İnsanlara hürriyət, millətlərə istiqlal!

“Getməsəm, öldürəcəkdi”- Sevgilisinin cinayət işində dindirildi  

Bakıda qeyri-rəsmi nikahda olduğu qadının qohumunun evinə girib əmlakını talamaqda təqsirləndirilən Cavidan Əhmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə əsas şahid olan Südabə Vəliyeva ifadə verib.

Əvvəlcə onu qeyd edək ki, zərərçəkmiş Solmaz Soltan qızı Mirzəyeva məhkəməyə vəsatət verərək şahid Südabə Vəliyevanın da təqsirləndirilən şəxs kimi işə cəlb edilməsini istəyib.

Zərərçəkmişin fikrincə Cavidan Əhmədli ona qarşı törədilən cinayətin icraçısı, cinayətin təşkilatçısı isə Südabə Vəliyevadır. Zərərçəkmişlə Südabə Vəliyeva qohumdur.

Prosesin davamında S.Vəliyeva ifadəsində bildirib ki, hadisə baş verən ərəfədə Cavidanla bir evdə yaşayıblar:

“Hadisə günü Cavidanla aramızda konflikt yaranmışdı. Həmin gün anamgildə idim. Mənə deyirdi ki, çıx, evə gəl. Həm də içkili vəziyyətdə idi. Məni təhdid edirdi ki, səni öldürərəm. Evdəkilərin xəbəri olmasın, söz-söhbət yaranmasın deyə çəkindim. Buna görə də məcbur olub çıxdım. Mopedlə harasa getdik. Dəqiq bilmirəm, amma Balaxanının girəcəyi idi. Dedi ki, işim var, gözlə gəlirəm. Getsəm məni öldürəcəyini dedi. Sonra qayıtdı gəldi və evə getdik. Səhər oyanıb işə gedəndə mənə dedi ki, işdən avans götürürəm. Mənə dediyinə görə, özü də moped alqı-satqısı ilə məşğul idi. Həm də telefon danışıqlarından başa düşürdüm. Əlavə də kuryer işləyirdi. Mənə saxlamaq üçün 900 dollar verdi. Mən elə bildim ki, alqı-satqıdan olan puldur. Məndən də həmişə pul istəyirdi. Ən sonda 200 manat istədi. Həmin vaxt işləmədiyim üçün verə bilmədim. 900 dollardan əlavə mənə qızıllar da verdi. Qızılların isə keçmiş həyat yoldaşına aid olduğunu demişdi".

Şahid S.Vəliyeva istintaqda verdiyi ifadəsini təsdiqləyib. Hakim prosesin sonunda şahid Südabə Vəliyevadan növbəti proseslərdə mütləq iştirak etməsini istəyib. Zərərçəkmiş şəxs isə səhhəti ilə bağlı bu gün keçirilən iclasda iştirak etməyib. 

Növbəti məhkəmə iclası iyunun 23-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında baş verib. Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 181.2.3; 181.2.4; 181.2.5-ci maddələri ilə ittiham irəli sürülüb.

 

İnarə Hünbət
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR