İnsanlara hürriyət, millətlərə istiqlal!

Ev tikmək istəyənlərin diqqətinə: qiymətlər qalxıb, amma...

İqtisadçı inşaat materiallarında qiymət artımının səbəblərini açıqladı

Tikinti materialları bazarında qiymətlərdə dəyişiklik var. “Xəzər TV” xəbər verir ki, son 7-8 ay ərzində kərpicin və qumun qiymətində artım olduğu deyilir. Amma bazarda qiymətləri stabil olan məhsullar da var. Ümumilikdə isə bazarda qiymətlər stabil deyil. Bazarda müştəri baxımından durğunluq olduğu bildirilir. Alverdəki durğunluğun mövsümlə əlaqədar olub-olmadığı sualına cavab olaraq bildirilib ki, ilin bütün fəsillərində iş getdiyinə görə tikinti materialları bazarında alış-verişin mövsümü olmur.

Son illərdə Azərbaycanda tikinti sektoru iqtisadi inkişafın əsas istiqamətlərindən birinə çevrilib. Dövlətin həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də əhalinin şəxsi ev tikintisinə marağı tikinti bazarında aktivliyi artırıb.

Bu proses isə birbaşa olaraq inşaat materiallarına olan tələbat və onların qiymətlərinə təsir göstərir. 2025-ci ilin ilk yarısına nəzər saldıqda, inşaat materiallarının qiymətlərində müxtəlif istiqamətlərdə dəyişikliklərin baş verdiyi müşahidə olunur.

2025-ci ilin ilk 5 ayında tikinti materiallarının qiymətlərində ortalama 3.5%-5.7% arasında artım qeydə alınıb. Bu artım əsasən bəzi məhsul qruplarında kəskin, digərlərində isə sabit və ya azalma şəklində özünü göstərib. Nəzər salsaq görərik ki, sement bazarında qiymət artımı davam edir. 50 kiloqramlıq sement kisəsinin qiyməti 7.5 manatdan 8 manata qədər yüksəlib. Bu artım həm daxili istehsal xərclərinin, həm də nəqliyyat xidmətlərinin bahalaşması ilə izah olunur. Tikintidə əsas rol oynayan armaturların qiymətində də artım müşahidə edilir. Maraqlıdır ki, bu kateqoriyada bəzi məhsulların qiymətində azalma müşahidə olunub.

Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...

 Xalid Kərimli

İqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a şərhində bildirdi ki, inşaat materiallarında qiymət artımının bir çox səbəbi var. Ekspert ilk səbəbi dizel yanacağının qiymətinin artırılması ilə əlaqələndirdi: “Bugünkü qiymət artımı ilk növbədə dizel yanacağının qiymətinin artması ilə bağlıdır. Bu qərarın təsirləri yenə də olacaq. Belə ki, sahibkarlar qiymətləri birdən-birə deyil, tədricən artırırlar. Dizel yanacağı tikinti materiallarının, kənd təsərrüfatı məhsullarının həm istehsalında, həm də daşınmasında mühüm rol oynayır. Tikinti materialının bir kiloqramının qiyməti o qədər də baha deyil, amma yer tutumu çoxdur, yəni avtomobillə daşıma dəyəri çoxdur. Yanvar ayından etibarən təbii qaz və elektrik enerjisi üzrə tariflər dəyişdi. Bu da tikinti materialları istehsal edən müəssisələrdə xərclərin artması ilə nəticələndi. Digər tərəfdən, əməkhaqlarının artması sahibkarların da xərcinin artması deməkdir. Ötən il sahibkarların işçilərə xərci 8 faiz artmışdısa, son 5 ay ərzində 10 faiz qalxıb, bir sözlə, bu, əməkhaqqı xərclərinin artması deməkdir”.

X.Kərimli həmçinin qeyd edib ki, idxalla bağlı da xərclərin artması müşahidə olunur: “Son 6 ayda manatın real effektiv məzənnəsi 7 faiz, nominal effektiv məzənnəsi isə 5,4 faiz aşağı düşüb. Səbəb dolların ucuzlaşması ilə əlaqəlidir. Sahibkarların xaricdən idxal etdiyi məhsulların qiyməti manatda bahalaşıb. Tikinti sektorunda tələbat yüksək olduğu üçün sahibkarlar rahat şəkildə qiymət artımına yol verirlər. Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Abşeronda tikinti sektorunun aktiv olması artan xərclərin qiymətlərdə əks olunmasına imkan verir. O ki qaldı sözügedən qiymət artımının evlərin qiymətinə təsirinə, torpağın qiyməti, tikinti standartları buna daha çox təsir edir, nəinki tikinti materiallarının qiyməti. Bu, daha çox əmlak bazarındakı alıcılıq tələbatından və aktivlikdən asılı olacaq. Əmlak bazarında kreditlə satış olduğu, faizlər artdığı üçün bu, tələbata təsirsiz ötüşmür. Bu il əmlak bazarında xüsusi aktivlik müşahidə olunmur”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR