Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində "Çinar AN" MTK tərəfindən 2015-2018-ci illərdə inşa edilmiş 16 mərtəbəli yaşayış binasının A blokunun 16-cı mərtəbəsində betonun ovulması ilə bağlı daxil olmuş məlumata əsasən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun mütəxəssisləri tərəfindən bina sakinlərinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirilib.
Bu barədə cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Baxış zamanı A blokunun 16-cı mərtəbəsində yerləşən 104 saylı 3 otaqlı mənzilin təqribən 15m2 tavan və rigelin bir hissəsi olmaqla (beton pompasının işini asanlaşdırmaq məqsədilə sement-qum məhlulunun tökülməsi nəticəsində) betonun ovulması faktı müəyyən edilib.
Mənzilin digər təmirsiz otaqlarının yerində Şimit çəkici ilə yoxlanması nəticəsində betonun möhkəmliyinin ekspertizadan keçmiş layihəyə uyğun olduğu müəyyən edilib.
Sakinlərin iştirakı ilə binanın digər mərtəbələrindəki təmirsiz mənzillərdə (14-cü mərtəbədə mənzil 86, 90 və 3-cü mərtəbədə mənzil 9) yerində yoxlama aparılıb. Binanın qeyd olunan hissələrində yerləşən konstruktiv elementlərdə betonun möhkəmliyinin ekspertizadan keçmiş layihəyə uyğun olduğu müəyyən edilib.
Aparılmış yoxlama nəticəsində binanın ümumi dayanıqlılığına təsir edən hallar müəyyən edilməyib.
Sosial şəbəkədə yayılan görüntülər ev alarkən diqqətli olmağı gündəmə gətirib.
Oxu.Az bildirir ki, Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində binanın dayaqları ovulur və toz kimi yerə tökülüb.
Qeyd edək ki, bina 2015-ci ildə inşa olunub. Binanın sahibi isə dələduzluq əməlinə görə həbs olunub, hazırda isə binaya nəzarət edən şəxs yoxdur.