Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda ailələrin dağılması halları artdığı kimi, boşanmadan sonra ortaya çıxan problemlər də cəmiyyətin sosial yükünü artırmaqdadır. Xüsusilə də uşaqların taleyi ilə bağlı məsuliyyətin bir valideynin – əksər hallarda ananın – üzərinə düşməsi ciddi narahatlıq doğurur. Boşanmış ata isə aliment ödəməkdən yayınır, ya da ümumiyyətlə, övladına maddi dəstək verməkdən imtina edir. Nəticədə isə bu məsuliyyətsizlik qanun qarşısında cavabsız qalmır – alimentdən yayınanlar barəsində inzibati və cinayət tədbirləri görülür, hətta bəzi hallarda ata övladına pul ödəmədiyi üçün həbsə də göndərilir. Bu kimi xəbərlərə mətbuatda tez-tez gəlirik.
Sosioloq Üzeyir Şəfiyev Musavat.com-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda boşanma hallarının artması narahatedici sosial tendensiyaya çevrilib. Onun sözlərinə görə, boşanma artıq cəmiyyət üçün adi bir hal kimi qəbul olunmağa başlayıb:
“Boşanma halları getdikcə xroniki sosial problemin formasını alır. Cütlüklər bəzən çox xırda səbəblərə görə ayrılırlar. Ən diqqətçəkən məqam isə budur ki, boşanma üçün məhkəməyə müraciət edənlərin 70 faizdən çoxunu qadınlar təşkil edir. Bu hal qadınların iqtisadi müstəqillik qazanmaları ilə əlaqəlidir. Qadınlar əvvəlki dövrlərdə daha çox evdar xanım statusunda idilər. İndi isə işləyir, özlərini təmin edirlər. Bununla yanaşı, ictimai qınaq və stereotiplər onlar üçün əvvəlki qədər əhəmiyyət kəsb etmir. Sosial şəbəkələr, xarici seriallar və qərbdən gələn bəzi feminist yanaşmalar qadınların davranışlarına təsir göstərir. Bu təsirlərlə bəzən ailədəki kiçik problemlər böyüdülür və nəticədə boşanma baş verir. Bu gün qadınlar ailə münaqişələrinə əvvəlki qədər dözümlü yanaşmır, daha çox şəxsi rahatlıqlarını önə çəkirlər. Qərbdən gələn feminist çağırışların təsiri ilə qadın və kişi arasında qarşıdurma yaradılır ki, bu da ailələrin dağılmasına səbəb olur”.
Statistikaya əsasən, 2024-cü ildə Azərbaycanda 40 minə yaxın nikah bağlandığı halda, 21 min 384 boşanma qeydə alınıb. Sosioloq bu statistikada iki yeni tendensiyaya diqqət çəkib:
“İlk olaraq deyim ki, əvvəllər uşaqlı ailələrdə boşanma az idi, indi isə əksinə, uşaqlı ailələr daha çox boşanır. Eyni zamanda 50 yaşdan yuxarı insanlar arasında boşanmaların sayı artıb ki, buna “boz boşanmalar” deyilir. Boşanmalara səbəb olan amillər sırasında xəyanət, emosional və maddi uyğunsuzluq, məişət zorakılığı və eqoist həyat tərzi xüsusi yer tutur. Digər bir məsələ isə aliment mövzusudur. Bəzən qadınlar alimentdən hüquqi fürsət kimi istifadə edirlər. Aliment uşağın inkişafı üçün nəzərdə tutulsa da, bəzi hallarda bu məsələ şəxsi maraqlarla sui-istifadə edilir”.
Ü. Şəfiyev bildirir ki, alimentin məqsədi uşağın inkişafı və yaşayışı üçün maddi təminat yaratmaqdır: “Alimentin məbləği uşağın yaşayış minimumuna uyğun olaraq hesablanır. Hazırda Azərbaycanda 1 uşaq üçün minimum aliment məbləği təxminən 246 manat civarındadır.
Bu vəsait uşağın ehtiyacları üçün nəzərdə tutulub və yalnız anaya deyil, uşağın yanında olan valideynə ödənilir. Bəzi hallarda bu valideyn ata da ola bilər. Əgər valideyn alimenti ödəməkdən yayınarsa, qanunvericilik buna qarşı tədbirlər nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinə əsasən, alimenti ödəməyən şəxsə qarşı inzibati cəza tədbirləri tətbiq edilir. Əgər bu cəza kifayət etməzsə, məsələ Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə həll olunur və həmin şəxs barəsində cinayət işi başlana bilər”.
Bununla yanaşı, Şəfiyev Aliment Fondunun yaradılmasının vacibliyini vurğulayıb:
“İşsiz və gəliri olmayan valideynlər üçün dövlət tərəfindən Aliment Fondu yaradılmalı, bu vəsait müvəqqəti olaraq oradan ödənilməlidir. Valideyn işlə təmin olunduqdan sonra həmin məbləğ əmək haqqından tutulub fonda qaytarılmalıdır. Aliment ödəyə bilməyən valideynlərin əvəzinə bu fond vasitəsilə ödəniş həyata keçirilsin. Daha sonra həmin valideyn işləməyə başladıqda maaşından həmin məbləğ çıxılsın”.
Sosioloq həmçinin qeyd edir ki, boşanmalardan sonra uşağın anada qalması vəziyyəti ilə bağlı da nəzarət gücləndirilməlidir: “Ana yüngül həyat tərzi sürürsə və bu, uşağa zərər verirsə, uşaq sosial xidmət müəssisəsinə və ya ataya verilməlidir. Boşandıqdan sonra uşağın taleyinə nəzarət vacibdir.
Boşanma halları baş verməzdən əvvəl sosial və psixoloji dəstək tədbirləri görülməli, ailələrə dəstək verilməlidir:
“Münaqişəli ailələr erkən mərhələdə qeydiyyata alınmalı, onlarla iş aparılmalıdır ki, boşanma son çıxış yolu olması üçün işlər görülməlidir”.
Sultan Məmmədli
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ