İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəs bunu kimin vicdanına yazaq?

Bu acını təsəvvür etmək belə mümkünsüzdür – uşağın gözünün qarşısında acından ölür...

(Yaxın) Şərq “incə məsələdir” deyirlər, amma baş verənlərə rəğmən onilliklərdir “incə yerindən” heç qırılmır, qırılan, ölən günahsız adamlar, uşaqlardır. Hələ də bəzi güclərin ləğv edilməsinə imkan vermədiyi bədnam Minsk Qrupunda rusiyalı həmsədr Kazimirov günlərin birində Qarabağ münaqişəsinin “mürəkkəbliyini” bu cümlə ilə ifadə etdiyini xatırlayıram: “Şuşa Yerusəlim kimi şəhərdir...” Bu, Şuşanın Azərbaycan üçün siyasi-mənəvi əhəmiyyətinə işarə deyildi. Rusiyalı Kazimirov və digər həmsədr dövlətlər (ABŞ və Fransa) Azərbaycanı da Yaxın Şərqin o “ərazi-dövlət” bataqlığına sürümək istəyirdilər ki, 2020-ci ilin sentyabrında 44 günə həll etdiyi işğal uzun illərlə davam etsin, ermənilərin arxasındakı dövlətlər Azərbaycan ərazisində ya yeni dövlət yaratsınlar, ya Ermənistanı ərazicə böyütsünlər.

Fələstin torpaqlarında İsrail adlı dövlətin yaradılmasının 77 ili ötür. Fələstinlilərə isə bu haqq tanınmayıb, halbuki onlar da o torpağın əzəli sakinləridir. Birləşmiş Millətlər Təşkilatının (BMT) hələ 1948-ci ildən başlayaraq burada iki dövlətin yaradılması barədə qətnamələri olub.

II Dünya müharibəsində az qala kökləri kəsilmiş, 640 min əhali ilə dövlət qurmağa başlamış israililərin indi sayı 10 milyona yaxındır. İsrail dövləti yarandıqdan sonra təhlükəsizlik adı altında işğal zonasını genişləndirib. Buna məcbur olub, bunu yoxsa qəsdən edib – prinsipial fərqi yoxdur. Adı işğaldır...

Mən və mənim kimi 1 milyona yaxın adam işğal, torpaq, ev-eşik itkisini 30 il yaşadıq. Fələstin xalqı bizdən daha çox acı çəkib, çəkməkdə də davam edir. Amma dinindən, irqindən asılı olmayaraq, qaçqınlar oxşar talelər yaşayırlar. Bəziləri deyirlər ki, niyə bu mövzuda yazanda İsraili çox tənqid edirsən, axı Azərbaycana dost ölkədir, amma Fələstin muxtariyyəti ermənilərə tərəf olub və sair. Bunlar doğrudur, amma bu o demək deyil ki, fələstinlilər bu zülmü çəkməlidirlər, onların dövləti olmamalıdır, hər gün qaçqın həyatı yaşamalıdırlar. Qaçqınlığın ilk dövründə olub ki, ac da yatmışıq. Amma XXI əsrin 25-ci ilində fələstinlilərin halına baxın – uşaqları acından ölürlər. Bu acını təsəvvür etmək belə mümkünsüzdür – uşağın gözünün qarşısında acından ölür! Bəs Abbasqulu bəy demişkən, bunları kimin vicdanına yazaq?

İsrail BMT və digər beynəlxalq təşkilatların israrına baxmayaraq, neçə müddətdir ki, fələstinlilərə yardım verməyə imkan vermir.

Dünyanın bəzi ölkələrinin sərt qınaqlarından sonra İsrail yardım verməyə razılaşıb, amma o şərtlə ki, hərbi-nəqliyyat təyyarələri vasitəsilə bölgəyə yardımları özü paraşütlə endirəcək. Nə böyük “humanizm!” Sanki vəhşi heyvanlara yem tullayırlar. Qəzzada aclığın qarşısını almaq üçün quru marşrutları və təhlükəsiz bölgələr yaradılmalı, yardım konvoylarının keçidi təmin edilməlidir. Yenə Azərbaycanın o günlərini yada salıram: çadır şəhərciklərində humanitar təşkilatlar qaçqınları belə aşağılayırdılar. Sonra da yardım üstə basabas çəkib dünyaya yayırdılar... İndi İsrail də bunu edir. Adamın qanına toxunur.

Trampın hakimiyyətində Qəzza və fələstinlilər yaxşı heç nəyə ümid edə bilməzlər. Bundan əvvəlki hakimiyyəti dövründə Tramp administrasiyası BMT-nin qərarına baxmayaraq, Qüdsü (fələstinlilər Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıyırlar) məhz İsrailin paytaxtı kimi tanımağa qərar verdi. İndi də eyni siyasəti aparır. Onun Ağ Evə yerləşən kimi 2 milyona yaxın fələstinlini qonşu Misirə və İordaniyaya köçürmək təklifi əlbəttə, ən əvvəl avantüra idi, heç bir beynəlxalq sənədə, anlayışa da sığmırdı.

İki gün əvvəl Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, ölkəsi Fələstini müstəqil dövlət kimi tanıyacaq. O bildirib ki, bu qərarla bağlı rəsmi açıqlamanı BMT-nin sentyabrda keçiriləcək Baş Assambleyasında verəcək. Makronun sözlərinə görə, bu addım beynəlxalq hüquq normalarına əsaslanır və Fransa Fələstin xalqının dövlətçilik hüququnu tanıyır. O, eyni zamanda bildirib ki, Fələstinin tanınması Yaxın Şərqdə sülhə töhfə verməli və iki dövlətli həllə aparan prosesə dəstək olmalıdır. Tramp isə dərhal reaksiya verərək “Makron yaxşı oğlandır, amma bu bəyanatının heç bir çəkisi yoxdur”, – deyib. Fələstini tanıyan BMT-yə üzv ölkələrin sayı 142-yə çatıb. Bunlara BMT-dəki 22 üzvlü Ərəb Liqası, 57 ölkəni əhatə edən İslam Əməkdaşlıq Təşkilatı və 120 üzvlü Qoşulmama Hərəkatı daxildir.

Fələstin məsələsində Azərbaycanın mövqeyi bəllidir. Rəsmi Bakı, paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasına gətirib çıxaracaq “iki dövlət” prinsipini, münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir.

Sentyabr ayında BMT-nin İsrailə Fələstin torpaqlarından 12 ay ərzində çıxması üçün verdiyi müddət başa çatır. Bu sənədin də BMT-nin arxivində Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması haqda qətnamələr kimi bir küncə atıldığına şübhə yoxdur. Çünki dünya beynəlxalq hüquqlar, konvensiyalar üzərindən idarəetmədən sürətlə uzaqlaşmaqdadır. Son müharibədə aşırı qəddarlıq, xüsusilə uşaqların öldürülməsi İsrailə qarşı etirazları artırdı, hətta Avropa və ABŞ-da antisemit çıxışlar da oldu. Təsadüfi deyil ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrail baş naziri haqda həbs qərarı verdi. Yenə dəyişən heç nə yoxdur.

Bu yazının da faydası yoxdur, Fələstində bu gün neçə uşaq yenə acından öləcək...

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR