İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-İran münasibətlərində davam edən normallaşma – edam olunan terrorçu - ŞƏRH

Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə terror hücumu etmiş İslam Respublikası vətəndaşı Yasin Hüseynzadə edam olunub. Məlumata görə, hökm aşağı instansiya məhkəməsinin qərarını Ali Məhkəmə təsdiqləyəndən sonra icra olunub.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30-da Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Terror hadisəsi baş verəndən dərhal sonra Prezident İlham Əliyev səfirliyin fəaliyyətinin dayandırılması, diplomatların geri çağırılması ilə bağlı tapşırıq vermişdi. Məsələ ilə əlaqədar Azərbaycanın prinsipial mövqeyini açıqlamışdı.

Rəsmi Bakı cinayətkarın həbs olunması və cəzalandırılmasını tələb etmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyi həmin il yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edərək diplomatik missiyanın fəaliyyətini dayandırıb. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı.

Tərəflər üçün arzuedilməz, faciəli hadisə Bakı ilə Tehran arasında münasibətlərin yaxşılaşmasına, aydınlaşmasına, əməkdaşlığın inkişafına müəyyən mənada təkan verdi. İranda anti-Azərbaycan ünsürlərin ifşasına yardım etdi.

Hakimiyyətin yüksək səviyyəsində bu terror hücumu pisləndi.

İranın ovaxtkı, 2024-cü il mayın 19-da helikopter qəzası nəticəsində həlak olmuş prezidenti İbrahim Rəisinin Prezident İlham Əliyevə başsağlığı verməsi bunu təsdiqləyir. Yanvarın 28-də telefon danışığında hadisə ilə əlaqədar İran dövləti və xalqı tərəfindən Azərbaycanın dövlət başçısına başsağlığı vermişdi.

O, bu hücumla bağlı aidiyyəti qurumlar tərəfindən hərtərəfli araşdırmaların aparılacağını vəd etməklə yanaşı, Azərbaycan xalqının və dövlətinin dərdinə şərik olduğunu vurğulamışdı. İbrahim Rəisi iki ölkə xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin qırılmaz mədəni, tarixi bağlar üzərində qurulduğunu bildirərək, bəyan edib ki, İran və Azərbaycan aralarındakı münasibətlərin iki xalqın bədxahlarının təsiri altına düşməsinə imkan verməyəcək.

Prezident İlham Əliyev telefon danışığında İbrahim Rəisiyə ölkəsinin hökumətinə və xalqının dərdinə şərik olduğuna, başsağlığına görə təşəkkür edib: “Bu, gözlənilməz cinayət idi, lakin iki ölkənin bununla əlaqədar əməkdaşlığı elə olmalıdır ki, heç kim bu cür hadisələri bəhanə edib iki ölkə arasında dostluq münasibətlərini poza bilməsin”.

İranın sonradan helikopter qəzasında həlak olmuş ovaxtki xarici işlər naziri Hüseyn Əmir Abdullahian səfirliyin yaralı işçisini ziyarət etmişdi.

İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.

Səfirliyə terror hücumu İran hakimiyyətinin Azərbaycan ilə münasibətin, əməkdaşlığın önəmini də göstərdi. Düzdür, bu hadisədən öncə Tehranın ayrı-ayrı rəsmiləri torpaqlar işğal altında olan dövrdə münasibətlərə ziyan vuran amillərin aradan qaldırılması istiqamətində məhsuldar və səmərəli çalışmışdı.

İranın 13-cü hökumətinin başçısı Prezident İbrahim Rəisinin həyata keçirdiyi müsəlman və qonşu ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirmək prinsipi Azərbaycanla münasibətlər də öz faydasının verirdi.

2024-cü il mayın 19-da Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı olub. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılmışdı.

Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.

Prezident İlham Əliyev qovşaqlarının açılış mərasimində çıxışı zamanı bildirmişdi: “Bu gün keçirilən mərasim dostluğumuzun növbəti təzahürüdür. Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var”.

Dövlət başçısı İranın hökumət başçısı ilə sərhəddəki görüşü də yüksək qiymətləndirərək demişdi: “Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir”.

Prezident Seyid İbrahim Rəisi də mərasimdəki çıxışında Azərbaycanla İranın bir-biri üçün əhəmiyyətindən, xalqların yaxınlığından bəhs edərək bildirmişdi: “Bu layihə, eyni zamanda, regionda iki ölkənin siyasi və əməkdaşlıq iradəsinin göstəricisidir. Bu layihə çox böyük önəm kəsb edir və təbii ki, iki ölkənin xalqları arasında çox böyük ümid, eyni zamanda, düşmənlər üçün isə qısqanclıq yaradır.

Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. Xüsusilə Ali Rəhbərin (ayətullah Seyid Əli Xaməneini nəzərdə tutur- red.) bildirdiyi kimi, İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür”.

Azərbaycanla İran bir-biri üçün sıradan bir qonşu dövlət deyil. Bu fərqli bir qohumluq və qonşuluqdur. Bu münasibəti İranın başqa qonşuları müqayisə etmək məntiqsizlik olardı.

İki ölkə arasında bu üstünlüyün reallaşmasını istəməyənlər Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun reallaşmasına yardım edib, dəstəkləyiblər.

İranda Azərbaycan səfirliyinə qarşı terror törətmiş cinayətkarla bağlı məhkəmə qərarının icra edilməsi Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin ədalətin bərpa olunması istiqamətində nümayiş etdirdiyi qəti və prinsipial mövqeyin yekunudur.

Aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında İlham Əliyev bu hadisə ilə bağlı məsələyə qəti münasibətini açıqlamışdı: “Bu, bizim münasibətlərə kölgə salır. Biz ümid edirik ki, İranın yeni hökuməti əvvəlki hökumətin vədlərini yerinə yetirəcək. Təkcə bu terror hadisəsini törədən şəxs deyil, onun arxasında dayananlar, onu Azərbaycan səfirliyinə göndərənlər də məsuliyyətə cəlb olunacaq. Bununla yanaşı, yeni administrasiya ilə bizim işgüzar əlaqələrimiz var, onlardan gözləntimiz bu məsələni həll etməkdir”.

Dövlət başçısı forumdakı çıxışında İranla normallaşma prosesi üçün şərtini də açıqlamışdı: “İki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən, onu təşkil edən və bu hadisənin arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır”.

Bu baxımdan məlum hadisə əlaqədar hökmün icrası Azərbaycan dövlətinin öz vətəndaşının yerləşdiyi ölkədən asılı olmayaraq, yanında olduğunu, onun hüquqlarını müdafiə etdiyini isbatlayır.

Hökmün yerinə yetirilməsi Azərbaycan dövlətinin, onun rəhbərinin qətiyyətini, prinsipiallığını təsdiqidir.

Yeri gəlmişkən, rəsmi Bakı bu mövqeyi torpaqları işğal altında olduğu 30 ilə yaxın müddət ərzində nümayiş etdirib. Beynəlxalq ictimaiyyət də buna şahiddir. Azərbaycanın bu haqlı mövqeyini İran da müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatında da müdafiə edib.

Azərbaycan bu qətiyyəti nəticəsində torpaqlarını işğaldan azad etdi. Günahsız azərbaycanlıların qanı yerdə qalmadı, qisasları alındı. Azərbaycan dövləti öz haqlı mövqeyini ortaya qoyması ilə ədalət qalib gəldi.

Rəsmi Bakı ilə Tehran arasında münasibətlər son zamanlar xeyli istiləşib. İran Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevlə mətbuata bəyanatla çıxış zamanı demişdi: “Əziz qardaşıma qonaqpərvərliyə görə bir daha böyük minnətdarlığımı bildirirəm. Ölkəmizdə bəzi hadisələr baş verdiyinə görə burada əlavə müddətə qala bilmirəm. Lakin çox vaxt keçməyəcək ki, dostumla yenidən görüşəcəyik. Çalışacağam ki, Azərbaycanda növbəti dəfə daha çox qalım və burada olanda heç zaman özümüzü yad ölkədəki kimi hiss etmirəm. Elə bil ki, sanki Təbrizdəyəm, Ərdəbildəyəm”.

Bakıya səfərinin bir gün əvvəl İranın Xuzistan əyalətində Şəhid Rəcai limanında partlayış baş vermişdi. Bu faciəli hadisə nəticəsində yüzdən çox insan ölmüş, çoxlu sayda insan xəsarət almışdı. Belə bir şəraitdə Prezident Məsud Pezeşkian səfəri təxirə salmamışdı. Bu Azərbaycana, bu ziyarətə verilən əhəmiyyətin göstəricisi də sayılır.

Dövlət başçısının mətbuata açıqlamasında vurğuladığı məsələ rəsmi Bakının Tehrandan gözləntiləri kimi də dəyərləndirmək olar: “Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək”.

Prezident İlham Əliyevin vurğuladığı “Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq” açıqlaması iki ölkənin əməkdaşlığının inkişafına ümidləri artırır.

Məsud Pezeşkian açıqlamasında gələcək üçün bütün sahələrdə geniş, əhatəli və planların olmasını istəmişdi: “Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik”.

O, Azərbaycanla bütün sahələrdə əməkdaşlıq edə biləcəklərini vurğulayaraq demişdi: “Elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun. Bunun üçün yolları birləşdirək, maliyyə, ticarət əlaqələrimizi düzəldək, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərini yaradaq. Bütün bunları qarşılıqlı dəstək sayəsində həyata keçirək”.

Məsud Pezeşkian iki ölkə arasında birləşdirici çoxsaylı amillərin, o cümlədən ailə, qohumlu əlaqələrin olduğunu qeyd edərək demişdi: “Bu, elə bir məsələdir ki, heç kəs bunları poza bilməz”.

Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrana səfəri və “Tehran Dialoq-2025” Forumunda iştirakı orada İslam Respublikası rəsmiləri ilə keçirdiyi görüşlər ölkələr arasında iqtisadi əməkdaşlığın davam etdirməsinin, əlaqələrin gücləndirilməsinin vacibiyini vurğulayıb.

Bu səfər Azərbaycan-İran münasibətlərinin normallaşması istiqamətində hər iki tərəfdən yürüdülən siyasətin uğurla davam etməsi üçün yeni bir fürsət olaraq dəyərləndirilə bilər.

Mayın 20-də isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İrandan cəlb olunan heyətin iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi tərəflər arasında hərbi əməkdaşlığa da nümunə sayılır.

Beləliklə, Azərbaycanla İran arasında arzu edilməyən qüvvələrin vurduqları düyünlər açılır. Bu hal iki ölkə münasibətlərinin inkişafına nikbinlik yaradır.

Sədrəddin İsmayılov,
Report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR