İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın ərazi bütövlüyü həm regionda, həm də beynəlxalq miqyasda tanınır və dəstəklənir-komitə sədri

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentdəki müzakirələr zamanı çıxış edib.

Musavat.com-un məlumatına görə, komitə sədri bildirib ki, Azərbaycanın təşəbbüsü ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin Xankəndidə bir araya gəlməsi yalnız bir beynəlxalq tədbir deyil – bu, eyni zamanda Cənubi Qafqazın geosiyasi reallıqlarında dönüş nöqtəsi kimi qiymətləndirilə bilər: “Bu hadisə yalnız diplomatik deyil, həm də ideoloji və təhlükəsizlik baxımından Azərbaycanın yeni bir "Zəfər mərhələsi"nə keçdiyini simvolizə edir. Şübhəsiz ki, bu zirvə görüşü Azərbaycanın bütün ərazisində – o cümlədən Xankəndidə – suverenliyinin tam bərpa olunmasının parlaq nümunəsidir. Bu, artıq dönməz bir məsələdir. Təsadüfi deyil ki, tədbirin məhz Xankəndidə keçirilməsi həm siyasi, ideoloji, həm də regional və beynəlxalq səviyyədə yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl islahatlar və Azərbaycanın daxili-xarici siyasətinin müstəqil və prinsipial olması bu nəticəni şərtləndirən əsas amillərdəndir. Xankəndidə baş tutan bu tədbir dünya ictimaiyyətinə açıq və birmənalı mesaj verdi – Qarabağ Azərbaycandır! Bu tezis artıq yalnız siyasi bəyanat deyil, faktiki bir reallığa çevrilib”.

A.Nağıyev qeyd etdi ki, eyni zamanda, bu görüş Azərbaycanın təhlükəsizlik və idarəetmə baxımından bölgədə tam nəzarətə malik olduğunu göstərdi: “Bütün inzibati və təhlükəsizlik strukturları Bakıdan koordinasiya olunur. Dinc quruculuq prosesi davam edir və bu fonda yüksək səviyyəli beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın bölgədə təhlükəsizliyi təmin edə bilən sabit və güclü dövlət olduğunu bir daha nümayiş etdirdi”.
Komitə sədri bildirdi ki, bu tədbir Azərbaycanın sülh və əməkdaşlıq çağırışlarına verilən beynəlxalq cavabdır: “İƏT üzv dövlətlərinin nümayəndələri, o cümlədən prezidentlər, baş nazirlər və digər yüksək səviyyəli rəsmilər bu görüşdə iştirak etməklə, Azərbaycanın mövqeyini dəstəklədiklərini nümayiş etdirdilər. bu, sabitliyin təmin olunmasına verilən siyasi dəstək, Azərbaycanın bölgədə lider mövqeyinin tanınmasıdır.

Digər tərəfdən, tədbir həm də iqtisadi perspektiv baxımından böyük önəm daşıyır. Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni iqtisadi model, qeyri-neft sektoruna diqqət və alternativ enerji sahəsində atılan addımlar beynəlxalq ictimaiyyətə nümunə kimi təqdim olunur. Türk Dövlətləri Təşkilatı, İƏT, Qoşulmama Hərəkatı kimi nüfuzlu strukturların burada iştirakı Azərbaycanın diplomatik çəkisinin göstəricisidir.

Bu tədbir faktiki olaraq göstərdi ki, artıq “status” məsələsi tarixə qovuşub. Ermənistanın illərdir irəli sürdüyü iddialar beynəlxalq hüquq çərçivəsində cavabını tapdı. Azərbaycanın ərazi bütövlüyü həm regionda, həm də beynəlxalq miqyasda tanınır və dəstəklənir. Bu gün Xankəndidə keçirilən belə tədbirlər sübut edir ki, Azərbaycan bu bölgədə təkcə hərbi və inzibati deyil, həm də ideoloji və hüquqi qələbə qazanıb. Bu, sadəcə bir tədbir deyil – bu, Azərbaycanın müstəqil siyasətini, beynəlxalq əlaqələrdə fəallığını və vasitəçilik imkanlarını ortaya qoyan vacib addımdır. Azərbaycan artıq sübut etdi ki, sülh, yenidənqurma və regional əməkdaşlıq üçün etibarlı tərəfdaşdır. Gələcəkdə də ölkəmizin belə tədbirlərə ev sahibliyi etməsi və qlobal siyasətə töhfə verməsi tamamilə mümkündür və realdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR