Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Ermənistan tarixi sülh anlaşmasını imzalamağın bir addımlığındadır. Rəsmi İrəvanın öz konstitusiyasından ölkəmizə qarşı ərazi iddiası ilə bağlı müddəanı çıxarması yetər ki, tarixi sənəd imzalansın. Fərqi yoxdur harada. Bu elə ABŞ də ola bilər.
“ABŞ avqustun 8-də Vaşinqtonda imzalanmış sazişlərin həyata keçirilməsinə başlayıb”. Bu sözləri Birləşmiş Ştatların Ermənistandakı səfiri Kristina Kuinn “Dəyişən dünyada Ermənistan və Cənubi Qafqaz: demokratiya və regional təhlükəsizliyin gücləndirilməsi” mövzusunda müzakirə zamanı söyləyib. Onun sözlərinə görə, Bakı və İrəvan Vaşinqtonda paraflanmış sülh sazişini imzalamalı və ratifikasiya etməlidir. “Sülh nə qədər tez imzalanarsa, onun üstünlükləri də o qədər tez həyata keçiriləcək”, - Kuinn vurğulayıb.
Diplomat həmçinin Ermənistan və Türkiyə arasında münasibətlərin yaxşılaşmasına toxunaraq qeyd edib ki, əlaqələrin normallaşması təkcə iki ölkəyə deyil, bütün regiona əhəmiyyətli fayda gətirəcək.
Səfirin Bakı və İrəvana sülh müqaviləsi ilə bağlı çağırışını necə oxumalı? ABŞ niyə iki paytaxtı tələsdirir, sülh sənədinə təhlükəmi var? Hərçənd məsələdə Azərbaycandan asılı bir şey qalmayıb. Tələsməli olan yeganə tərəf bəlli - Ermənistan. “Top” çoxdan onun meydanında...
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, ABŞ tərəfləri Rusiya amilinə görə tələsdirir. Onun fikrincə, tələsmək üçün İrəvan son şərti yerinə yetirməlidir. Politoloq tezliklə yekun sənədin imzalanmasını istisna etmir: “Bunun üçün Ermənistan dekabra qədər referendum keçirməlidir. ABŞ Rusiyanın regionda destruktiv hərəkətlərindən ehtiyatlandığı üçün yekun müqavilənin daha erkən imzalanmasını istəyir. Çünki Rusiya təxribatlara can ata bilər. Bunu da Ermənistan üzərindən həyata keçirməsi istisna deyil. Onun Azərbaycanda deyil, Ermənistanda pozuculuq üçün təzyiq rıçaqları var. Bundan əlavə, gələn il seçkilər gərgin keçəcək. ABŞ Rusiyanın Ermənistanda ara qarışdırmasından çəkinir. Bu səbəbdən, məhz amerikalı səfir belə fikirlər səsləndirir”.
Q.Hüseynli Azərbaycanın istənilən an sazişə imza atmağa hazır olduğunu qeyd edib: “Elə sabah son şərt yerinə yetirilsin, dərhal imzalanacaq. Azərbaycan burada yeganə maneəni əvvəldən bəyan edib. Ona görə də başqa əngəl qalmayıb. Artıq sülh mətni paraflanıb, tərəflərin öhdəlikləri elan edilib. Hazırda sülh prosesində etimad mühiti yaranmaqdadır. Tərəflərin görüşməsi, təmasları problem deyil. Əvvəllər isə kommunikasiya çətinliyi var idi. İndi ikitərəfli qaydada istənilən mövzunu müzakirə edə bilirlər. Bu baxımdan, sülh müqaviləsinin imzalanmasında bir əngəl qalıb ki, onu Ermənistan aradan qaldırmalıdır. Bu da ərazi iddialarına qanunvericilik aktlarında son qoymaqdır. Ermənistan nəzərə almalıdır ki, qarşıdan ağır seçki dövrü gəlir, Rusiya oyunpozanlıq edə bilər, o səbəbdən tələsməlidir”.
Siyasi ekspert Züriyə Qarayeva gələn ili həlledici sayır. Onun proqnozuna görə, 2026 sülh ili ola bilər: “Erməni xalqı referendumda yeni konstitusiyanı dəstəkləməlidir. Yeni qanunvericilik sülh bəxş edəcək. Əgər xalq radikal və daşnak qüvvələrin təbliğatına inanıb səsvermədə əksinə addım atarsa, gələcəkdə yeni müharibələrin riskini özündə saxlayacaq. Paşinyan deyir ki, yeni konstitusiya dövrün tələbidir. Və bunu elə həyata keçirmək istəyir ki, proses ağrısız olsun. Müxalifət təbliğatda onu satqın çıxarmağa çalışır. Yəni Qarabağdan imtina edir, "artsax" ideyasını basdırır və guya xalqın milli maraqlarına zidd hərəkət edir. Bu da beyni zəhərlənmiş erməni xalqına təsir edir. Onlar iki əsrdir ki, “artsax” ideyası ilə cəfəng nağıllara inanıblar. Paşinyan isə yuxudan oyanmağa və real Ermənistan qurmağa dəvət edir. Əgər erməni xalqı praqmatik addım atarsa, onda yekun sülh sazişi olacaq. Məncə, müharibədə məğlub olmuş Paşinyana xalq növbədənkənar seçkilərdə səs verdisə, deməli, ona inam var".
Z.Qarayeva bu dəfə də belə olacağını güman edir: “Xalq Paşinyana üsyan etmək əvəzinə ona səs verdi. Yəni sülhü dəstəklədi. İndi Paşinyanın əlində paraflanmış sülh mətni var və bunu xalqa təqdim edir. O, ölkəsinə vəd verir ki, yekun sülh müqaviləsi Ermənistanı iqtisadi izolyasiyadan çıxaracaq, yollar açılacaq, Türkiyə ilə quru sərhədlər işləyəcək, gəlirlər artacaq, əhalinin iş yerləri çoxalacaq. Eyni zamanda Avropaya inteqrasiya vəd edir və xalqa göstərir ki, Rusiyadan uzaqlaşma həm sülh, həm də iqtisadi blokadadan çıxmaq qazandırır. Bunun üçün də Bakının son şərti yerinə yetirilməlidir”.
Politoloq Zaur Məmmədov da qısa şəkildə bildirib ki, Ermənistan tələsməlidir, növbədənkənar seçkilərə getməlidir, hər iki ölkə yeni gündəliklə yeni mərhələyə qədəm qoymalıdırlar. Onun sözlərinə görə, 2026 sülh ili olmalıdır və bütün bunların qarşısında ən böyük çağırış - kənar müdaxilələrdir.
Onu da deyək ki, xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio tərəfindən təşkil olunan tədbirdə iştirak edib.
Bu barədə nazirliyin X hesabında paylaşım edilib. “Azərbaycanın bu mühüm tədbirdə iştirakı ölkəmizin əməkdaşlığın inkişafına, regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə sadiqliyini və etibarlı tərəfdaş kimi tanınmasını əks etdirir”, - paylaşımda deyilir. Mətbuat xəbər verir ki, şam yeməyində Bayramovun erməni həmkarı Ararat Mirzoyan da iştirak edib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ