İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Suriya qaz sazişi: Geosiyasi cəsarət, yoxsa iqtisadi risk?

“SOCAR ilə Suriya hökuməti arasında imzalanan qaz ixracı sazişi Azərbaycanın Yaxın Şərqdə enerji siyasətində yeni bir mərhələ ola bilər. Bu addım Azərbaycanın enerji diplomatiyasında coğrafi və geosiyasi şaxələnməni genişləndirmək niyyətinin göstəricisidir”.

Musavat.com xəbər verir ki, bunu iqtisadçı Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, saziş həm strateji baxımdan, həm də iqtisadi məqsədlərlə əhəmiyyət daşıyır: “Lakin fikrimcə, bu əməkdaşlığın həm üstünlükləri, həm də ciddi riskləri mövcuddur. İlk olaraq bu əməkdaşlığın üstünlüklər barədə qeyd edim. Suriya ilə qaz ixracı sazişi SOCAR-a və ümumilikdə Azərbaycana Yaxın Şərqdə yeni enerji bazarına çıxış imkanı verir. Bu, Azərbaycan qazının Avropa bazarından kənarda da rəqabət qabiliyyətini artırır. Bu əməkdaşlıq, Azərbaycanın Yaxın Şərq ölkələri ilə enerji sahəsində əməkdaşlıq qurmaq niyyətini gücləndirir. Eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunu və siyasi çəkisini artırmaq potensialı var. Əgər ixrac real və davamlı şəkildə həyata keçirilərsə, bu Azərbaycan üçün əlavə valyuta gəliri, SOCAR üçün isə yeni kommersiya imkanları deməkdir. Azərbaycan İran, Türkiyə, Səudiyyə Ərəbistanı və BƏƏ kimi region ölkələri ilə əlaqələrini balanslaşdırmaq üçün Suriyada mövcudluğunu bir kart kimi istifadə edə bilər”.

Risklər barədə qeyd edən iqtisadçı əlavə edib ki, Suriya hələ də tam sabitlik əldə etməyib: “Müharibə sonrası iqtisadi infrastrukturun zəifliyi, təhlükəsizlik riski və beynəlxalq sanksiyalar bu əməkdaşlığın uğurla icrasını sual altına alır. Eləcə də, ABŞ və Avropa İttifaqı Suriya ilə iqtisadi əməkdaşlıq edən ölkə və şirkətlərə qarşı sanksiyalar tətbiq edə bilər. SOCAR üçün bu, reputasiya və hüquqi risklər yarada bilər.

Azərbaycan qazının Suriyaya çatdırılması üçün mövcud infrastrukturun yetərli olmaması və ya bölgədəki boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı problemlər mövcuddur. Suriya hazırda əsasən İran və Rusiya ilə enerji sahəsində əməkdaşlıq edir. Azərbaycanın bu bazara daxil olması həmin ölkələrdə narahatlıq doğura bilər və regional siyasi gərginliyi artıra bilər.

Lakin nəticə etibarı ilə bu sazişi Azərbaycanın Yaxın Şərqdə enerji siyasətində yeni bir yol kimi qiymətləndirmək olar. Lakin bu yol nə qədər strateji olaraq ağıllı və iqtisadi cəhətdən səmərəli olacaq, bu, sazişin icrasından və regional siyasi dinamikalardan asılı olacaq. Azərbaycan bu prosesdə praqmatik və çevik yanaşma nümayiş etdirməli, həm iqtisadi faydanı, həm də siyasi riskləri diqqətlə hesablamalıdır”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR