Musavat.com xəbər verir ki, Türkiyədə SolidAERO şirkətinin istehsalı olan və Yonca Shipyard zavodunun dəstəyi ilə hazırlanan ölkənin ilk qanadlı ekranoplan-kamikadze pilotsuz dəniz-hava aparatı – “Talay İDA” təqdim olunub.
Bu texnoloji yenilik döyüş sahəsində yeni mərhələ deməkdir. “Talay” su səthinə çox yaxın, cəmi 1–3 metr yüksəklikdə uça bilir və bu xüsusiyyəti sayəsində klassik radar sistemlərinin onu aşkar etməsi xeyli çətinləşir.
“Talay”ın işləmə prinsipi və üstünlükləri
“Talay” uçuş zamanı ekran effektindən – su səthindən yaranan hava yastığından istifadə edir. Bu isə ona daha az enerji sərfiyyatı, daha uzun məsafə, daha sürətli və sürüşkən hərəkət imkanı verir.
Hədəfə yaxınlaşarkən isə aparat qəfil yüksələrək kamikadze zərbəsi endirə bilir.
Texniki göstəricilər:
• Yükdaşıma qabiliyyəti: 30 kq-a qədər döyüş sursatı və ya xüsusi avadanlıq
• Rabitə məsafəsi: 300 km-ə qədər
• Uçuş sürəti: 200 km/saat
• Uçuş müddəti: 3 saata qədər
• İdarəetmə: Tam avtomatik və ya uzaqdan idarəetmə
Sınaqlardan uğurla keçib
Prototip artıq dəniz sınaqlarından keçib və özünü sübut edib: aparat həm su səthinə yaxın sabit uçuş, həm də hücumun son mərhələsində dik yüksələrək dəqiq zərbə imkanlarını effektiv şəkildə nümayiş etdirib.
“Talay İDA” xüsusilə dəniz əməliyyatları, sahil mühafizəsi və strateji obyektlərə qarşı lokal hücumlar üçün nəzərdə tutulub.
“Talay” Türkiyənin müdafiə sənayesində yeni bir mərhələyə keçdiyini göstərir. Radar sistemlərini aldadan, su səthində “görünməz” kimi hərəkət edən bu aparat, gələcək müharibə doktrinasında dənizlərin üzərində sükut içində uçan ölümcül bir silaha çevrilə bilər.
Musavat.com