İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bezmişik, intihar edək ki, bizi eşitsinlər?” – MTN işi qurbanları rəisdən ədalət tələb edir

“Vacibdir ki, bu yaşımda gedib Vidadi Məmmədovun idarəsinin qarşısında aksiya keçirib özümüzə qəsd edək bundan sonra bizim haqlı tələbimizi eşitsin? Bezmişik, Mövlam Şıxəliyev həbsdədir, bunlar azadlıqda onun işini davam etdirirlər”, - MTN işi üzrə zərərçəkmişlərdən olan 75 yaşlı Əfsəl Həsənəliyev belə deyir.

WhatsApp Image 2025-11-07 at 14.42.49.jpeg (157 KB)

Bildirir ki, onlara çatacaq 560 min manatın “Yelo Bank”dan geri alınması min bir bəhanə ilə təmin olunmur:

“Vidadi Məmmədovun İcra Baş İdarəsində qəbuluna getmişdik. Özünü elə kobud aparırdı ki, sanki cinayəti mən törətmişəm. Halbuki, mən bizlərə qarşı Vidadi Məmmədovun rəhbərliyi altında işləyənlərin də iştirak etdiyi cinayətin törədilməsini tələb edirdim. Necə olur ki, bizə məhkəmə qərarı olmadan 1 qəpik də pul ödənmir, amma “Yelo Bank”a, həm də balansdan kənar hesaba bizə çatası 560 min manatı heç bir məhkəmə qərarı olmadan köçürüblər?”

“MTN işi” üzrə Bakı Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmünın mülki iddia hisssəsi havada qalıb. Zərərçəkmişlərə çatmalı 560 min 302 manat İbrahim Zeynalovun kredit borcu adı ilə ələ keçirilib.

Zərərçəkmişlər İcra Baş İdarəsinin rəisi Vidadi Məmmədov, idarənin banklarla iş şöbəsinin əməkdaşı olmuş Tural Süleymanov, onun qayınatası Cavidan Hacıyev, Nərimanov Rayon İcra Şöbəsinin rəisi Rəşad Abbasov, icra məmuru Rafael Səfərovun əlbir olaraq bu vəsaiti heç bir hüquqi əsası olmadan “Yelo Bank” ASC-nin balansdan kənar hesabına köçürdüklərini bildiriblər.

Rəsmi sənədlərdə əməliyyat kredit ödənişi kimi göstərilsə də, faktiki olaraq heç bir kredit ödənilməyib.

Zərərçəkmişlər qeyd ediblər ki, Bankın İdarə Heyətinin sədri Anar Həsənov zəmanət məktubu ilə bəyan edib ki, məhkəmə İbrahim Zeynalovun adına kredit ödənişini əsassız hesab edərsə, vəsait geri qaytarılacaq. Bakı Apellyasiya Məhkəməsinin 7(103)-626/2025 saylı qərarı ilə köçürmənin qanunsuzluğu təsdiqlənməsinə baxmayaraq, “Yelo Bank” pulu geri qaytarmaqdan imtina edir.

Zərərçəkənlər qeyd ediblər ki, bu, yalnız vəsait məsələsi deyil. Bu, hüquq sisteminə qarşı açıq meydan oxumaqdır. Cinayət Məcəlləsinin 179-cu maddəsi – mənimsəmə və israf etmə, Mülki Məcəllənin 1099-cu maddəsi əsassız əldə etmə, icra qərarlarının icrasına maneə törətmə, bütün bunlar “Yelo Bank”ın və icra orqanlarının əlbirliyi ilə törədilib.

Ən skandal məqam isə Cavidan Hacıyevin adı ilə bağlıdır. O, əvvəllər Azərbaycan Beynəlxalq Bankından 70 milyon manat kredit götürərək qaytarmadığı üçün 10 il həbsdə olub. Həbsdən sonra isə kürəkəni Tural Süleymanov vasitəsilə digər vəzifəli şəxslərlə əlbir olaraq zərərçəkmişlərin haqqına göz dikib, vəsaiti öz aralarında bölüşdürüblər.

Zərərçəkmişlər artıq birbaşa Dövlət Təhlükəsizliyi Xidmətinə və Mərkəzi Banka müraciət edərək “Yelo Bank” ASC-də baş vermiş qanunsuz maliyyə əməliyyatlarının araşdırılması və məsul şəxslərə, bank rəhbərliyi və icra orqanlarının əməkdaşlarının əməllərinə hüquqi qiymət verilməsini, Bankın əməliyyatlarına daxili audit aparılması və qanun pozuntularının aradan qaldırılmasını xahiş ediblər. Bundan başqa, 560 min 302 manatın və digər qanunsuz köçürülmüş vəsaitlərin dərhal geri qaytarılması və zərərçəkmişlərə ödənilməsini istəyirlər.

Zərərçəkənlər deyirlər ki, “Yelo Bank”ın və icra orqanlarının bu qanunsuz əməliyyatları araşdırılmalıdır.

Yazıda adı keçən hər kəsi dinləməyə hazırıq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR