İnsanlara hürriyət, millətlərə istiqlal!

Günəşdən narazılıq

“Vaxt gələcək ağrımız örtüləcək çiçəklə,

Bütün yaralarımız yenidən bitişəcək.

Hər şey qurtaracaqdır xoşbəxt bir gələcəklə,

Soldu nar çiçəkləri - indi nar yetişəcək!"

(Kamal Abdulla)

Doğrudan da şair demişkən, hər şey xoşbəxt gələcəklə qurtarır. Bunun daha bir örnəyini Alatavadakı davada müşahidə etməkdəyik. Yəqin yadınıza gələr, orda “Melissa” tikinti şirkəti həyət evlərini uçurdub yerində göydələnlər ucaltmaqda idi.

Sözgəlişi, son 20 ildə Bakıda tikilən yaşayış binalarının bir dənəsi belə adam içərisinə çıxarılası deyil. Olduqca bərbad, yaraşıqsız, zövqsüz, pomidor yeşiyinə oxşayan binaları hər yerə düzüblər. Pis çıxmasın, əski xruşovkalar bunların yanında Notr Dam kilsəsinə bənzəyir. Nəsə, mövzumuz bu deyil. Şəhərin görkəmi şəhər sakinlərinin vecinə deyilsə, bundan mənə nə? Bəlkə onlara qutuda yaşamaq xoş gəlir?

Paytaxtın bəzi bölgələrində bu iyrənc çoxqatlı binaları hətta matah kimi bir-birinə yapışıq tikiblər. Aralarından pişik keçə bilmir. Sanki Abşeron dəhşət gözəl təbiətli yerdir, burda mütləq hamı sıx məskunlaşmalıdır.

 

Sıxlıqdan söz düşmüşkən... Bakı Perinatal Mərkəzində yanğın olmuş, 7 körpə ölmüşdü. Məhkəmə ifadələrinə görə, obyektin müdiriyəti və işçiləri 20 çarpayılıq otaqlara 40 körpə yerləşdiribmiş. Nəticədə elektrik naqillərinə (bunlar yarımçıq doğulmuş, müəyyən sağlıq problemi olan körpələrin saxlandığı küvez adlı qurğuları oksigen və sairə ilə təmin etmək üçündür) güc düşüb, yanğın törənib.

 

Basabası təsəvvür edirsinizmi? 20 yerlik palataya 40 körpə basmaq nə deməkdir?! Niyə bu cür basabas uca millətimizi anadan olandan ölənəcən bütün sferalarda əhatə etməlidir? Yer qəhətdir?

 

Uşağı bağçaya qoyursan, hər qarşoka düşən uşaq sayı 10-a çatır. Məktəbə göndərirsən, bu dəfə məlum olur ki, 800 nəfərlik məktəbdə 1800 uşaq oxuyur. “Oxuyur” deyəndə, daha dəqiqi “təpilib-tıxanır” olmalıdır. Metro basabas, avtobus basabas, toyxana basabas...

 

Türmələrdə 3 nəfərlik kamerada 10 nəfər saxlanır. Dustaqlar növbə ilə yatırlar - çarpayı çatışmadığından. Ölürük, basdırmağa yer tapılmır bu basabas şəraitində. Bir neçə ay qabaq Bakı ətrafındakı qəbristanda bir nəfərin qəbrini başqasına satmışdılar.

 

Qayıdaq Alatavaya, yoxsa bu xəmir çox su apardı. Halbuki, biz xoşbəxt gələcəkdən dəm vurmaqla söhbətə başlamışdıq. Orda isə doğrudan həppi-end olub. İçində adam yaşayan evi uçurdan ekskavatorçu və tikinti şirkətinin müdiri azadlığa çıxıblar. Ev yiyəsi arzuladığı qədər kompensasiya alıb, köçüb. Tikinti işləri yenidən bərpa olunub.

 

Bəh-bəh. Tam bir idilliya, romantika, canım sənə desin, komediya. Hamının üzü gülən belə əhvalatlara ehtiyacımız vardır.

 

Əslində biz bədbin əhvalatlar, faciələrlə çox yüklənirik, müsbət hadisələr diqqətimizdən yayınır. Gərək jurnalistlər də buna fikir versin, xalqa neqativ enerji ötürməsin. Mən qabaqlar da yazmışam, təklif etmişəm, 5 dəfə yol qəzası haqda xəbər verəndə heç olmazsa 1-2 dəfə də bu tip xəbərlər verməliyik: “Həsən Bakıdan çıxıb öz rayonuna salamat çatmışdır”, “Binəqədidə səbətdən gilas tökülür”, “Şabranda bu gün heç kəsin evi yanmayıb”, “Şirvanda deputat seçiciləri qucaqlamışdır” və sairə. Belə xəbərlər yaysaq əhalinin orta ömrü də uzanar. Stress sağlamlığa çox ziyandır.

 

Sonda Günəşdən narazılığımı bildirmək istəyirəm. Yayı yarı eləmişik, hələ canımız qızmır. İndi bizim neftimiz-qazımız var deyə, şüaları ayrı yerə salmalıdır? Mən bu vəziyyətə qəti etirazımı bildirirəm, əlaqədar orqanlardan xahiş edirəm tədbir görsünlər. 

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR