İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcü nazirin Bakı səfərinin sirri – Tiflisə qatar açılır?

Mariam Kvrivşvili: "Sərnişin daşımalarının başlanması vacibdir, çünki...”; Natiq Cəfərli Gürcüstanda vəfat edən atasının hüzrünə gəlmək istəyənlərin yaşadığı çətinlikdən yazdı

Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivşvili ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin görüşündə əsas müzakirə mövzusu Bakı-Tiflis sərnişin qatarının bərpası olub. Musavat.com xəbər verir ki, bu barədə “Sputnik-Qruziya” yazıb.

Bildirilir ki, 2020-ci ilin mart ayından koronavirus pandemiyası ilə əlaqədar Gürcüstan və Azərbaycan arasında qatarların hərəkəti dayandırılıb. 2025-ci ilin fevralında Gürcüstanın İqtisadiyyat Nazirliyi Gürcüstan və Azərbaycan arasında dəmir yolu qatarının açılışının mayın 1-nə planlaşdırıldığını, lakin sonradan Azərbaycanın quru sərhədində tətbiq etdiyi məhdudiyyətlərə görə bu tarix təxirə salınıb. "Gürcüstan və Azərbaycan arasında dəmir yolu sərnişin daşımalarının başlanması vacibdir ki, bu da iki ölkə arasında iqtisadi, o cümlədən turizm sahəsində əlaqələrə yeni təkan verəcək", – Kvrivşvili bildirib. 

Screenshot_2.png (513 KB)

Onun sözlərinə görə, Gürcüstan iki ölkə arasında iqtisadi əlaqələrin çox mühüm sahəsi olan nəqliyyata böyük önəm verir. Azərbaycan Gürcüstanın ilk on ticarət tərəfdaşı sırasındadır. 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 5,6% artaraq 1,3 milyard dollar təşkil edib.

İki ölkənin nazirləri, həmçinin Gürcüstan və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda nəqliyyat sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edən iqtisadi əməkdaşlıq çərçivəsində cari və gələcək məsələləri müzakirə ediblər.

Nazirlər “Orta Dəhlizin” əhəmiyyətini, onun artan rolunu və inkişafını, hər iki ölkənin fəal iştirakını xüsusi qeyd ediblər. Onlar, həmçinin TRASEKA, Qara dəniz-Xəzər marşrutu və regionda əlaqələrin, ticarət əlaqələrinin və iqtisadi əməkdaşlığın gücləndirilməsinə töhfə verən digər regional təşəbbüsləri müzakirə ediblər. 

Screenshot_1.png (579 KB)

"Nəqliyyat infrastrukturunun modernləşdirilməsi, institusional və hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübəyə uyğunluğu sayəsində Gürcüstan beynəlxalq nəqliyyat bazarlarına və qlobal təchizat zəncirlərinə uğurla inteqrasiya etməyə çalışır ki, bu da ölkəmizin qlobal tranzit və logistika şəbəkəsindəki rolunu daha da gücləndirir", – Kvrivşvili qeyd edib.

Yeri gəlmişkən, REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Gürcüstanla Azərbaycanın quru sərhədlərinin bağlı qalmasını tənqid edib. O, bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib və şəxsi təcrübəsinə əsaslanaraq problemi diqqətə çatdırıb.

N.Cəfərli qeyd edib ki, yaxın günlərdə atası vəfat etdiyi üçün Gürcüstana getməli olub və vətənə qayıdış zamanı təyyarədən istifadə etməyə məcbur qalıb: “Azərbaycan vətəndaşı Tiflisə təyyarə ilə gəlir, 2-3 gün işini görür, toyda-yasda iştirak edir, o niyə quru yolla deyil, yalnız təyyarə ilə qayıtmalıdır ki?!” 

Screenshot_4.png (465 KB)

Cəfərli, eyni zamanda, bu məhdudiyyətlərin ailələrə yaratdığı konkret çətinliklərə də toxunub. Bildirib ki, yas mərasiminə gəlmək istəyən qardaşı oğlu Tiflisdən Bakıya birbaşa bilet tapa bilməyib və Antalya üzərindən uçmaq məcburiyyətində qalıb.

Daha bir nümunədə isə yaxın qohumun Gürcüstanla sərhəddə yerləşən kənddən yasa gəlmək üçün 80 km-lik yolu 530 km-lik səyahətlə əvəz etməli olduğu göstərilib: “Onların kəndindən Gürcüstandakı bizim kəndə 80 km yoldur, quru yolla 1 saata maşınla gəlmək olur. Amma o yasa gəlmək üçün 530 km Qazaxdan Bakıya gəlməli, Bakıdan təyyarə ilə uçmalı, hava limanından taksi ilə yas yerinə gəlməli olub...”

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR