Azərbaycanda şirkətlər son bir ayda 50 kiloqramlıq kisə üçün ən yüksək qiymət 28 manat, ən aşağı qiymət isə 26.50 manat təşkil edirdisə, 18 sentyabr tarixinə bu aralıq 25.80–28 manat arasında dəyişib.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına istinadən xəbər verir. Beləliklə, minimum qiymət 70 qəpik və ya 2.6 faiz ucuzlaşıb, maksimum qiymət isə dəyişməyib.
Qiymət artımı daha çox “AVETA” MMC-də (26.60 manatdan 26.70 manata, 0.4 faiz), “KARAT HOLDING” MMC-də (26.60 manatdan 26.70 manata, 0.4 faiz) və bir sıra kiçik istehsalçılarda qeydə alınıb. Ən ciddi azalma “Dəvəçi-Dayirman” MMC-də olub, burada qiymət 26.60 manatdan 26 manata enib ki, bu da 2.3 faizlik azalma deməkdir. “Hazartürk LTD” MMC-də qiymət 26.60 manatdan 26.20 manata düşüb, azalma 1.5 faiz təşkil edib. “Dəniz un sənayesi LTD” MMC-də isə 26.60 manatdan 26.50 manata geriləmə qeydə alınıb.
Son dövrlər ümumi bahalaşma fonunda bir sual çıxır ortaya.
Yaxınlarda çörəyin qiymətində də artımları olacaq?
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
"Hazırkı şəraitdə qiymət dəyişikliyini çörək istehsalında istifadə olunan bütün xərclərə böldükdə ortaya çıxan məbləğ o qədər kiçikdir ki, bunun bazarda real çörək qiymətinə nəzərəçarpacaq müsbət və ya mənfi təsir göstərməsi gözlənilmir.
Üstəlik nəzərə almaq lazımdır ki, çörəyin qiyməti dövlət tərəfindən tənzimlənən qiymətlər kateqoriyasına daxildir. Bu səbəbdən hətta istehsal xərclərində və ya bazar qiymətlərində ciddi azalma müşahidə edilsə belə, bu dəyişiklik dərhal çörəyin qiymətinə yansımır. Təcrübə göstərir ki, çörəyin qiymətində əsaslı dəyişikliklər adətən 3–4 ay gecikmə ilə özünü göstərir. Bütün bu reallıqlar fonunda yaxın perspektivdə çörəyin qiymətində hər hansı ciddi dəyişiklik gözlənilmir".
Afaq Mirayiq,
Musavat.com