2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 139,1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, satış 2024-cü ilin yanvar-sentyabr ayına nisbətən 21,5% çoxdur.
Bu ilin 9 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 2,4% faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Təkcə sentyabr ayı ərzində əhali 143,6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıb.
Qeyd edək ki, bu günlərdə Tarif Şurasının dərmanlarla bağlı qəbul etdiyi qərara əsasən yeni dövlət qeydiyyatına alınan 187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Bu gün əhalinin 1 milyard manatdan artıq qiymətə əczaçılıq məhsulları və tibbi ləvazimatlar alması ölkədə dərmanların baha olması, həkimlərin daha çox firma dərmanları yazması, yoxsa xəstəliklərin artması ilə bağlıdır?
Adil Qeybulla
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a açıqlama verib. O, məsələyə elmi baxımdan yanaşıb: “Əvvəla, bu son vaxtlar işlədilən "firma dərmanları" ifadəsinə aydınlıq gətirmək lazımdır. Ümumiyyətlə, bu gün ölkəyə dərman preparatlarını əsasən kommersiya şirkətləri idxal edir. Yalnız psixotrop dərmanlar və bəzən onkoloji preparatlar dövlət xətti ilə gətirilir. Şəkərli diabet və digər xəstəliklər üçün nəzərdə tutulan preparatlar da dövlət proqramları çərçivəsində xəstələrə verilir və bu dərmanlar dövlət sifarişi ilə alınır. Lakin qalan bütün hallarda dərmanların idxalı kommersiya firmalarının səlahiyyətindədir".
Ekspert deyib ki, “firma dərmanı” anlayışı əslində sovet dövründənqalma və artıq öz aktuallığını itirmiş bir ifadədir: “O zamanlar Rusiya istehsalı olmayan, xaricdən gətirilən dərmanlara bu ad verilirdi. Bu anlayış indi reallığı əks etdirmir, çünki hazırda bütün dərmanlar konkret istehsalçı şirkətlərin məhsullarıdır və onların keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiqlənir”.
Professor bildirib ki, statistik rəqəmlərin artması yalnız xəstəliklərin çoxalması ilə deyil, həm də əhali artımı ilə bağlıdır: “Əhali sayı artdıqca təbii ki, xəstəlik göstəriciləri də yüksəlir. Bundan əlavə, COVİD-19 pandemiyasından sonra bəzi xəstəliklər, xüsusilə də onkoloji xəstəliklərdə artım müşahidə olunur. İnsanlarda nevroz, panik atak və digər psixoloji pozuntuların da artması pandemiya dövründə yaranan qorxu və gərginliklə əlaqədardır. Ümumilikdə isə xəstəliklərin çoxalması qida təhlükəsizliyi, içməli suyun keyfiyyəti, havanın çirklənməsi və ekoloji amillərlə sıx bağlıdır. Bu gün ekoloji tarazlıq bütün dünyada pozulub və bunun nəticələri artıq açıq şəkildə hiss olunur. Günü-gündən ekologiya pisləşir, bu isə təkcə Azərbaycanın yox, bütün dünyanın problemidir. Yaşıl enerjiyə keçid, iqlim dəyişiklikləri ilə mübarizə və əhali artımının doğurduğu problemlərin qarşısının alınması zərurətə çevrilib. Həddindən artıq insan artımı təbiətin, faunanın və floranın sıradan çıxmasına gətirib çıxarır. Heyvan növlərinin çoxu məhv olur, bu da biosenozu, yəni təbiətdəki tarazlığı pozur. Təbiət tarazlığının pozulması birbaşa insan sağlamlığına təsir edir. 30-40 il əvvəl Abşeron yarımadasında çoxlu boş ərazilər, bitki örtüyü və müxtəlif canlı növləri vardı - ilanlar, kirpilər, quşlar və s. Lakin indi o yerlərin əksəriyyəti məhv edilib, ərazilər hasarlanıb, özəlləşdirilib. Belə şəraitdə heyvanlar harada yaşasın? Bu, təkcə bizdə deyil, dünyanın bir çox ölkələrində baş verir. Biosistemin bu cür kütləvi şəkildə dağılması isə insanlara qarşı yönələn təhlükəyə çevrilir. Koronavirus pandemiyası insanın təbiətə qarşı laqeyd münasibətindən, onun qanunlarını pozmasından qaynaqlanır. Əgər insan təbiətlə harmoniyada yaşamağı bacarmasa, gələcəkdə daha təhlükəli virus və xəstəliklərlə üzləşəcəyik. Buna görə də təbiətə münasibətdə daha diqqətli və mərhəmətli olmalıyıq. Yer üzü yalnız insanlar üçün deyil, bütün canlılar üçün yaradılıb və biz bu tarazlığı qorumağa borcluyuq”.
Zülfüqar Yusifov
Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, pasiyent sayındakı artım bir neçə əsas amillə bağlıdır: “Demək olar ki, pasiyentlərin sayında müşahidə olunan artımı ilk növbədə icbari tibbi sığorta sisteminin daha geniş şəkildə işləməsi ilə əlaqələndirmək olar. Sığorta mexanizminin tətbiqi nəticəsində tibb müəssisələrinə müraciət etmək insanlar üçün daha əlçatan olub. Əvvəllər maddi səbəblər üzündən müalicəsini təxirə salan və ya ümumiyyətlə, həkimə getməyən şəxslər indi rahat şəkildə tibbi xidmətlərdən yararlana bilirlər. Bu da təbii olaraq pasiyent sayının çoxalmasına gətirib çıxarır. Bildiyiniz kimi, bu gün bir çox dövlət xəstəxanalarında pasiyentlərin qəbulu üçün növbələr yaranıb. Bu, bir tərəfdən insanların sağlamlıqlarına daha çox diqqət ayırmağa başlamasının göstəricisidir. Digər tərəfdən, sığorta sisteminin daha geniş əhatə dairəsinə malik olması xəstəxanalara axının artmasına səbəb olur”.
Baş həkim onu da qeyd edib ki, maarifləndirmə səviyyəsinin yüksəlməsi də mühüm rol oynayır: “Son illər əhalinin sağlamlıq mövzusunda məlumatlılığı artıb. İnsanlar artıq xəstəliklərin yalnız ağırlaşandan sonra yox, ilkin mərhələlərdə də aşkarlanmasının vacibliyini anlayırlar. Profilaktik müayinələrə, analizlərə, həkim məsləhətlərinə maraq artıb. Xüsusilə sosial media və maarifləndirici proqramlar insanların öz sağlamlıqlarına qarşı məsuliyyət hissini gücləndirib. Sığorta sisteminin genişlənməsi təkcə müraciətlərin sayına deyil, həm də xəstəliklərin aşkarlanma tezliyinə təsir göstərib. Əvvəllər insanlar maddi imkanlarına görə müayinə və müalicədən imtina edirdilərsə, indi sığorta bu imkanı yaradır. Məsələn, ağrı sindromları, oynaq və bel ağrıları, xroniki baş ağrıları kimi problemlərlə bağlı müraciətlərin sayı əhəmiyyətli dərəcədə artıb. İnsanlar artıq ağrını həyatın bir parçası kimi qəbul etmir, onun aradan qaldırılması üçün mütəxəssisə üz tuturlar”.
Həkimin sözlərinə görə, bu proses həm də ölkədə tibbi mədəniyyətin formalaşdığını göstərir: “Əvvəllər insanlar yalnız ciddi xəstəliklər zamanı həkimə müraciət edirdilər. İndi isə müasir düşüncə tərzi formalaşır: sağlamlıq qorunmalı, yoxlanılmalı, mütəmadi izlənməlidir. Bu, çox müsbət haldır. Sığorta sisteminin davamlı inkişafı, xidmət keyfiyyətinin artması və tibbi maarifləndirmənin güclənməsi nəticəsində yaxın illərdə daha sağlam cəmiyyət formalaşacağına inanırıq”.
Xalidə GƏRAY
“Yeni Müsavat”