ABŞ-da Jeffrey Epstein işi uzun illərdir siyasi müzakirələrin və sui-qəsd nəzəriyyələrinin mərkəzində yer alır. Jeffrey Epstein – varlı iş adamı və cinsi cinayətlərə görə məhkum edilmiş şəxsdir. Onun 2019-cu ildə həbsxanada şübhəli şəraitdə ölümü, ABŞ və dünya mediasında geniş rezonans doğurub. Epstein-in adı uşaq istismarı, insan alveri və yüksək səviyyəli siyasi dairələrlə əlaqəli qaranlıq fəaliyyətlərdə hallanırdı.
Epstein-in ölümü rəsmi olaraq intihar kimi qeydə alınsa da, bu versiya ilə razılaşmayanlar az deyil. Hadisənin arxasında daha dərin və gizli ssenarilərin dayandığına dair iddialar hələ də səngiməyib. Bu da ABŞ ədliyyə sisteminə və hüquqi şəffaflığa olan inamı sarsıdıb.
Xüsusilə Donald Tramp və onun rəhbərlik etdiyi “MAGA” hərəkatı bu işlə əlaqəli sənədlərin açıqlanması ilə bağlı ciddi çağırışlarla üzləşir. Tramp tərəfdarlarının bir qismi sənədlərin tam açıqlanmasını, şəffaflığın təmin olunmasını tələb edir. Sosial mediada “Epsteində şəffaflıq, indi!!!” şüarları ilə çıxış edənlər, mövzunun gizlədilməsinin ədalətə zidd olduğunu bildirirlər.
Digər tərəfdə isə bəzi MAGA təsirçiləri və Tramp yönümlü media resursları diqqəti bu məsələ üzərindən yayındırmağa çalışır. Bu da hərəkat daxilində fikir ayrılığına səbəb olur.
Keçmiş Fox News aparıcısı Taker Karlson, Stiv Bannon, Benni Conson kimi fiqurlar “Epstein işi”ni gündəmdə saxlayan əsas şəxslər arasındadır. Hətta Trampa ən yaxın olan dairələrdə belə bu məsələyə münasibətdə parçalanma müşahidə edilir. “Q-Anon şamanı” kimi tanınan Ceykob Kanselli, Trampı bu işdə şəffaf davranmamaqda ittiham edib. Onun sosial şəbəkə hesabı bu açıqlamalardan sonra qısa müddətdə silinib.
ABŞ Ədliyyə Departamentinin Ghislaine Maxwell ilə müsahibə aparması, lakin bu müsahibənin detalları ilə bağlı ictimaiyyətə məlumat verilməməsi yeni spekulyasiyalara yol açıb. “Epstein özünü öldürmədi” şüarı, bu çərçivədə ən çox səslənən iddialardan biri olaraq qalır. Departament isə “Epstein müştəri siyahısı yoxdur” açıqlaması ilə əlavə suallar yaradıb.
Onlayn platformalarda bu məsələ vaksinlər, 2016-cı il seçkilərinə müdaxilə, televiziya proqramlarının ləğvi kimi digər siyasi məsələlərlə yanaşı müzakirə olunur. Tulsi Gabbardın açıqladığı sənədlər və onun keçmiş prezident Barack Obamaya qarşı ittihamları bu diskussiyaları daha da alovlandırıb.
Bu mürəkkəb vəziyyətdə “Epstein işi” təkcə siyasi və hüquqi yox, həm də psixoloji və etik tərəfdən ciddi təsirlərə malikdir. İddiaçılar bu işin yaratdığı gərginliyin onların psixoloji durumuna mənfi təsir etdiyini bildirirlər.
Nəticə etibarilə, Jeffrey Epstein işi ABŞ-da həm siyasi, həm sosial, həm də hüquqi müstəvidə hələ uzun müddət gündəmdə qalacaq. Tramp və onun tərəfdarları üçün isə bu mövzu həm daxili həmrəylik, həm də ciddi sınaq deməkdir. Gələcəkdə açıqlanacaq sənədlər Trampın siyasi imicinə, ictimai dəstəyinə və qarşıdakı seçkilərdəki perspektivlərinə birbaşa təsir göstərə bilər.
E.Məmmədəliyev
Musavat.com