İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu sulardan istifadə edənlərə XƏBƏRDARLIQ 

İsti yay günlərində içməli suya olan tələbat artır. Sərinləmək və susuzluğu yatırmaq istəyən insanlar tez-tez mağazalardan qablaşdırılmış sular alırlar.

Ancaq bu suların tərkibi və keyfiyyəti düşündüyümüz qədər təmiz və safdırmı?

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə emal olunan qablaşdırılmış içməli sulara nəzarət tədbirləri həyata keçirir, qida təhlükəsizliyini təmin etmək və istehlakçı hüquqlarını qorumaq məqsədilə xəbərdarlıqlar edir.

Agentlik qeydiyyatsız təbii mineral suların istehsalı, emalı və dövriyyəsinin qanunla qadağan olunduğunu bildirsə də, mağazalarda satılan bəzi içməli suların insan sağlamlığı üçün uyğun olmadığı hallara rast gəlinir. Bəzi sular lazımi qaydada filtrasiya edilmir. Filtrasiya olunsa belə, ucuz və keyfiyyətsiz plastik butulkalarda qablaşdırılarkən yenidən çirklənir. Günəş şüalarına, istiliyə məruz qalan plastik qablardan müəyyən kimyəvi maddələr suya keçərək sağlamlıq üçün təhlükə yaradır.

TEMPER.jpeg (57 KB)

Bundan əlavə, bəzi brendlər məhsullarını “mineral su” adı ilə təqdim edirlər. Ancaq bu “mineral” tərkib bəzən həqiqətən faydalı maddələr deyil, müəyyən miqdarda zərərli maddələr də daşıya bilər. Su etiketlərindəki aldatmalar bununla bitmir: mənbələrin adları manipulyativ şəkildə fərqli adlarla göstərilir. Əslində isə bu sular sadəcə krant sularımızın gəldiyi eyni mənbədən doldurulur və insanların yüksək qiymətə aldıqları sadəcə bəzəkli etiket olur.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlama verib.

eyyub son.PNG (353 KB)

E.Hüseynov bildirib ki, ərzaq mallarının markalanmasına dair yeni standartlar qəbul olunur:

“Standartlaşdırma İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanır və texniki komitənin üzvü olaraq Azad İstehlakçılar Birliyi öz təkliflərini verib. Standartda müxtəlif ərzaq malları, o cümlədən suyun etiketləşməsində müəyyən tələblər qoyulur. Bu zamana kimi suyun etiketləşməsi, yeyinti məhsulları haqqında qanunun, istehlakçıların hüquqları müdafiəsi haqqında qanunun tələblərinə uyğun markalanırdı”.

Sədr Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) etiket məlumatları ilə suyun, xüsusən mənbəyi barədə araşdırmalar apardığını qeyd edib:

“AQTA bir neçə su şirkətini ifşa edib. Orda işlərin düzəldilməsinə nail olub, bu çox yaxşı haldır. Lakin bütün dünyada olduğu kimi, Azərbaycanda da istehlakçıları aldadan jestləri görmək mümkündür. Bunlar qanunun qadağan etmədiyi elementlərdən istidafə edərək həyata keçirirlər”.

Eyyub Hüseynov istehlakçıların problemlərindən də bəhs edib:

“Azad bazar iqisadiyyatı şəraitidir, dövlət biznes qurumlarını dəstəkləyir. Biznes qurumları üçün toxunulmazlıq şəraiti yaradılıb. İstehlakçı hüquqları arxa planda qalıb. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995 ci ildə qəbul olunub. Həmin ildən bazar inkişaf edir, lakin qanun dəyişilmir.

Paradoksal haldır ki, ölkədə 1 litri 9 manata və 1 litri 40 qəpiyə qablaşdılımış su var. Bu H2O-dursa niyə qiyməti belədir? Bunların hamısı istehlakçılarda sular haqqında şübhə yaradır”.

“Suların plastik qablarda qablaşdırılması, gün qarşısında saxlanması, soyudulub yenidən isti şəraitdə saxlanması istehlakçıların həyatında öz mənfi izlərini qoyan amillərdir. Birmənalı şəkildə plastik qabda qablaşdırılmış sular soyuq zəncir üzrə istehsal yerindən istehlakçıya çatdırılmalıdır. Çox təəssüf ki, o soyuq zəncir prinsipi pozulur. Yay günlərində plastik qabların tərkibində olan maddələr suya miqrasiya edir və heç bir həkimin mənbəyini tapa bilmədiyi xəstəliklər əmələ gəlir. Elə buna görə Azərbaycan aptekin çox, həkimlərdə sıranın olduğu ölkədir. Təsadüfi deyil ki, bədənimizin 75 %-i sudur. Elə xəstəliklərimizin də 75%-ni burada axtarmaq lazımdır”, - o bildirib.

Azad İstehlakçılar Birliyinin sədri əhaliyə müraciət edib:

“Günün qarşısında suların qoyulub satıldığı yerləri boykot etsinlər. Belə yerlərdən su alınmasın. Hər hansı bir problemlə qarşılaşdıqları zaman 1003 qaynar xəttinə müraciət etsinlər”.

Mənzər Novruzlu,
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR