İnsanlara hürriyət, millətlərə istiqlal!

İdlibdə görsələr, tətik sıxacaqdılar, Ər-Riyadda əlini sıxdılar

Siyasət dünyası gerçəkdən də dəyişkəndir, gözlənilməzliklərlə, ziddiyyət və paradokslarla doludur.
Bu aləmdə dünənki ayrılmaz müttəfiqlərin barışmaz düşmənlərə çevrilməsi, qan düşmənlərinin hər şeyi unudub dost olması müntəzəm şəkildə baş verir. Bəzən bunlar uzun zaman kəsiyində, məsələn, 20-30 ilin ərzində baş verir deyə gözə görünmür, keçmişdə olanlardan xəbərsiz gənclər hər şeyin təbii məcrada getdiyini, ortada heç bir qeyri-adi təzadın olmadığını düşünür. Amma reallıq başqadır.

Məsələn, 80 il əvvəl nasist Almaniyasına birlikdə, çiyin-çiyinə qalib gəlmiş, son 20 ilə qədər sarsılmaz dostluq əlaqələrinə malik Ukrayna və Rusiyanın münasibətləri indi necədir? Çox pis. Tarixdə onlarınkı qədər bir-birinə nifrət püskürməsi ilə müşayiət olunan savaşlar az olub.

Yaxud II dünya müharibəsində SSRİ-yə həlledici hərbi-siyasi, maddi, diplomatik yardımlar edərək Almaniya-İtaliya-Yaponiya müttəfiqliyinin axırına çıxmış ABŞ bu gün kimin yanındadır? Vaşinqton bu gün ayrı-ayrılıqda Yaponiya, İtaliya və Almaniya ilə müttəfiqdir və keçmiş müttəfiqi SSRİ-nin varisi olan Rusiyaya qarşıdır.

TRAMP SARA.jpg (117 KB)

1956-cı ildə Macarıstanda SSRİ-nin hərbi müdaxiləsi nəticəsində həlak olan fəalların, edam edilən rəhbərlərin məzarı üstündə alovlu nitqlər söyləyən, bu qətllərə və edam qərarlarına görə Kremli ittiham edən Viktor Orban indi Avropada kimin baş müdafiəçisidir və kimə qarşıdır? O, Moskvanın yanında, Kiyevin qarşısındadır, birinciyə qahmar çıxır, ikincinin Avropadan müxtəlif yardımlar almasını sabotaj edir.
Bütün bunlar ona görə baş verir ki, siyasət də, siyasətçilər də dəyişir, yeni dövran yeni reallıqlar yaradır və siyasətə atılmış yeni simalar öz siyasətlərini müasir konyunkturaya uyğun qururlar.

Hələ 1946-cı ildə ABŞ və Böyük Britaniya tezliklə anladılar ki, məğlub edilmiş, çökmüş Almaniya artıq onlara təhlükə deyil, əvəzində bütün Avropa üçün təhlükə kəsb edən yeni bir dinozavr – SSRİ peyda olub. Beləcə, müvəqqəti müttəfiqlik başa çatdı, uzunmüddətli rəqabət və açıq düşmənçilik başlandı.

ABŞ prezidenti Donald Trampla Suriyanın dövlət başçısı Əhməd əş-Şaraanın görüşməsinə, dialoquna bu zəmində yanaşmaq lazımdır.

Keçən il bu zamanlar ABŞ-nin hərbi qüvvələri terrorçu kimi axtarılan, başına pul qoyulan Əhməd əş-Şaraanı ilk gördükləri yerdə, əsir götürmədən, “sənin susmaq hüququn var” demədən vuracaq, əbədi susduracaqdılar. Onun aqibəti Üsamə bin Ladeninkindən artıq olmatacaqdı. Ancaq bu gün Tramp Suriyanın dövlət başçısı Əhməd əş-Şaraa ilə bərabərhüququlu tərəflər kimi görüşür, müzakirə aparır.

Bəlkə bin Laden 2011-ci ilin mayında Pakistan-Əfqanıstan sərhədinin yaxınlığındakı Abbotaabad qəsəbəsindəki iqamətgahında öldürülməsəydi və o hansısa dövlətdə yüksək vəzifə tutsaydı, Tramp onunla da görüşərdi? Bunu bilmək olmaz. Çünki bin Laden 2001-ci ilin sentyabr ayının 11-də ABŞ-yə qarşı təkcə aviaterror törətməmişdi, ona şillə vurub səndirlətmişdi. Onun cinayətinin bağışlanması heç vaxt mümkün deyildi. Ancaq yenə də məşhur “heç vaxt heç vaxt demə” kəlamının hikmətini yada salmaq lazım gəlir. Yeri gəlmişdən, ötən əsrin 80-ci illərində bin Laden və ABŞ Əfqanıstanda SSRİ-yə qarşı müttəfiq olmuşdular, sonradan düşmənə çevrilmişdilər.

Bir dünya siyasətində deyil, hər bir ölkənin daxili siyasətində də bənzər durumlar tez-tez yaranır. Məsələn, bir vaxtlar Türkiyədə qeyr-rəsmi koalisiya ortaqları olan “Gülən camaatı” ilə Ədalət və İnkişaf Partiyasının münasibətləri sonradan düşməncəsinə oldu. Hətta birinci ikinciyə qarşı hərbi qiyam yoluyla dövlət çevriliş törətmək cəhdi göstərdi.

Eyni zamanda AKP hakimiyyətinə həmişə müxalifətdə olmuş MHP sonradan Rəcəb Tayyib Ərdoğan iqtidarının müttəfiqi oldu və həlledici məqamlarda, o cümlədən 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişiniə cəhd zamanı ona mühüm dəstək verdi.

Azərbaycan siyasətində də keçmiş müttəfiqlərin ayrılması, sabiq rəqiblərin bu və ya digər şəkildə müttəfiqə çevrilməsi halları olub. Məsələn, bir vaxtlar Rəsul Quliyev və onun tərəfdarları hakimiyyətdə təmsil olunurdular. Quliyev hakimiyyətin ikinci adamı idi. Ancaq sonra yollar ayrıldı, eks-spikerin yolu Amerikaya düşdü və o, məsafədən ciddi bir müxalifət partiyası yaratdı və bu partiya iqtidara qarşı yaradılmış iki koalisisyanın (“Bizim Azərbaycan” və “Azadlıq” bloklarının) aparıcı qüvvələri sırasında yer aldı.

Son illərdə müxalifət cinahından uzaqıaşaraq iqtidar düşərgəsinə yaxınlaşanlar, radikal mövqedən mötədil mövqeyə keçənlər də olub.

Hələlik Azərbaycanda bu kimi mövqe dəyişiklikləri, müttəfiqlərin rəqibə, rəqiblərin müttəfiqlərə çevrilməsi olayları anlayışla qarşılanmır, sektant ritorikası ilə qiymətləndirilir, adamlara “xəyanətkar”, “reneqat”, “satqın” damğası vurulur.

Əslində isə bu siyasətdir, burada bu kimi transformasiyalar normal qarşılanmalıdır. Rəhmətlik İlyas İsmayılovun tez-tez təkrar etdiyi bir söz vardı, deyirdi: “Bir ölülər, bir də dəlilər fikirlərini dəyişmirlər”.
Yəni dövran, zaman, şərtlər, reallıqlar, maraqlar dəyişirsə, siyasətçi də hansısa mərhələdə həmişəki mövqeyində, kursunda düzəlişlər, korrektələr, dəyişikliklər etməlidir. Əks təqdirdə onun məşhur kəlamda deyilən insanlardan fərqi olmayacaq.

P.S. Ancaq orası da var ki, fikri və mövqeyi tez-tez dəyişmək də normal bir şey deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR