Zatulinə cavab: Azərbaycanın Xankəndidə hansı heykəli saxlayacağına Moskva qərar vermir!

Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin Xankəndidə İvan Ayvazovskinin heykəlinin sökülməsini “dövlət səviyyəsində vandallıq” adlandırıb. Lakin bu əsassız və siyasi məqsədli ittihamlar Azərbaycanın suveren qərarına kölgə sala bilməz.

Zatulin unudur ki, həmin abidə Azərbaycanın razılığı olmadan, sülhməramlı mandatına zidd olaraq Rusiya hərbçiləri tərəfindən Xankəndidə ucaldılmışdı. O zaman bu qanunsuz təşəbbüs üçün nə Azərbaycan hökumətindən, nə də yerli hüquqi orqanlardan icazə alınmamışdı.

Xatırladaq ki, Rusiya bu ərazilərə müvəqqəti və konkret missiya ilə – sülhməramlı qismində yerləşdirilmişdi. Bu mandatın içində mədəni təbliğat aparmaq, abidələr ucaltmaq, yaxud da erməni-mərkəzli simvolları möhkəmləndirmək kimi fəaliyyətlər yer almırdı.

photo_2025-07-30_21-58-10-397x63.jpg (45 KB)

Əksinə, Rusiya sülhməramlılarının əsas vəzifəsi bölgədə sülhü təmin etmək, erməni silahlılarını çıxarmaq və azərbaycanlıların öz yurdlarına təhlükəsiz şəkildə qayıdışını dəstəkləmək idi. Amma real olaraq, bu dövrdə erməni separatçılarla əməkdaşlıq, onların simbolik abidələrinin himayəsi və Azərbaycan suverenliyinə açıq hörmətsizlik müşahidə olunurdu.

Zatulin və Kremlin digər “erməni dostları” indi “mədəni irs”dən danışır, guya erməni-mədəniyyəti adı altında Azərbaycanın suveren hüquqlarını müzakirəyə çıxarmaq istəyirlər. Amma sual yaranır:

- 30 il ərzində Ermənistan tərəfindən yerlə bir edilmiş 900-dən çox azərbaycanlı kəndinə,
- minə yaxın məscidin dağıdılmasına,
- qəbiristanlıqların texnika ilə şumlanmasına,
- kilsələrdə donuz saxlanmasına görə Moskvada bir kəlmə reaksiya verildimi?

Əgər bu gün Ayvazovski heykəli sökülürsə, bu, vandalizm yox, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazisində suveren iradəsinin icrasıdır. Azərbaycan kimin abidəsini saxlayacağına, hansı simvolun mövcud olub-olmayacağına özü qərar verir – bu qərarı Zatulin və ya hansısa rus deputat diktə edə bilməz!

Qısa və net: Azərbaycan nə üçün, kiminlə, harada heykəl ucaldacağını heç kimdən soruşmur və soruşmayacaq da!

Rüfət Hacıbəyli,
Musavat.com üçün

31.07.2025 17:25
1130