İnsanlara hürriyət, millətlərə istiqlal!

“Göydəki kabus”: Hindistanda qəzaya uğrayan “Boeing 787 Dreamliner” haqqında nə bilirik?

Xəbər verdiyimiz kimi, Hindistanın Əhmədabad şəhərindən havaya qalxan və Londondakı Qatvik hava limanına istiqamətlənən “Boeing 787 Dreamliner” sərnişin təyyarəsi cəmi bir neçə dəqiqə sonra qəzaya uğrayıb. “Air India” aviaşirkətinə məxsus olan hava gəmisində 242 nəfər olub – onlardan 169-u Hindistan, 53-ü Böyük Britaniya, qalanları isə Kanada və Portuqaliya vətəndaşlarıdır.

Yerli “TimesNow” portalının yaydığı məlumatlara görə, azı 133 nəfərin həyatına son qoyan bu dəhşətli qəza zamanı təyyarə “Mayday” siqnalı göndərib və maksimum 625 fut (təxminən 190 metr) hündürlüyə qalxdıqdan sonra kəskin enişə keçib. Təyyarənin yaşayış massivinin üzərinə düşməsi nəticəsində alovlanma baş verib, onlarla ev zədələnib. Qəza səbəbləri isə hələ də araşdırılır.

“Dreamliner” adı bu təyyarəyə təsadüfən verilməyib.

ABŞ-ın “Boeing” şirkətinin istehsalı olan bu model ilk dəfə 2009-cu ilin dekabrında sınaq uçuşuna qalxsa da, kommersiya istifadəsinə yalnız 2011-ci ildə, Yaponiyanın “All Nippon Airways” (ANA) şirkəti ilə başlamışdı. Layihə 2003-cü ildən planlaşdırılırdı və əsas məqsəd - uzun məsafəli uçuşlarda yanacağa qənaət edən, sərnişin komfortunu maksimum təmin edən bir təyyarə yaratmaq idi. “Dreamliner”in gövdəsinin 50%-dən çoxu ənənəvi alüminium deyil, kompozit materiallardan hazırlanıb. Uçuş məsafəsi 14 min kilometrədək, sərnişin tutumu isə 250-330 nəfər arasında dəyişir. Bu günə qədər dünyada minlərlə Dreamliner istismara verilib. Hazırda bu modelin 1000-dən çox nüsxəsi dünyanın ən böyük aviaşirkətləri – United Airlines, Qatar Airways, Air India və Japan Airlines tərəfindən istifadə olunur.

İlk illərdən etibarən “Dreamliner” bir sıra texniki problemlərlə üzləşib. 2013-cü ildə təyyarənin litium-ion batareyaları qısaqapanma və yanğınlara səbəb olduğuna görə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bu modelin uçuşlarını müvəqqəti olaraq dayandırmışdı. Ardınca korpusda mikroçatlar, montaj keyfiyyəti və sensor sistemlərində nasazlıqlar barədə də məlumatlar yayıldı.

Təmir və yenilənmə proqramları həyata keçirilsə də, “Dreamliner” barədə təhlükəsizlik sualları zaman-zaman yenidən gündəmə gəlib. Lakin bu günədək bu modellə bağlı ölümcül qəza baş verməmişdi. Lakin görünən odur ki, “xəyal” kimi təqdim olunan bu təyyarələr reallıqda kabusa çevrilməkdədir. Son illərdə “787 Dreamliner”lə bağlı beynəlxalq səviyyədə narahatlıq doğuran onlarla insident qeydə alınıb.

2024-cü ilin yayında, ABŞ-ın Federal Mülki Aviasiya Administrasiyası “Boeing”ə qarşı sərt iradlar irəli sürüb. Səbəb “LATAM Airlines”ə məxsus “Dreamliner”in havada qəfil eniş etməsi və 50-dən çox sərnişinin xəsarət alması idi. Araşdırmalar göstərdi ki, kapitanın oturacağı qəfil yerindən tərpənərək avtopilotu söndürüb.

Mülki Aviasiya Administrasiyası xəbərdarlıq etdi: belə hallarda təyyarə nəzarətsiz enişə keçə və faciəyə səbəb ola bilər. Nəticədə qurum 158 təyyarənin yoxlanmasını tələb etdi – əsas diqqət isə oturacaq sistemləri və düymə mexanizmlərindəki qırılmalara yönəldildi.

Digər ciddi problem isə gövdədir. “Boeing”in keçmiş mühəndisi Səm Salehpur “New York Times”a müsahibəsində bildirmişdi ki,” Dreamliner”lər bir neçə fərqli zavodda hazırlanır və onların gövdə hissələri birləşdiriləndə uyğunluq pozulur. Bu, konstruktiv zəifliyə gətirib çıxarır. Bundan əlavə, bəzi təyyarələrdə bərkidici elementlər səhv tərəfdən, uyğun olmayan alətlərlə sıxılır.

Hindistandakı son qəza ilə bağlı “Boeing” şirkəti hələlik rəsmi açıqlama yaymayıb.

Lakin qəzanın ardından şirkətin səhmləri 7.8% dəyər itirib. Bu, investorlar arasında ciddi narahatlığın göstəricisidir. Ekspertlərin sözlərinə görə, Boeing bu günə qədər Federal Mülki Aviasiya Administrasiyasının 48 fərqli texniki iradına cavab verməli olub. Siyahıya boya qalınlığı, ön şüşələrin sabitlənməsi, eniş təkəri sisteminin klapanları kimi vacib detallardakı çatışmazlıqlar da daxildir.

12 iyun qəzası “Dreamliner” tarixində ilk ölümcül hadisə kimi qeyd olunur. Bu, nəinki “Air India”, həm də qlobal aviasiya sənayesi üçün sarsıdıcı xəbərdarlıq sayılır. İllərdir texnologiya və sərfəli yanacaq sərfiyyatı ilə öyünən Boeing 787 modeli artıq təhlükəsizlik baxımından təftişə ehtiyac duyur.

Beynəlxalq müşahidəçilər və hüquq müdafiəçiləri tələb edir: müstəqil komissiya yaradılmalı, “Boeing”in istehsal zəncirindəki bütün texnoloji risklər ictimaiyyətə açıqlanmalıdır.

“Boeing 787 Dreamliner” XXI əsr aviasiyasının “inqilabi” yeniliyi hesab olunurdu. Lakin istər texniki nasazlıqlar, istərsə də aviasiya agentliklərinin daim təkrar etdiyi xəbərdarlıqlar bu təyyarənin əslində risklərlə yüklü olduğunu göstərir.

Əhmədabaddakı faciə bu riskin reallaşdığı dəqiqədir. İndi isə dünya yeni sualla üz-üzədir: təhlükəli texnologiyanın qanunverici orqanlar tərəfindən vaxtında dayandırılmaması neçə cana başa gələcək?!

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR