Onlayn ictimai-siyasi qəzet
Rusiya Güney Qafqazda özünün imperiya maraqlarını və əvvəlki mövqeyini təmin etmək üçün belə görünür, son resurs və təzyiq alətlərini işə salıb. Söhbət öncəliklə Ermənistandan gedir. Çünki regionda Moskvanın yeganə legitim hərbi bazası qonşu ölkədə, əsasən də Gümrüdə yerləşir.
Bu arada Rusiyaya aid növbəti hərbi yük təyyarəsi Ermənistana enib (Bakupost.az). Bu, son 10 gündə Rusiyadan 12-ci reysdir. Onların 10-u Gümrüyə, 2-si isə İrəvana edilib. Maraqlıdır ki, Kreml mövzuya münasibət bildirməkdən çəkinib. “Biz belə xəbərləri şərh etmirik. Məsələ barədə Müdafiə Nazirliyinə müraciət etməyiniz məsləhətdir”, - rəsmi reaksiyada vurğulanır.
“Yeni Müsavat” xatırladır ki, bir qədər öncə Ukrayna kəşfiyyatı Rusiyanın Gümrüdəki hərbi qüvvələrinin sayını artırdığı haqda sensasion məlumat yaymışdı. Qeyd edilirdi ki, əsas hədəf Ermənistanda daxili vəziyyəti qarışdırmaq (çevriliş üçün zəmin hazırlamaq), bu fonda Azərbaycana qarşı hərbi təxribat hazırlamaqdır. Rəsmi İrəvan isə dərhal bəyan eləmişdi ki, Ermənistan öz ərazisindən üçüncü dövlətə qarşı hücuma heç bir halda izn verməyəcək.
Məlumdur ki, Rusiya Ermənistanda özünə bağlı oliqarx-milyarder, hakimiyyətə zorla dəyişməyə çağırış edən və kilsəyə açıq dəstək verən, Azərbaycanın axtarışa verdiyi Samvel Karapetyanın, ardınca çevriliş cəhdində suçlanan, Rusiyaya bağlı digər bir sıra ictimai-siyasi fiqurların və din xadimlərinin həbsindən məmnun deyil. Kreml özünün bir sıra yüksək rütbəli məmurlarının dilindən Rusiya orbitindən uzaqlaşmağa çalışan Nikol Paşinyan hökumətini üstüörtülü şəkildə hədələyib də.
Baş verənlərin, o sırada Rusiyadan müəmmalı uçuşların həm də Əbu-Dabi görüşündən bir neçə gün sonraya təsadüf eləməsi ilə diqqət çəkir. Son gəlişmələr nədən xəbər verir? Kreml Paşinyan hakimiyyətinə qarşı çevriliş ssenarisini işə salıb? Hədəf həm də sülh sənədinin imzalanmasını əngəlləməkdirmi?
Bu da maraqlıdır ki, yaşananların fonunda ötən həftəsonu Gorusda hakim “Mülki müqavilə” Partiyasının siyasi toplantısı keçirilib. Partiyanın 200-ə yaxın üzvü toplantıda iştirak edib. Şəhərdə polis yüksək hazırlıq vəziyyətinə gətirilib. Bəs niyə iclas məhz İrəvanda yox, Gorusda reallaşıb?
Bunu da qeyd edək ki, erməni cəmiyyəti Paşinyan iqtidarı tərəfindən Rusiyaya bağlı şəxslərin, o sırada keşişlərin həbsinə hələ ki neytral, sakit münasibət bəsləyir. Erməni mediasının yazdığına görə, əhalinin təxminən 60-70 faizi heç bir siyasi qüvvəyə inanmır. Bunu sorğular da sübut edir. Bu o deməkdirmi ki, Ermənistanda çevriliş cəhdləri iflasa məhkumdur?
Yeri gəlmişkən, Ermənistan məhkəməsi tərəfindən konstitusiya quruluşunu devirməyə çağırış ittihamı ilə həbs edilən rusiyalı iş adamı Samvel Karapetyan siyasi partiya yaratmaq niyyətini açıqlayıb. Karapetyanın mətbuat xidməti məlumat yayıb.
Ümumiyyətlə, Kremlin ssenarisi ilə Ermənistanda çevriliş cəhdləri göstərilərkən, Rusiya hərbi bazasından “sülhməramlı qüvvə” kimi istifadə etməyə cəhd göstərəcəyi istisna deyil. Bu baxımdan, Kremlin nə Ermənistandan, nə də, ümumiyyətlə, Cənubi Qafqaz regionundan asanlıqla əl çəkəcəyinə inanmaq sadəlövhlük olardı...
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda rəsmi İrəvanın üçüncü dövlətlərin Ermənistan ərazisindən digər ölkələrə qarşı hərbi əməliyyat üçün istifadə olunması ehtimalını rədd etdiyi bildirilib: “Bu bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana üstüörtülü mesajını oxumaq olar. Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına yeni müqaviləli hərbçilərin cəlb olunması barədə yayılan məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini söyləmək çətindir. Məsələ burasındadır ki, bu məlumatlar Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda yayımlanıb. Yəni belə bir təsəvvür yarana bilər ki, Kreml Gümrüdəki hərbi bazanı Azərbaycan əleyhinə gücləndirib. Əgər Rusiya Gümrüdəki hərbi bazasını gücləndirirsə, bu, Azərbaycan üçün deyil, Ermənistan hökuməti və şəxsən baş nazir Nikol Paşinyan üçün təhlükəlidir. Çünki Moskvadakı dairələr Ermənistanın radikal müxalifəti, kilsə və Rusiyadakı erməni işadamlarının vasitəsilə Nikol Paşinyana təzyiqi artırıblar”.
Analitikə görə, Paşinyan ona qarşı çevriliş hazırlandığı iddiasındadır: “Belə vəziyyətdə Rusiya Gümrüdəki hərbi bazasını gücləndirirsə, bu, Nikol Paşinyana qarşı yönəlib. Ancaq Paşinyan diqqəti özündən yayındırmaq üçün Xarici İşlər Nazirliyi vasitəsilə belə bir mətn yayımlayıb ki, guya Gümrüdəki Rusiya bazasının gücləndirilməsi Azərbaycan əleyhinədir və belə olan halda o, həmin bazadan Azərbaycana qarşı istifadə edilməsinə imkan verməyəcək. Birincisi, Kreml Gümrüdə nəsə planlaşdırırsa, onu Nikol Paşinyanla bölüşməyəcək, ikincisi, Azərbaycan hədəfdirsə, bu, birbaşa Rusiyanın əleyhinə işləyəcək, Kreml həm Cənubi Qafqazı, həm də Türkiyəni itirəcək”.
Ramiyə Məmmədova
Siyasi təhlilçi Ramiyə Məmmədovanın qənaətinə görə, Paşinyan əks-inqilab etməkdədir: “Ermənistan hakimiyyətinə qarşı iki variant qalıb: hərbi çevriliş və sui-qəsd. Rusiya iki addımdan birini edə bilər. Ancaq hələlik mümkün deyil. İlk növbədə ABŞ səfirliyinin iki minlik korpusu onu qoruyur, yəni kəşfiyyat Ermənistana yerləşib. İkincisi, Avropa Birliyi də müşahidə missiyası adı ilə bu ölkədə kəşfiyyat fəaliyyəti göstərir. Düzdür, hakimiyyət nümayəndələri 1999-cu il hadisələrinin təkrarlanmasını istisna etmirlər. Fəqət Paşinyan vaxtında tərpənib addımlar atır. Ona görə Rusiya Gümrüyə əlavə qüvvələr göndərməklə fors-major vəziyyətə, "X" gününə hazırlaşır. Belə desək, ilk fürsətdə rus ordusu kamfulyaj olaraq hərbi çevrilişdə erməni ordusunun sıralarında iştirak edə bilər. Hazırda bu versiyalar konspiroloji proqnozlar kimi görünə bilər, intəhası, Rusiyanın hakimiyyət dəyişikliyi üçün təzyiq rıçaqları azalır".
Ekspert iqtisadi basqıların da daxildə böyük çalxalanma və sosial partlayış yaradacağını gözləmir: “Çünki Paşinyan hökuməti müəyyən sosial proqramlar qəbul edir. Ən mühüm detal isə Qərbdən yardımın olmasıdır. Bu, çox olmaya bilər, ancaq Avropa Birliyi ilə ticarət dövriyyəsi artmaqdadır. Üstəlik, Rusiyanın sanksiyalardan yayınmasına da Ermənistan kömək edir. Bu baxımdan, Moskva-İrəvan əlaqələri ziddiyyətlidir. Bunu Rusiya rəsmiləri də qeyd edirlər. Zənnimcə, Kreml tələsmir, amma əlverişli şəraitə indidən hazırlıq görür ki, bunu da Gümrüyə yeni qüvvələr göndərməklə müşayiət edir”.
Məhəmməd Əsədullazadə
Siyasi ekspert Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya Azərbaycanla Ermənistan arasında normallaşma və yekun sülh müqaviləsinin qarşısını almaq üçün bütün ssenariləri nəzərdən keçirir. Onun fikrincə, Ermənistan hakimiyyətinin təhlükəsizliyinin təmini bu gün ən aktual məsələdir. Onun sözlərinə görə, ABŞ Ukraynaya 500 milyon silah yardımını təsdiq edib və Tramp yaxın günlərdə Rusiyanı ciddi mənfi nəticələr gözləyəcəyini mesajını verdi: “Yəni Rusiyanı Ukrayna cəbhəsində ağır itkilər gözləyir. Ukraynada çətin duruma düşən Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmağı çətinləşəcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ