Məsud ağanın səfəri sayəsində Şəhriyarşünaslığımız da xeyli aydınlandı, minnətdarıq. Məsələn, şəxsən mən şairin “Azərbaycan” adlı bizdə çox məşhur şeirinin (Meydan hərəkatı vaxtı az qala hər küçədən o şeir ucalırdı) əslində farsca yazıldığını bilmirdim. 1960-cı illərdə şair Fikrət Sadıq tərcümə edibmiş. “Ya azad ol, ya tamam yan, Azərbaycan” - filan... Xatırladınız, böyük ehtimalla. Hərçənd indi bu misralardan destruktiv təxribat qoxusu gəlir. Arazın hər iki üzündə, həm də. İstər farsca oxu, istər azərbaycanca.
Ancaq hər halda, mən bir az da dilxor oldum. Demək, uzun illərdir bizi aldadıblar. Ədəbi-bədii sahəmizdə bu çür saxtakarlıqlar, təəssüf ki, yeni deyil. Məsələn, Nizamini də bəzən Səməd Vurğunun, Süleyman Rüstəmin biabırçı tərcüməsində elə təqdim edirlər, sanki dahi gəncəli bunları bizim dildə yazmışdır. Nəticədə xalqın uşağında təsəvvür yaranır ki, Nizami yəqin elə həmin dövrün “Namiq Qaraçuxurlusu” olubdur, hətta bəlkə Namiqin bəzi şeirləri daha yaxşıdır. Boşboğazlıq olmasın deyə iki bənd şeir verirəm, özünüz qiymətləndirin. Bunu Səməd Vurğun Nizamidən tərcümə edib: “O vardı, hələ yoxkən yer, göy, ucalıq, alçaq, Varlıq yoxa çıxsa da, o, daim var olacaq”. Bu isə Namiq müəllimin şeiridir: “Çox şeyi danışmıram qaraltmamaq üçün qanını, Sən bilirsən sevirəm canımdan artıq canını”.
Başqa sahələrdə də bu cür problemlər vardır. Təzəlikcə Sumqayıt tərəfdə avtomobil istehsalı obyektinin açılış mərasimi oldu. Çöx gözəl, çox pakizə. Ancaq biz bu cür avtomobil müəssisələrimizi neçənci dəfədir görürük? Rusiya, Çin, Belarus, Ukrayna, İran, Türkiyə, nə bilim, daha hansı dövlətlərin avtomobil zavodlarının ölkəmizdə indiyəcən o qədər çoxlu filialları açılıb ki, əgər hamısı qalıb işləsəydi, yalan olmasın, indi “Mercedes” zavoduyla kəllələşirdik.
Bu işlərin hamısı adətən bir atımlıq barıt olur, ardı gəlmir. Əks halda, Bakı, Sumqayıt, Naxçıvan, Neftçala, Şamaxı, Mingəçevir və sairə yerlərimizdə hazırda milli avtomobil sənayesi şütüməliydi. Niyə belədir? Çünki avtomobil istehsalı beş-üç maşının hissəsini gətirib burada yığmaqla düzəlmir. Dünya bazarında bu işin rəqabətinə davam gətirmək üçün kütləvi istehsal lazımdır. Milyardlarla beynəlxalq investisiya qoyulmalıdır. Yüz minlərlə maşın buraxmalısan. Robot texnikan, metallurgiya və plastik sənayen, dünya səviyyəli maşınqayırma mütəxəssislərin olmalıdır. Bunların hansı bizdə var? Alimlərimiz axırıncı dəfə Məşədi İbadın rəqsini oynayan robot kukla qayırmışdılar, o da AMEA prezidenti İsa müəllimin salamını belə almadı.
İmtahan Mərkəzi qəbul keçid ballarını elan etmişdi, orda 200 baldan aşağı olan bir sürü ixtisas vardı. İçlərindən biri də “avtomobil nəqliyyatı üzrə servis” idi. 4 il burda papağı günə verənəcən bir yaxşı motorist tapıb yanında şagirdlik eləsən məsləhət deyilmi? Bunlar hamısı pul tələsi, vətəndaşı dolamaqdır.
200 bal toplayıb geofizik olmaq mümkündürmü? Bu həm geologiyanı, həm fizikanı təhqir etməkdir. Bizdə mümkündür. O cümlədən turizm mütəxəssisi. Universitetlərin birində “turizmin təşkili” ixtisasına 157 balla girmək mümkün imiş. Bəlkə bizdə turizmin təşkili həm də belə “təhsil” üzündən bərbad haldadır, qoyulan bütün pullar batır, bir dəfə çaşıb gələn bir də gəlmək istəmir?
Pakistan və Misirdən kartof, Çilidən (!) qoz almağa məcburuq. Səbəbi Aqrar Universitetə 200 balla girən gələcəyin “aqronomları” deyilmi? 150 balla Kooperasiyada ekoloq oxumaq Bakının havasını lüzumsuz yerə çirkləndirməkdir.
Əksər universitetlərimizdə “biznesin idarə edilməsi” ixtisasına keçid balı 150-200 arasında dəyişir. Marketinq, menecment, maliyyə, mühasibat da o gündədir.
Dəqiq markerdir əslində. Biznesin hansı kökdə olduğunu göstərir. 150 yığ, gəl idarə elə.
Şair bəlkə ona görə yanıb tökülürmüş.