Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan hazırda Azərbaycanda həbsdə olan Qarabağdakı separatçı qurumun keçmiş rəhbərlərinin xanımlarına dəstək mesajı göndərib.
Musavat.com xəbər verir ki, Akopyan sosial şəbəkədə yazdığı açıqlamada həmin ailələrin üzləşdiyi psixoloji yükə diqqət çəkib.
Onun sözlərinə görə, ictimaiyyət və siyasi dairələr tərəfindən bu şəxslərin “qəhrəmanlaşdırılması” nəticəsində yaranan emosional yük ən çox məhz ailələrin üzərinə düşür.
Akopyan xüsusilə Samvel Karapetyanın həyat yoldaşı və qızına dəstək ifadə edərək bildirib:
“Ər həbsdə olanda, ona ‘qəhrəmanlıq’ payı verildiyi vaxtda ən ağır əzabı həyat yoldaşı çəkir. Qızların atasına bağlılığı da hamıya məlumdur”.
Akopyan həmçinin digər keçmiş separatçı rəhbərlərin - Ruben Vardanyan, Bako Saakyan və Araik Arutyunyanın həyat yoldaşlarına da öz dəstəyini çatdırdığını qeyd edib. Onun sözlərinə görə, həmin qadınlar hazırda həm ailə daxilində, həm də cəmiyyət qarşısında çətin bir dövr yaşayırlar.
Akopyan paylaşımında Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyanın adını da çəkib və onun daxili siyasi mübahisələr fonunda təhqirlərə məruz qaldığını bildirib. O, Tovmasyanın uzun müddətdir kobud və aqressiv davranışlarla üzləşdiyini deyib və buna görə də ona mənəvi dəstək ifadə edib.
Qeyd edək ki, adı çəkilən şəxslər Qarabağda fəaliyyət göstərmiş qeyri-qanuni separatçı rejimin rəhbər heyətinə daxil olmuş və Azərbaycan Respublikasının suverenliyinə qarşı yönəlmiş hərəkətlərə görə məsuliyyətə cəlb olunublar.
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ