Xoşqədəm Hidayətqızı Xalq artisti Arif Babayevlə son görüşünün görüntülərini yaydı – VİDEO

Tanınmış jurnalist Xoşqədəm Hidayətqızı bu gün dünyasını dəyişmiş Xalq artisti, muğam ustadı Arif Babayevlə bir neçə gün öncə baş tutmuş son görüşünün videosunu yayıb.

Musavat.com xəbər verir ki, paylaşımda jurnalistin dərin duyğularla qələmə aldığı vida sözləri də yer alıb.

Xoşqədəm Hidayətqızı böyük sənətkarla olan şəxsi münasibətindən, onun ona ata kimi dayaq olmasından söz açıb:

“Atamı, anamı itirdim… Və onlar qədər sevdiyim, böyüklüyünü hər an hiss etdiyim insanı – musiqimizin dünya çinarını da itirdim… Arif müəllim mənim üçün təkcə sənətkar deyildi, mənə dayaq idi, ruh idi. Onun söhbətləri ilə təskinlik tapırdım, dərdimi unudurdum…”

Jurnalist bildirib ki, bu video bir neçə gün öncə Arif müəllimin öz əlindən çəkilib. Onlar birlikdə Qaxda görüşməyi və Arif Babayevin xanımının ad gününü qeyd etməyi planlaşdırıblar. Lakin yola düşmək istədikləri gün Xalq artistinin vəfat xəbəri hər şeyi yarımçıq qoyub.

“Qaxda görüşəcəyik, xanımının ad gününü birlikdə keçirəcəyik deyə hazırlıq görmüşdük… Amma biz yola düşəcəyimiz gün o…”

Bu sözlər Xoşqədəm Hidayətqızının paylaşımında qeyd etdiyi dərin kədərin ifadəsidir.

“Bu ağrını sözlə ifadə etmək çətindir. Çox üzgünəm… Atamı, sevdiyim insanı, xalqımızın sevimli oğlunu – Arif müəllimi itirdik. Allah rəhmət eləsin. Ruhu şad olsun. Qəlbimizdə daim yaşayacaq…”

Arif Babayev Azərbaycan muğam sənətinin ən böyük ustadlarından biri kimi təkcə sənəti ilə yox, həm də insani keyfiyyətləri ilə seçilirdi. Onun sənət məktəbi yüzlərlə tələbənin yoluna işıq saçıb.

Musavat.com vida videosunu və Xoşqədəm Hidayətqızının paylaşdığı təsirli sözləri təqdim edir:

Allah rəhmət eləsin… Arif müəllim hər zaman qəlblərdə yaşayacaq.

Musavat.com

01.08.2025 15:00
1817