İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçibəyin dediyi indi Ukraynanın başına gəldi

Zelenskinin imzaladığı qərar ölkəni ayağa qaldırdı: “Tank qabağında duran oğlanlar, pul qabağında sındılar...”; Ukraynanın 1992–94-cü il Azərbaycanını xatırlatması üzücüdür.

2022-ci ilin fevralından bəri hərbi vəziyyətin hökm sürdüyü Ukraynada, paytaxt Kiyev də daxil olmaqla, bir sıra iri şəhərlərdə ilk dəfə Zelenski hakimiyyətinə qarşı etiraz aksiyaları keçirilir. İnanmaq bir az da çətindir: başına raket yağan Kiyev, Xarkov, Çerniqov, Dnepr, Odessa və Lvovda etiraz aksiyalarına səbəb nə cəbhədəki ağır vəziyyət, nə səfərbərlik yaşının 18-ə qədər endirilməsi barədə müzakirələrdir. Etirazlara səbəb Ukraynada korrupsiyaya nəzarət etmək üçün 2015-ci ildə ABŞ və Avropa ölkələrinin təşəbbüsü ilə yaradılmış müstəqil Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAP) və Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) müstəqil fəaliyyətini məhdudlaşdırmaq haqda Radadan qəbul edilən, sonra isə prezident Zelenskinin imzaladığı qanundur. Qanun korrupsiyaya qarşı mübarizə orqanlarını təkcə yeni təyinat alan baş prokurora deyil, Ukrayna prezidentinə də tabe edilməsini nəzərdə tutur. Zelenski NABU və SAP-ın “Rusiyanın təsiri altında olduğunu” deyərək dəyişikliklərə haqq qazandırmağa çalışıb. Hətta qanunun qəbulundan sonra Ukrayna Təhlükəsizlik Xidməti (SBU) SAP və NABU-nun ofislərində axtarış aparıb, Rusiya “FSB-sinin agentləri”nin tapıldığını elan edib.

Amma “cidanı çuvalda gizlətmək” mümkün olmayıb, çünki bu qurumlar son vaxtlar Ali Məhkəmənin sədri də daxil olmaqla, hakimiyyətə yaxın məmurların iştirakı ilə səs-küylü cinayət araşdırmasına başlayıblar. Elə bu qanuna səs verən ən azı 18 Ali Rada deputatı ilə bağlı da korrupsiya araşdırmaları aparılır. Beləliklə, xüsusilə gənc fəalların iştirak etdiyi etiraz aksiyaları dərhal dünyanın aparıcı medialarının diqqətini çəkib, eləcə də Avropa və ABŞ-dan sərt reaksiyalar gəlib. Hətta Zelenskinin sonunu gətirə biləcək “yeni Maydan” haqqında iddialar yayılıb. ABŞ Prezidenti Trampa yaxın senatorlar da qərara qarşı çıxıblar. Senatorların fikrincə, Zelenskinin qərarı Ukrayna dövlətində korrupsiyaya qarşı mübarizədə əldə edilmiş tərəqqiyə, yerli əhalinin və beynəlxalq ictimaiyyətin gözləntilərinə ziddir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və digər rəsmilər də Zelenski hakimiyyətindən izahat tələb edib. Bu etirazlar fonunda Zelenski vəziyyəti yumşaltmağa, Ali Radaya yeni layihə təqdim etməyə hazır olduğunu açıqlayıb.

Bəzi ekspertlərə görə, Zelenski qəbul etdiyi qanunu ləğv edib, onun yerinə başqa qanun təklif etsə belə, faktiki olaraq bütün dünyaya Ukrayna korrupsiya piramidasının başında olduğunu nümayiş etdirib.
Ukrayna şəhərlərində hərbi münaqişə başlayandan bəri ilk dəfə baş verən aksiyalar izdihamlı olsa da, Zelenskini yıxacaq “Maydan” dövründən çox uzaqdır. Lakin SAP və NABU ilə bağlı “ox yaydan çıxıb”.

Müharibənin davam etdiyi üç ildə Ukrayna hakimiyyətində korrupsiya ilə bağlı dünya mediasında çox araşdırmalar dərc olunub. Bu korrupsiya piramidasının başında Zelenski və Prezident Ofisinin rəhbəri Yermakın dayandığı haqda da yazılıb. Müharibə üçün ayrılan milyardların hesabatlılığı yoxdur, baxmayaraq ki, dəfələrlə bu tələb həm ölkə daxilində, həm donor dövlətlər tərəfindən gündəmə gətirilib. Belə görünür ki, məhz SAP və NABU-nun son vaxtlar Zelenski hakimiyyətindəki “böyük balıqları ovlaması” rəsmi Kiyevi narahat edib. Ona görə də bu qurumları “Rusiya FSB-sinin nəzarəti altında olması” ittihamı ilə zərərsizləşdirmək və hakimiyyətə tabe etdirmək kimi yanlış yol seçiblər. Zelenski düşünüb ki, onun arqumentləri inandırıcı olacaq, amma əksi alınıb. Avropa İttifaqı bu qalmaqaldan sonra Zelenski hakimiyyətinə cəza olaraq Kiyev üçün nəzərdə tutduğu maliyyə yardımından bir neçə milyonu kəsib. Bu qalmaqal mümkün prezident seçkilərində Zelenskinin – məsələn, hazırda Britaniyada səfir olan Zalujni kimi – alternativin işinə yarayacaq. Yəni Zelenski prezident seçkilərinin “ilk turu”nu artıq uduzmuş kimi görünür...

Müharibənin davam etdiyi bu illər ərzində Ukrayna ilə Azərbaycan arasında bir çox paralellər aparılıb. Üç ilə yaxın müddətdə Rusiyanın işğalçı ordusunu geri oturtmaq mümkün olmayıb. Sonuncu İstanbul görüşü də nəticəsiz bitdi, atəşkəsi razılaşdırmaq mümkün olmadı. Azərbaycan 1994-cü ilin may ayının 12-də Bişkekdə Ermənistanla atəşkəs protokolu imzaladı. Heç kim ölkədə etiraza qalxmadı, “niyə atəşkəs oldu, niyə torpaqlarımız işğaldan qaldı” deyib üsyan etmədi. Çünki vəziyyət hamıya aydın idi ki, o dövrdə bu atəşkəsin imzalanması dövlət üçün vacibdir: Azərbaycan toparlanmalı, ordu qurulmalı və sairə... Üstəlik, bizə indiki Ukraynadan fərqli olaraq işğala dirənmək üçün nəinki dəstək, heç bir patron verən də yox idi...

Ukraynanın indiki situasiyası başqa bir paraleli də aktuallaşdırır: “Tank qabağında duran oğlanlar, pul qabağında sındılar...” Rəhmətlik eks-prezident Əbülfəz Elçibəy vaxtilə öz komandasının bəzi üzvləri haqda rüşvət aldıqları barədə suala belə cavab verdiyi deyilir. Təəssüf ki, Ukrayna hakimiyyəti də indi Elçibəyin dediyi o vəziyyətdədir.

Ukraynanın 1992–94-cü il Azərbaycanını xatırlatması üzücüdür...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR