəncamda bu göstərici 31 faiz idi. Lixtenşteyn üçün rüsumlar 37 faizdən 15 faizə endirilib.
Dünən axşam dərc edilən sərəncamda Tramp Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və Filippin kimi ticarət tərəfdaşları ilə müqavilələrini rəsmiləşdirib.
Sərəncamda adı qeyd olunmayan ölkələrə 10 faizi baza tarifi tutulacaq.
Aprelin 9-da Tramp bu məsələ ilə bağlı dialoq tələb edən 75-dən çox ölkəyə idxal rüsumlarının artırılmasına dair qərarların icrasını 90 gün müddətinə dayandırıb. 90 günün bitdiyi 9 iyul tarixində müddəti avqustun 1-nə qədər uzatmaq qərarına gəldiyini açıqlayıb.
Musavat.com