Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Almaniyanın nüfuzlu “Welt” qəzeti NATO daxilində narahatlıq doğuran yeni tendensiyadan yazıb. Qəzetin məlumatına görə, Alyansın hərbi dairələrində Rusiyayla toqquşmanın artıq qaçılmaz olduğu qənaəti sürətlə güclənir.
Məlumatda bildirilir ki, NATO-nun yüksək səviyyəli qərargahlarında “Rusiya ilə qarşıdurmanın sıfır mərhələsi” anlayışı getdikcə daha çox işlədilir. Əgər bir müddət öncə bu barədə yalnız analitiklər və ekspertlər danışırdılarsa, indi bu ritorika birbaşa hərbi komandanlıq səviyyəsinə qədər qalxıb.
Qəzet yazır ki, Alyans daxilində ciddi narahatlıq hökm sürür. NATO-nun bir sıra üzv ölkələrinin müdafiə strukturları artıq açıq şəkildə bildirirlər ki, Ukraynadakı müharibə bitəndən sonra Rusiyanın hücum təhlükəsi daha da artacaq.
“Rusiya öz resurslarını tam səfərbər edir, sənaye istehsalı və hərbi xərcləri kəskin artırır. Bu, təkcə Ukrayna üçün deyil, Avropanın şərq cinahı üçün də real təhlükə yaradır,” – deyə mənbə qeyd edib.
Məlumata görə, NATO-nun hərbi rəhbərliyi Şərqi Avropa ölkələrində əlavə təlimlər və müdafiə planlarının gücləndirilməsi üzərində işləyir. Baltikyanı ölkələr, Polşa, Rumıniya və Finlandiya yaxın illərdə potensial zərbə istiqamətləri kimi nəzərdən keçirilir.
Eyni zamanda, NATO ölkələrinin bir çoxu – xüsusilə Almaniya, Norveç, İsveç və Fransa – yeni müdafiə konsepsiyalarını yenidən formalaşdırır. Bəzi analitiklər bu vəziyyəti “soyuq müharibənin yeni mərhələsi” kimi dəyərləndirirlər.
Siyasi müşahidəçilər hesab edirlər ki, bu tendensiya Qərbdə təhlükə hissinin artdığını və Rusiyanın son aylarda sərgilədiyi aqressiv davranışların NATO daxilində dərin təşviş yaratdığını göstərir.
Artıq NATO-nun bir çox qərargahlarında “Rusiyayla toqquşma – zaman məsələsidir” fikri getdikcə daha çox səslənir.
Musavat.com
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ