Onlayn ictimai-siyasi qəzet
İranın mümkün hücum ehtimalı fonunda ABŞ Dövlət Departamenti dünya üzrə diplomatik nümayəndəliklərini fövqəladə rejimə keçməyə çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə “Washington Post” qəzetində yer alan məlumatda qeyd olunur.
Məlumata görə, əmr Şərqi Avropa və Şimali Afrikadakı, həmçinin İranın raket zərbələri ilə hədəf ala biləcəyi məsafədə yerləşən bütün səfirlik və konsulluqları əhatə edir. Bu halda ABŞ -ın Azərbaycandakı səfirliyi də DD-nin xüsusi tapşırıqları sferasına düşür. ABŞ diplomatik nümayəndəliklərinə aşağıdakı göstərişlər verilib:
• Fövqəladə hallara cavab verə biləcək xüsusi qrupların yaradılması;
• Mümkün risk və təhdidlərin qiymətləndirilməsi;
• Bu riskləri minimuma endirmək üçün konkret təhlükəsizlik planlarının hazırlanaraq mərkəzə təqdim edilməsi.
Departamentdən verilən açıqlamaya görə, bu addım bölgədə son günlər artan hərbi ritorika və təhlükəsizlik məlumatları ilə əlaqəlidir. Xüsusilə İranın birbaşa və ya dolayı yollarla ABŞ maraqlarına zərbə endirmək imkanlarını artırması Vaşinqtonda ciddi narahatlıq doğurub.
Ekspertlərə görə, bu cür addımlar diplomatik “profilaktika” deyil, real təhlükənin astanasında atılan təcili addımlardır. Belə ki, ABŞ son günlərdə Bağdaddakı səfirliyinin qeyri-təcili heyətini təxliyə edib, Bəhreyn və Küveytdəki ailə üzvlərinə çıxış imkanı yaradıb. Eyni zamanda, İranın müdafiə strukturlarının ABŞ bazalarını hədəf almağa hazır olduğu barədə xəbərlər yayılıb.
“Washington Post” məqaləsində qeyd edilir ki, bu əmrlər sadəcə planlaşdırma deyil, təhlükəsizlik sistemlərinin təcili tətbiqi və diplomatik missiyaların real müdafiəyə keçidinə yönəlib.
Qeyd edək ki, ABŞ–İran danışıqları artıq uzun müddətdir ki, dalana dirənib. Nüvə proqramı, Yaxın Şərqdəki vəkil qüvvələrin fəaliyyəti, Suriya və İraqdakı hücumlar fonunda diplomatik masa artıq boş görünür. İndi isə ABŞ öz diplomatik heyətini qorumaq üçün konkret tədbirlər görməyə başlayıb.
Musavat.com
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ