Yapon uzunömürlülüyünün sirri - tanınmış həkimlə “qeyri-ənənəvi təbabət” söhbəti

Seyfəddin Əsəd: “Yaponiyada kök adam görsəniz, deməli, o, yapon deyil, çünki...”

Yaponiya qadınları ardıcıl 40 ildir ki, ömür uzunluğu üzrə dünya rekordunu əldən vermirlər. Musavat.com-un məlumatına əsasən, bu barədə NHK telekanalı ölkənin Səhiyyə, Əmək və Sosial Rifah Nazirliyinin 2024-cü il üçün açıqladığı statistik məlumatlara istinadən xəbər verib.

Rəsmi statistikaya əsasən, 2024-cü ildə Yaponiya qadınlarının orta ömür uzunluğu 87,13 il təşkil edib. Bu göstərici ilə Yaponiya dünya üzrə birinci yerdə qərarlaşıb. Bu, həm də ölkənin sağlamlıq xidmətlərinin keyfiyyəti, balanslı qidalanma, nizamlı həyat tərzi və qabaqcıl tibbi texnologiyalara çıxış imkanlarının nəticəsi kimi qiymətləndirilir.

Yapon kişilərin orta ömür uzunluğu isə 81,09 il olub. Bu göstərici ilə Yaponiya kişiləri dünya üzrə altıncı yeri tutur.

Mütəxəssislər hesab edirlər ki, kişilərlə müqayisədə qadınların daha uzun ömür sürməsi bir çox sosial, bioloji və psixoloji amillərlə bağlıdır.

Bəs yaponların uzunömürlü xalq olmasının konkret səbəbi nədir? Onlar nə yeyir, nə içirlər? Yuxu rejimləri necədir?

Qeyri-ənənəvi təbabət üzrə mütəxəssis, Yaponiyada bu ölkənin yaşam tərzini yaxından müşahidə etmiş tanınmış həkim Seyfəddin Əsəd “Yeni Müsavat”a açıqlamasında yapon xalqının sağlam və uzunömürlü həyat tərzinin əsas səbəblərindən danışıb. O bildirib ki, bu ölkədə həyat fəlsəfəsi, cəmiyyətin dəyərləri və tərbiyə sistemi tamamilə fərqlidir və sağlamlıqla birbaşa əlaqəlidir.

Seyfəddin Əsəd

Seyfəddin Əsəd qeyd edib ki, yaponlarda uzunömürlülük uşaq yaşlarından formalaşır: “Yaponlar həm qadınlar, həm də kişilər arasında uzunömürlülüyə görə dünyada ön sıralardadır. Bunun bir neçə əsas səbəbi var. Onlardan biri uşaq yaşlarından aldıqları tərbiyə və genetik sağlamlıq kodlarıdır. Yapon uşaqları kiçik yaşlarından babalarının məşğul olduğu fiziki işlərə cəlb olunurlar. Onları meşəyə aparır, kəndirlə ağaca dırmaşdırır, çox gəzdirməklə bədənlərini möhkəmləndirirlər. Yəni ilk yaşlardan uşağa fiziki yüklənmə və həyat dərsi verilir.

Yaponların uzunömürlülüyünün digər səbəbi düzgün qidalanmadır. Onların süfrəsində çörəyə nadir hallarda rast gələ bilərsiniz. Çörək əvəzinə düyü əsas qida məhsuludur, o da çox zaman kiçik yumru formalarda təqdim olunur. Qızardılmış ətə üstünlük vermirlər, daha çox dəniz məhsulları ilə qidalanırlar. Bundan əlavə, yaponların sinir sistemi də çox sakit və tarazlıdır. Bu, həm genetik faktorlarla, həm də cəmiyyətin verdiyi tərbiyə ilə bağlıdır.

Yaponiyada olduğum zaman belə bir hadisə baş verdi: televiziya kanallarında elan etdilər ki, gecə tufan olacaq, hər kəs ehtiyat tədbirləri görsün və evində qalsın. Gecə boyunca yatmayıb kanalları izlədim ki, görüm tufan necə olacaq. Heç bir panika, qorxu saçan xəbər, şou, dramatik səhnə olmadı. Sonda yalnız bir yıxılmış elektrik dirəyini göstərdilər. Yəni efirə mənfi, qıcıqlandırıcı, insanı stressə salan informasiyalar verilmir. Onlar insanı qorxutmur, qıcıqlandırmır".

Həkim Yaponiyada ictimai tərbiyənin yüksək səviyyədə olduğunu xüsusi olaraq vurğulayır: “Bir dəfə metroda bir sərxoş şəxs gördüm. Öz-özünə əl-qol atır, guya boksla məşğuldur. Onu sona qədər izlədim ki, görüm vaqona minəndən sonra kiməsə zərər verəcəkmi. Amma həmin adam vaqona minən kimi sakitləşdi, kimsəyə toxunmadı. Bu, yapon cəmiyyətində ictimai qınağın, ictimai məsuliyyətin və tərbiyənin necə yüksək səviyyədə olduğunu göstərir.

Tokioda ağacların sayı çoxdur. Bir ağacı kəsmək böyük cinayət sayılır və sərt cəza tətbiq olunur. Hər yerdə yaşıllıq qorunur. O qədər ağac sevirlər ki, hətta vanna otaqlarına belə ağac maketləri yerləşdirirlər. Suya da xüsusi diqqət yetirirlər. Orada duş qəbul edəndə təəccübləndim, su o qədər təmiz və yüngül idi ki, heyran qaldım. Nə qatırlarsa, mükəmməl nəticə alınır".

Yaponlar həm də dünyanın ən fəal turistləri hesab olunurlar. Seyfəddin Əsədin sözlərinə görə, onlar bu günü deyil, gələcəyi düşünürlər: ""Pensiyaya çıxanda istirahət edəcəyəm" prinsipi ilə yaşayırlar. O vaxta qədər gecə-gündüz işləyir, qənaətlə pul yığırlar. Amma pensiyaya çıxanda həmin pulu bir anda xərcləyə bilmirlər. Ona görə də ilboyu səyahət edirlər. Yüz yaşlarında belə çevik, arıq yaponlarla ayaqlaşmaq çətin olur. Əvvəllər onlara baxanda yazığım gəlirdi, niyə bu qədər zəif və arıqdırlar deyə düşünürdüm. Sonradan başa düşdüm ki, əslində sağlam və xoşbəxt insanlar elə onlardır. Əgər haradasa kök adam görsəniz, deməli, o, yapon deyil, başqa ölkədən gəlmiş biridir. Mən orada heç vaxt çox yeyən yapon görmədim. Qidaları az kalorilidir, hərəkətləri isə çoxdur. Çox yeriyirlər.

Yaponlar olduqca dürüst insanlardır. Aldatmırlar. Əgər kimsə aldadırsa, deməli, o da qonşu ölkələrdən gəlmiş biridir. Yapon xanımlar dünyanın ən baxımlı, özünə dəyər verən qadınlarıdır. Yapon kişiləri də qadınlara hörmət və diqqətlə yanaşırlar. Onlar öz millətlərini sevirlər, yaponun sevdiyi yenə də yapondur. Və nəhayət, yaponların qonaqpərvərliyi də özünəməxsusdur. Onların məşhur bir sözü var: “Yaponiyanı yaponlar üçün tikmişik, turistlər üçün yox”. Onlar stressdən uzaq, qaydasızlıqdan uzaq bir həyat yaşayırlar. Bizdəki kimi yollarda tıxac yoxdur. Tıxac məsələsini yeraltı yollarla həll ediblər. Bütün avtobus dayanacaqları və nəqliyyat vasitələri yeraltına salınıb. Yuxarı səthdə isə istənilən anda avtobus dayandırmaq, kimisə salıb-düşürmək mümkün deyil. Hər şey sistemlidir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

01.08.2025 10:19
533