Zəngəzur dəhlizi ətrafında geosiyasi müzakirələr yeni mərhələyə qədəm qoyur. Regionda baş verən proseslər, xüsusilə ABŞ-ın bu dəhlizdəki mövcudluğu ilə bağlı dolaşan informasiyalar diqqət mərkəzindədir.
Musavat.com bildirir ki, siyasi analitik, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov bildirir ki, əgər yayılan məlumatlar doğrudursa, bu zaman Vaşinqtonun Zəngəzur dəhlizində iştirakı hərbi və təhlükəsizlik zəmanətləri çərçivəsində deyil, iqtisadi-kommersiya əsaslı olacaq:
"Ancaq Azərbaycanın da buna razılığı olmalıdır. Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə dair 10 Noyabr, Moskva və Soçi bəyannamələri qüvvədən düşür, əvəzində ABŞ-ın məqsədləri Bakı-İrəvan sülh gündəmində sənədləşdirilir".
Ekspert hesab edir ki, dəhlizin təhlükəsizlik və hərbi təminatı ABŞ deyil, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin parametrlərinə əsaslanacaq:
"Zəngəzur dəhlizinin təhlükəsizlik və hərbi baxımdan təminatı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin hesablamaları ilə mümkünləşəcək.
İranın regional mövqelənməsi onun ABŞ-la danışıqlarının nəticəsindən asılı olacaq. Regionda ABŞ və İsrail müttəfiqliyi fonunda Azərbaycan-Türkiyə ittifaqı yeni meyarlarla hərəkətə keçəcək.
Rusiya, Azərbaycan-Ermənistan əlaqələrinə sızmaq üçün formullar axtaracaq".
Xalidə Gəray
Musavat.com