ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin bu həftə telefon danışığı apara bilər.
Musavat.com xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Ağ Evin mətbuat katibi Karolin Levitt deyib: “Təsdiq edə bilərəm ki, iki lider (Tramp və Si Cinpin –red.) çox güman ki, bu həftə telefonla danışacaqlar”.
Bazar günü Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett bildirib ki, dövlət başçıları arasında telefon danışığı bir həftə ərzində baş tuta bilər. O qeyd edib ki, “hər iki tərəf” söhbətdə maraqlıdır. Mayın 30-da Tramp Si Cinin ilə telefon danışığının baş tutacağına və ticarət sahəsindəki fikir ayrılıqlarını aradan qaldıra biləcəklərinə əmin olduğunu bildirib.
CNN-in Ağ Evdəki mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ və Çin nümayəndələri iki lider arasında telefon danışığı ilə bağlı danışıqlar aparırlar. Kanalın həmsöhbətlərinin sözlərinə görə, Ağ Ev potensial söhbəti ticarət danışıqlarının bərpası üçün zəruri növbəti addım hesab edir.
Musavat.com