Bakı bulvarı, Filarmoniya şəhərciyi, İçərişəhər və ətraf ərazilərdə yaşıl tutuquşulara rast gəlmək mümkündür. Bu quş boyunbağlı tutuquşudur. Latın dilində “Psittacula krameri” adlanır. Adındakı “krameri” hissəsi avstraliyalı təbiətşünas Vilhelm Henrix Kramerin şərəfinə verilib.
Kənardan sevimli və rəngarəng görünən bu quş əslində ziyanverici quşlar siyahısındadır. Səbəb isə Psittakoz xəstəliyinin insana keçmə riski və kənd təsərrüfatına vurduğu ziyandır.
İsraildə “zərərli invaziv növ” hesab edilən, Hindistan və Afrikada fermerlərə problem yaratdığı üçün sayı azaldılan boyunbağlı tutuquşular ölkəmizdə ilbəil artır.
Zoologiya İnstitutunun biologiya üzrə elmlər doktoru, dosent Tahir Kərimov Musavat.com-a quşların ölkəmizdə yayılmasının tarixçəsini danışıb:
"İş adamlarından biri Afrikadan bu növdən olan 32 quşu ölkəyə gətirmək istəyib. Lakin müvafiq sənədlərin olmadığına görə gömrükçülər həmin quşları ölkəyə buraxmayıblar. İş adamı həmin quşları ölkəyə gətirə bilmədiyi üçün təbiətə buraxıb. İllər öncə 32 ədəd olan quşların sayı hazırda 1000-dən çoxdur və Azərbaycanda yayılmaqdadırlar".
T.Kərimov deyib ki, tutuquşular yerdən 5-7 metr hündürlükdə, ağaclardakı oyuqlarda yaşayırlar. Aprel-may aylarında yumurtlayırlar:
"Sürü dəstələri genişdir, ən azı 20-30 quşdan ibarətdir. Azərbaycanda faunanın bir hissəsinə daxil olublar və hələ ki, bəzəkli quş kimi qəbul olunurlar. Zoo mağazalarda da satışı mövcuddur. Bəzi ağacların güllərini və meyvələrini yeyirlər. Paytaxtda kənd təsərrüfatına hələ ki, ziyan verməsələr də, Botanika bağındakı qoz ağaclarında qozları sürətlə yeyib bitirirlər".
Dosent vurğulayıb ki, quş Psittakoz xəstəliyinin daşıyıcısıdır. İnsanlar quşlarla yaxın təmasda olarkən, onları evdə saxlayarkən tüpürcək, toz və nəcis vasitəsilə yoluxa bilərlər.
Boyunbağlı tutuquşuların sürətlə artmasının səbəblərini izah edən Tahir Kərimov deyib ki, Azərbaycandakı yaşayış mühiti bu quşlar üçün əlverişlidir:
"Yuvalar yüksəkdə, budağı az olan ağaclarda qurulur, bu səbəbdən ilan və digər quşlar yumurtalara çata bilmir. Qidalanmaları yaxşıdır, təbii düşmənləri demək olar ki, yoxdur. Hətta ala qarğa kimi quşlar da boyunbağlı tutuquşu qarşısında aciz qalırlar. Tutuquşuların yaratdığı səs-küy qarğaları qorxudaraq uzaqlaşdırır. Belə şəraitdə sürətlə çoxalırlar".
Mənzər Novruzlu,
Musavat.com