İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı 3+3 formatında görüşün İrəvanda keçirilməsinə necə yanaşır?

Xəbər verdiyimiz kimi, Ermənistan Xarici İşlər Nazirliyi növbəti “3+3” formatlı görüşün İrəvanda keçirilə biləcəyini açıqlayıb.

Bu barədə nazirlik rəsmi bəyanat yayıb. Əvvəlcə Ermənistan XİN-in müavini Vaan Kostanyan IRNA-ya verdiyi müsahibədə görüşün İrəvan və ya Bakı şəhərində keçirilə biləcəyini bildirmişdi.

Nazirlik qeyd edib ki, Ermənistan bu görüşə ev sahibliyi etməyə hazırdır və eyni mövqedə Azərbaycan da çıxış edib. Bəyanatda həmçinin vurğulanıb ki, görüşün tarixi və yeri barədə son qərar qəbul edilmədən əvvəl müzakirələr aparılmalıdır.

Ermənistanın bu təklifini necə qiymətləndirmək olar? Görüş istər Bakıda, istər İrəvanda keçirilsin, hər bir halda bu, sülh istiqamətində müsbət addım kimi də hesab edilə bilər?

elman.jpg (79 KB)

Milli Məclisin deputatı Elman Nəsirov Musavat.com-a bildirib ki, 3+3 formatında regional məsələlərin müzakirəsi və onun həlli yollarının tapılması ideyasının müəllifi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandır. Məqsəd isə ondan ibarətdir ki, regionu ən yaxşı bilən elə region dövlətləridir və buna görə də region dövlətləri bölgədə sülhün, təhlükəsizliyin təminatında hamıdan çox maraqlı olmalıdır:

“Bu məntiqlə də analoji təklif irəli sürülüb. İndi Ermənistan XİN-in açıqlaması o deməkdir ki, 3+3 formatında görüşün yeri və zamanı ilə bağlı müzakirələr gedir, hansı məsələlərin müzakirə ediləcəyi də ən çox müzakirə predmetinə çevrilən məqamdır.

Azərbaycanın mövqeyinə gəldikdə, bu formatda müzakirələrin aparılması təşəbbüsünün özü Azərbaycana məxsusdur. Sülh prosesinə, regionda sülhə, təhlükəsizliyə töhfə verəcək istənilən addımı dövlətimiz dəstəkləyir. Əgər 3+3 formatında aparılan danışıqlar nəticə etibarilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün yaşıl işıq yandırırsa, niyə də bu görüş keçirilməsin. Xüsusilə 8 avqustda Azərbaycan və Ermənistan rəhbərlərinin ABŞ prezidentinin vasitəçiliyi ilə əldə etdiyi razılaşmalar sülh gündəliyinə xeyli yeni imkanlar pəncərəsi açıb”.

Deputat hesab edir ki, 3+3 formatında görüşlərin istər Bakıda, istər İrəvanda baş tutacağı təqdirdə sülh prosesinin öz məntiqi sonluğa çatması ilə bağlı bir sıra məsələlər ciddi müzakirə oluna bilər:

“Xüsusilə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı prosesin sürətlənməsi məsələsi də müzakirə oluna bilər. Bunun üçün region dövlətlərinin də dəstəyi vacibdir”.

Xatırladaq ki, 3+3 formatı Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakını nəzərdə tutur. 

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR