Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişi mətnində maddələrdən biri də odur ki, tərəflər dözümsüzlük, irqi nifrət və ayrı-seçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər. Amma iki xalqın barışığı, düşmənçiliyin aradan qalxması problem olaraq qalmaqdadır.
Dövlətlər arasında yekun sülh müqaviləsi bağlansa belə, azərbaycanlılarla ermənilərin sülhü, barışığı real görünmür. Çünki ortada böyük nifrət, düşmənçilik var. Ermənilər tarix boyu soyqırımı, qətliamlar törədiblər.
Eynilə onlar da azərbaycanlılara qarşı nifrət aşılayır, türklərin onları genosidə məruz qoyduğunu iddia edir, antiterror əməliyyatından sonra isə guya ermənilərin Qarabağdan qovulduğunu car çəkirlər. O baxımdan iki xalq barışığa hazır görünmür. Halbuki “Tramp yolu” açılarsa, gediş-gəliş olacaq, habelə sülh mətnində diplomatik əlaqələrin qurulması yer alır.
Bəs xalqların barışığı olacaqmı, yoxsa ermənilərlə dinc, yanaşı və məsafəli qonşuluq daha yaxşıdır? Bu yöndə ziyalılar, hər iki tərəfdən elm, incəsənət adamları “xalq diplomatiyası”na başlaya bilərmi?
Xalq artisti Rasim Balayev “Yeni Müsavat”a açıqlamasında qeyd edib:
“Uzun müddət Azərbaycan və erməni xalqları arasında tam barışığın əldə olunması çətin görünür. Buna əsas səbəb Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi tarixi ədalətsizliklər, işğal, etnik təmizləmə və soyqırımı kimi ağır cinayətlərdir. Bu hadisələr nəticəsində yaranmış dərin yaralar və xalqımızın yaddaşında qalmış faciələr hələ də sağalmayıb. Ona görə də, qarşı tərəfin törətdiklərini unutmaq və onları bağışlamaq hazırkı mərhələdə mümkün deyil”.
Qulu Məhərrəmli
Teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli qeyd edib:
“Öncə onu vurğulamaq istərdim ki, Vaşinqton görüşü tərəflərin sülhə doğru can atmasının göstəricisidir. Həm Azərbaycan, həm də Ermənistan rəhbərliyinin siyasi iradə nümayiş etdirərək sülh haqqında ümumi bəyanat qəbul etməsi və bunu bütün dünyanın gözü qarşısında etməsi ciddi tarixi əhəmiyyət daşıyan hadisədir.
Təbii ki, bu bəyanatın qəbul olunması və sülh sazişi mətninin hazırlanması tərəflər arasında düşmənçiliyin aradan qaldırılmasını təmin edən müddəaları ehtiva etsə də, hələ tam barışıq anlamına gəlmir. 30 ildən çox davam edən münaqişə və ondan əvvəl mövcud olan tarixi hadisələr insanların qəlbində dərin yaralar açıb. Son 35 ildə törədilən qətliamlar, vəhşiliklər- yandırılmış kəndlər, qətlə yetirilmiş minlərlə insan - tarix heç vaxt unutmamalıdır. Xocalı, Başlıbel, Malıbəyli, Quşçu və digər hadisələr yaddan çıxarıla bilməz, çünki onlar haqqında yazılır, yeni nəsillərə çatdırılır və bu, tarixi faktlardır.
Lakin tarixi təcrübə göstərir ki, sülhdən başqa heç bir alternativ yoxdur. Yəni həm Azərbaycanda, həm də Ermənistanda bu həqiqətin dərk edilməsi və qəbul olunması çox önəmlidir".
Aydın Xan Əbilov
İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə bir zamanlar “xalq diplomatiyası” adı altında müəyyən münasibətlər qurulduğunu xatırladıb: “Bir çox ziyalılar, tanınmış şəxslər erməni tərəfindən Azərbaycana gəldi, eyni zamanda Azərbaycan ziyalıları, tanınmışları Ermənistana, xüsusilə də özlərinin vətəni saydıqları Qərbi Azərbaycana səfər etdilər. Nə dünya dağıldı, nə də böyük problemlər yarandı.
Əlbəttə, məişət zəminində işi-gücü olmayan, boş-boş danışan, nifrəti və ayrı-seçkiliyi siyasi alət kimi qəbul edən şəxslərin etirazları oldu. Hətta xatırlayıram ki, Bakıda aeroportda bir nəfər özünü saxlaya bilməyib Ermənistandan gələn erməni vətəndaşına şillə vurmuşdu. Və ya Avropa Oyunlarında erməni idmançısı stadiona daxil olanda gurultulu uğultu səsləndi, amma cənab Prezidentimizin bir jesti ilə həmin uğultu alqışlara çevrildi. Əslində bunlar çox maraqlı detallardır.
Ermənistandan gələn məşhur aktyorlar və ziyalılar Azərbaycanla bağlı çox müsbət çıxışlar etdilər. Həm erməni, həm də Azərbaycan cəmiyyətində sağlam düşüncəli insanlar var ki, onlar bundan sonra ayrı-seçkiliyə, müharibəyə və dağıntılara yol verməyin tərəfdarı deyillər. Çünki 30 illik işğal, münaqişə və müharibə çox ailələri məhv etdi, təbiətə dəhşətli ziyan vuruldu. Torpaqlarımız işğal altında olduğu dövrdə ocaqlar dağıdıldı, torpaqlar mina ilə zibilləndi.
Bütün bunların qarşısını almaq üçün, əlbəttə ki, biz sülh çağırışı etməliyik. Həm Azərbaycan, həm də Ermənistan gəncləri bundan sonra sülh mühitində yaşamağı özlərinə bir həyat prinsipi kimi qəbul etməlidirlər. Onsuz da bütün müharibələrin sonu sülh ilə nəticələnir - ən böyük dağıntılı müharibələrdən tutmuş, kiçik məhəllə münaqişələrinə qədər".
Aydın Xan Əbilov qeyd edib ki, bununla bağlı Azərbaycanın bir Borçalı nümunəsi var:
“Bir zamanlar Gürcüstanda Borçalı bölgəsi az qala boşalmışdı, amma Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Gürcüstanda çox böyük iqtisadi layihələr həyata keçirildi və indi gürcülər azərbaycanlıların başçılığı ilə birgə yaşayırlar. Biz bunu Ermənistanda da edə bilərik. Azərbaycan kapitalı və ermənilərin bacarığı Ermənistandakı iqtisadiyyatı sürətlə inkişaf etdirə bilər. Bu zaman üç Qafqaz ölkəsi Avropa Birliyi modelinə bənzər mini ”Qafqaz Birliyi" formasında birləşə bilər və gələcəkdə bunun xeyrini görəcəyik. Əgər insanlar bu nəticəni görsələr, keçmişdəki hər şey yaddan çıxacaq".
Xalidə GƏRAY,“
Yeni Müsavat”
25 Avqust 2025
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ