Onlayn ictimai-siyasi qəzet
Rusiya müdafiə naziri Andrey Belousovun aylıq maaşı 3 milyon rubla (36 min dollar) çatır. Bu, onun sələfi Sergey Şoyqunun gəlirlərindən təxminən iki dəfə çoxdur.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Federal Vergi Xidmətindən məlumat sızıb.
Şoyqunun maaşı son açıqlanan 2020-ci il bəyannamələrinə əsasən ayda 1,4 milyon rubl olub. Nazirliyi idarə etdiyi illər ərzində onun gəlirləri cüzi artaraq 1 milyon rubldan 1,4 milyon rubla yüksəlib.
Belousovun vəsaiti hərbi hissə №22280 vasitəsilə ödənilir. Həmin hissə Moskvanın mərkəzində, Lopuxinskiy döngəsi, 4 ünvanında yerləşir. Sovet dövründə Müdafiə Nazirliyinin ekspertiza idarəsi burada fəaliyyət göstərib. “Kommersant” bu hərbi hissəni Müdafiə Nazirliyinin xüsusi proqramların maliyyələşdirilməsi mərkəzi ilə əlaqələndirir. Məhz buradan nüvə, kimyəvi, kəşfiyyat və digər “xüsusi” hərbi layihələr üçün maliyyə axınları keçir. 2020-ci ildə bu hərbi hissə Sergeyov Posadda yerləşən nüvə kompleksində 350 milyon rubl ( 4 milyon 204 min ABŞ dolları) mənimsəmə işi ilə gündəmə gəlmişdi, lakin heç bir əməkdaş cəzalandırılmayıb.
Belousov ailəsinin illik ümumi gəliri 60 milyon rubldan ( 720 min dollar) çoxdur. Nazir, Rusiya İxrac Mərkəzinin baş direktoru olan Veronika Nikişina ilə evlidir. Onlar hələ 2000-ci illərdə tanış olublar: Nikişina həmin vaxt İqtisadi İnkişaf Nazirliyində Belousovun rəhbərliyi altında çalışıb. Vergi xidmətinin məlumatına əsasən, Nikişinanın da aylıq gəliri təxminən 3 milyon rubl təşkil edir — yəni ərindən az qazanmır.
Belousov və Nikişina Moskvadakı “İngilis kvartalı” yaşayış kompleksində yaşayırlar. Bu məkan Müdafiə Nazirliyinin əsas ofisindən 10 dəqiqəlik məsafədə yerləşir. Burada 1 kvadrat metr mənzilin qiyməti 1 milyon rubldan çoxdur. Beləliklə, Belousov ailəsinin mənzilinin dəyəri təxminən 120 milyon rubl təşkil edir.
Musavat.com
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ