Serbiya prezidenti Aleksandar Vuçiç Kosovonun baş naziri Albin Kurtinin Türkiyədən bir neçə min Skydagger hücum pilotsuz təyyarəsinin alınması ilə bağlı açıqlamasına kəskin reaksiya verib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, Serbiya prezidenti X hesabından bununla bağlı paylaşım edib: "Türkiyənin davranışından və BMT Nizamnaməsini və BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsini kobud şəkildə pozmasından, eləcə də Priştina hakimiyyətini silahlandırmaya davam etməsindən dəhşətə gəlirəm. İndi tamamilə aydındır ki, Türkiyə Qərbi Balkanlarda sabitlik istəmir və bir daha Osmanlı İmperiyasının dirçəlişini arzulayır. Serbiya kiçik bir ölkədir, amma biz işarədən anladıq!"
Qeyd edək ki, Kosovonun baş naziri sosial şəbəkə hesabında “minlərlə Skydagger döyüş kamikadze pilotsuz uçan aparatları” olan konteynerlərin Priştina Beynəlxalq Hava Limanına gəldiyini, “Kosovo Təhlükəsizlik Qüvvələrinin onlarla əməkdaşlarının artıq onlardan istifadə üzrə təlim keçdiyini” əks etdirən paylaşım edib. Kurtinin sözlərinə görə, Türkiyənin Baykar şirkəti ilə müqavilə ötən ilin dekabrında imzalanıb, tədarüklər 2026-cı ilin yanvarında gözlənilirdi, lakin üç ay tez gəlib: "RTF (Ready to Fly) Skydagger FPV kimi də tanınan kamikadze pilotsuz təyyarələr düşmənin hərəkətdə olan və stasionar hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş partlayıcı qurğularla təchiz edilmiş döyüş pilotsuz təyyarələridir. TB2 Bayraktar və Puma pilotsuz təyyarələri ilə birlikdə pilotsuz uçuş aparatlarının bu partiyasını əldə etməklə biz hərbi gücümüzü artırmağa, ordumuzu gücləndirməyə və genişləndirməyə davam edirik”.
Kurtinin bu paylaşımı Vuçiçi özündən çıxarıb.
Musavat.com