İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri

Rusiyadan İrəvana açıq hədə yağdırıldı: “Paşinyanlar gəldi-gedərdir, amma...” - iki fərqli baxış

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bəyan edib ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı mümkün qərarı erməni xalqının maraqlarına uyğun deyil. General qeyd edib ki, analoji qərarları tək hökumət başçısı qəbul edə bilməz.

“Paşinyan indi təbii ki, Ermənistanın lideridir, amma hələ də orada erməni xalqı var. Ermənistanın KTMT-dən çıxması isə erməni xalqı üçün qətiyyən prioritet deyil. Paşinyanlar gəldi-gedərdir, amma Ermənistan qalır. Ona görə də gəlin belə siyasətçilərin bəyanatlarına sakit reaksiya verək”, - Kartapolov bildirib.

O vurğulayıb ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı qərarı respublika parlamenti də təsdiqləməlidir. Onun sözlərinə görə, başa düşmək lazımdır ki, beynəlxalq müqavilələr üzrə istənilən qərarlar mürəkkəb prosedur prosesləri, o cümlədən maliyyələşdirmə və sazişlərin müddətinin uzadılması məsələlərini tələb edir. Deputat Rusiyanın Ermənistandakı hərbi bazasının statusuna xüsusi diqqət yetirib. O izah edib ki, obyekt KTMT çərçivəsində müqavilə deyil, ölkələr arasında ikitərəfli saziş əsasında fəaliyyət göstərir.

“Buna görə də baza lazım olana qədər orada vəzifələrini yerinə yetirməyə davam edəcək”, - deyə parlamentari yekunlaşdırıb.

İyulun 16-da keçirdiyi mətbuat konfransında Paşinyan bəyan edib ki, Ermənistanın KTMT-dən çıxması ölkənin assosiasiyaya üzvlüyünün dondurulmamasından daha çox ehtimal olunan variantdır. Onun sözlərinə görə, guya KTMT Ermənistanın ərazi bütövlüyü məsələsində qırmızı xətlə bağlı verdiyi vədləri pozub.

Ermənistan “Rus NATO-su” adlanan bloku de-yure tərk edəcəkmi? Paşinyanın bu qərarı Ermənistan üçün hansı nəticələr verə bilər? Bəs Azərbaycan üçün önəmi və ya faydası?

“Baş nazir Nikol Paşinyan bəzi komanda yoldaşlarına bildirib ki, Ermənistan böyük ehtimalla gələn ilin fevralında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq”. Bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Nikol Paşinyanın 16 iyulda keçirdiyi 4 saatlıq mətbuat konfransında verdiyi açıqlamalar Rusiyada narahatlıqla qarşılanır: “Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov da bu narahatlığın təsiri altında KTMT məsələsi ilə bağlı həmin fikirləri səsləndirib. Paşinyanın mətbuat konfransında KTMT ilə bağlı fikirlərindən bu nəticə çıxarmaq olar ki, Ermənistan hökuməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşır. Buna görə də Paşinyan Kremlə mesaj göndərib ki, İrəvanın qərarı qətidir və geri dönüşü olmayacaq. Görünür ki, Rusiya da bu mesajı olduğu kimi alıb. Ona görə də Kartapolov dərhal reaksiya verib”.

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov 

Polkovnik Rövşən Məhərrəmov qeyd etdi ki, Ermənistanın KTMT ilə əlaqələri 44 günlük müharibə, 2021-2022-ci illərin sərhəd toqquşmaları fonunda soyuyub, ardınca qurumda iştirakını dondurub: "Artıq uzun müddətdir ki, Ermənistan KTMT tədbirlərində iştirak etmir, pul ödəmir. Ermənistanın KTMT-də üzvlüyü hazırda de-fakto formal xarakter daşıyır. Lakin üzvlükdən de-yure imtina ediləcəyi yaxın vaxtlarda gözlənilmir. Hesab edirəm ki, Nikol Paşinyan onsuz da Rusiya ilə soyuq olan münasibətləri bu addımı atmaqla daha da ağır duruma gətirib çıxarmağa risk etməz".

Polkovnik vurğuladı ki, parlamentdə səs çoxluğu Paşinyanın partiyasına məxsusdur: “Əgər KTMT-dən rəsmən çıxmaq qərarı verilsə, parlament tərəfindən təsdiqlənməsi zərurəti yaranacaq. Bu zaman baş nazir partiyasının deputat çoxluğunun köməyi ilə bunu istədiyi kimi həll edə bilər”.

R.Məhərrəmovun sözlərinə görə, Rusiya Ermənistanın KTMT-dən çıxacağını düşünür və indidən Kartapolovun çıxışı ilə bunu ictimai rəyə çatdırır: “Amma bu addımın Ermənistandakı Rusiya hərbi bazasının taleyinə təsiri olmayacaq. İkincisi, Rusiya hərbi bazası məsələsini önə çıxarmaqla Paşinyana dolayısı ilə təzyiq edilir, mesaj verilir ki, KTMT-dən çıxsan belə, Ermənistanın içində Rusiya hərbi baza ilə mövcuddur və bundan xilas ola bilməzsən”.

Polkovnik qeyd etdi ki, Ermənistanın KTMT-dən çıxmasının gələcəkdə həm Ermənistan, həm də bütün Cənubi Qafqaz üçün faydası ola bilər: “Ermənistan KTMT buxovundan xilas olsa, ordusunu NATO standartlarına uyğunlaşdırmaq yoluna çıxmasını asanlaşdıra bilər. Rusiyanın Cənubi Qafqaza KTMT adı ilə müdaxilə imkanları aradan qalxar”.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsası 1992-ci il mayın 15-də Rusiya, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçılarının imzaladığı müqavilə ilə qoyulub. Hərbi təcavüzə qarşı birgə müdafiəni də nəzərdə tutan, 5 il müddətinə imzalanmış sənədə 1993-cü ildə Belarus, Azərbaycan və Gürcüstan da qoşulub. Ölkə parlamentlərində təsdiq prosesi bitən gün - 20 aprel 1994-cü ildə kollektiv təhlükəsizlik müqaviləsi qüvvəyə minib. 2 aprel 1999-cu ildə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müqavilənin hər 5 ildən bir avtomatik uzadılmasını nəzərdə tutan protokolu imzalayıblar. Azərbaycan, Gürcüstan, Özbəkistan bu addımı atmayıblar. 7 oktyabr 2002-ci ildə qəbul olunmuş nizamnaməyə əsasən, KTMT beynəlxalq regional qurumdur. 2006-2012-ci illərdə Özbəkistan yenidən KTMT-də təmsil olunub. KTMT-nin daimi işçi qurumları Katiblik və Birləşmiş Qərargahdır. Hər iki qurumun ofisi Rusiyanın paytaxtı Moskvada yerləşir. Qurumun ali vəzifəli şəxsi baş katibdir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR