Onlayn ictimai-siyasi qəzet
“Google”da ən çox axtarılan suallar əslində cəmiyyətin gündəmini, problemlərini və ümidlərini ortaya qoyur...
İnternet artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Xüsusilə “Google” axtarış sistemi Azərbaycan cəmiyyətinin gündəlik suallarını, maraq dairələrini, qorxularını və hətta arzularını ortaya çıxaran güclü bir vasitədir.
Bəs azərbaycanlılar ən çox nəyi axtarır? Hər gün milyonlarla istifadəçinin daxil olduğu Google-da hansı suallar, hansı mövzular populyarlıq qazanır?
Azərbaycanlılar üçün hava şəraiti gündəlik planların qurulmasında önəmli yer tutur. Xüsusilə Bakıda güclü küləklər, bölgələrdə isə dəyişkən iqlim şəraiti hava proqnozlarına olan marağı artırır. “Sabah yağış yağacaq?”, “Bakıda bu gün külək olacaqmı?” kimi suallar Google-da hər gün yüzlərlə dəfə axtarılır.
İqtisadi qeyri-sabitlik və alıcılıq qabiliyyətinə olan təsirlər səbəbilə azərbaycanlıların ən çox axtardığı mövzulardan biri də dollar və digər valyutaların məzənnəsidir. “Dollar bu gün neçəyədir?”, “Manatın məzənnəsi Mərkəzi Bankda” kimi suallar Google axtarışında ön sıralardadır.
Özəlliklə pandemiyadan sonra sağlamlıq mövzuları az qala hər evdə əsas müzakirə mövzusuna çevrildi. “Koronavirus əlamətləri”, “qrip və soyuqdəymə fərqi”, “mədə ağrısının səbəbləri” kimi suallar Google-da sıx-sıx axtarılır. Özünü həkimə getmədən müayinə etmək istəyənlərin sayı xeyli çoxdur. İnsanlar həkimə getmədən problemin səbəbini internetdə axtarır.
Son illər işsizlik, iqtisadi çətinliklər və sosial media platformalarının yüksəlişi ilə birlikdə insanlar internetdən gəlir əldə etməyin yollarını axtarır. “Evdə oturaraq necə pul qazanmaq olar?”, ""YouTube-dan necə pul çıxartmaq olar?", “TikTok-la qazanc” kimi açar sözlər trenddədir. Azərbaycanlı istifadəçilərin çox kiçik hissəsi bu yolla pul qazana bilir. Məsələn, YouTube-un reklamdan gəlir alqoritmi ölkələrə görə dəyişir. İstifadəçi sayı, reklam büdcələri, region, ölkə reytinqi və s.
Xaricə köçmək istəyənlərin sayı az deyil. “Almaniyaya necə köçmək olar?”, “Kanada miqrasiya şərtləri”, “Türkiyədə yaşamaq üçün nə etmək lazımdır?” kimi suallar təkcə gənclər deyil, müxtəlif yaş qruplarından olan insanlar tərəfindən axtarılır. Bu da yaşam standartları, sosial vəziyyətin hansı səviyyədə olmasından asılıdır.
Azərbaycanda dini və rəsmi bayramlarla bağlı axtarışlar da önəmli yer tutur. “Ramazan bayramı nə vaxtdır?”, “Novruzda neçə gün tətil olacaq?”, “Qurban kəsilmə qaydaları” kimi suallar bayram ərəfəsində kəskin şəkildə artır.
Azərbaycanlılar siyasətlə yaxından maraqlanırlar. Məşhur şəxslərin həbsi, məmur qalmaqalları və siyasi proseslərə dair xəbərlər axtarışları artırır. “Nazir niyə həbs olundu?”, “Bu adamın günahı nə idi?”, “Cinayət işi necə başladı?” sualları Google-da trend olur.
Toy mövsümündə insanlar “ən yaxşı toy mahnıları”, “rəqs musiqiləri”, “yeni mahnılar 2025" kimi axtarışlar edirlər. Eyni zamanda məşhur ifaçıların adları, sözləri və musiqi yükləmə ilə bağlı suallar da artmaqdadır. Bu mövzuda axtarış hər zaman ilk 10-a daxil olub və olur.
Yeni çıxan məşhurlar, TikTok fenomenləri, siyasətçilər və jurnalistlər - insanlar daim “o kimdir?”, “neçə yaşı var?”, “haradandır?” kimi suallarla tanınmış şəxslərin kimliyini axtarırlar. Bu sualların ardında həm maraq, həm də bəzən tənqid dayanır.
Azərbaycanlıların Google-da ən çox axtardığı suallar əslində cəmiyyətin gündəmini, problemlərini və ümidlərini bir növ ortaya qoyur. Bu sorğular, sadəcə, texniki maraq deyil, həm də psixoloji və sosial əks-səda daşıyır.
Google axtarışları sayəsində xalqın nə düşündüyünü, nə istədiyini və nə üçün narahat olduğunu anlamaq mümkündür.
Üzeyir Şəfiyev
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sosioloq Üzeyir Şəfiyevin fikrincə, bütün bu axtarışlar təkcə azərbaycanlının deyil, ümumilikdə bəşəriyyətin şüuraltı qorxularını, ümidlərini və suallarını əks etdirir: “İnsanlar Google-da nə axtarırsa, əslində onu düşünür, onu yaşamaq istəyir və ya ondan qorxur. Bu, təkcə lokal bir maraq deyil, qlobal bir tendensiyadır. Başqa sözlə, bu axtarış menyularında dünyanın ümumi narahat ruh halı gizlənir. Çünki dünyamız bu gün çox narahatdır.
Pandemiya, ardınca gələn fors-major hadisələr, ardıcıl iqtisadi böhranlar və iqlim dəyişiklikləri, sanki bütövlükdə planetin nəfəsini sıxır. Üstəlik, “idarə olunan xaos” dediyimiz anlayış da artıq bir çox beynəlxalq analitiklərin dilindədir. Qlobal güclərin geosiyasi oyunları, bəzən müharibələr, bəzən humanitar böhranlar, bəzən isə rəqəmsal müstəvidə baş verən informasiya manipulyasiyaları dünyanın hər yerində insanları psixoloji cəhətdən gərgin vəziyyətdə saxlayır.
Bu gün dünyada bir münaqişə bitməmiş digəri başlayır. Resurslar uğrunda döyüşlər, nəqliyyat və enerji dəhlizlərinə nəzarət, su ehtiyatları ilə bağlı çəkişmələr - bunların hamısı insanlığın ortaq gələcəyini sual altına salır.
Azərbaycan cəmiyyətində bu tipli axtarışların artması da təsadüfi deyil. Biz də bu narahat dünyanın narahat sakinlərindən biriyik. Dünyanın indi ən çox ehtiyac duyduğu şey hümanizm, paylaşım və rahatlıqdır. Təəssüf ki, əhali sayının artması ilə resursların azalması arasında yaranan uçurum bu ehtiyacı daha da dərinləşdirir. Beləliklə, bu gün dünyanın istənilən bölgəsində baş verən bir hadisə istər siyasi qərar, istər təbii fəlakət, istərsə də sosial partlayış, kəpənək effekti ilə planetin digər ucuna da təsir edir. Artıq lokal hadisə anlayışı köhnəlib. Dünya elə bir dövrə qədəm qoyub ki, ən kiçik dalğa belə qlobal rezonans doğura bilir".
Ekspert dedi ki, yəni bu gün azərbaycanlının yaşadığı narahatlıq, duyduğu qeyri-müəyyənlik, sabahla bağlı sualları təkcə milli reallıqla bağlı deyil: “Biz artıq dünya ilə birgə düşünür, birgə təlaş keçiririk. Azərbaycanın coğrafi sərhədləri informasiya axını qarşısında mənasızlaşıb. İndi hər bir Azərbaycan vətəndaşı həm də rəqəmsal dünyanın və qlobal informasiya cəmiyyətinin bir üzvüdür. Sürətlə irəliləyən rəqəmsal əsrdə bir xəbərin, bir tvitin, bir hadisənin saniyələr içində qitələri aşdığı bir zamanda yaşayırıq. Bu dövrdə "mənə aid deyil" deyə biləcəyimiz heç nə yoxdur. Ukraynadakı müharibə, Qəzza zolağındakı insanlıq dramı, Fransadakı iqlim etirazları, ABŞ-dakı iqtisadi qərarlar - hamısı bir şəkildə bizim də gündəlik həyatımıza sirayət edir.
Məhz bu səbəbdən Azərbaycan insanı da dünya insanı kimi narahatdır. Onun axtarışları, sualları, qorxuları və ümidləri artıq lokal çərçivəni aşır".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ