Onlayn ictimai-siyasi qəzet
“Bilirəm ki, baş nazirin son günlər kilsəyə və kilsə nümayəndələrinə qarşı səsləndirdiyi ifadələrə qəzəbinizi bildirməyə gəlmisiniz. Baş nazirin söylədiyi bu ifadələrin ümumi qəzəb doğurduğunu bilirik.
İnanıram ki, Allahın lütfü və köməyi ilə bu sınaqdan da sizinlə birlikdə təvazökarlıqla və hədsiz emosiyalar olmadan qalib çıxacağıq”.
Musavat.com xəbər verir ki, bunu bütün ermənilərin katolikosu II Qaregin bu gün Birləşmiş Ərəb Əmirliklərinə bir günlük səfərdən qayıdarkən Zvartnots hava limanında jurnalistlərə açıqlamasında deyib.
Katolikos daha sonra bildirib:
“Kilsəni sevmək üçün imanınızda və sədaqətinizdə möhkəm olun. Biz sizin bu münasibətinizi yüksək qiymətləndiririk, lakin onu da bildirmək istəyirik ki, bu, bizi, ruhaniləri, missiyamızı eyni bağlılıq və sədaqətlə yerinə yetirməyə daha da məcbur edir.
Çağırışımız ondan ibarətdir ki, çətin anlarda milli birliyi həyatımızda möhkəm və sarsılmaz şəkildə qoruyasınız, həyatımızda milli birliyimizi təhlükə altına salacaq hər hansı hərəkətə və ya əmələ yol verməyin. İnanırıq ki, biz vahid səylə, gücümüzü birləşdirərək bütün sınaqlara tab gətirəcəyik, bütün çətinliklərin öhdəsindən gələcəyik. Qoy Rəbbimiz xalqımıza bu gün və həmişəlik kömək olsun”.
Patriarx həmçinin qeyd edib ki, kilsənin nizamnaməsinə əsasən, kilsə və ruhaniliklə bağlı məsələlər müvafiq orqanlar tərəfindən müzakirə edilir. Bununla da o, Nikol Paşinyanın kilsə rəhbərliyini seçəcəyi barədə anonsuna cavab verib. Lakin Qaregin gizli övlad sahibi olması ilə bağlı ittihamların üstündən sükutla keçib.
Zvartnots hava limanına toplaşan yüzlərlə vətəndaş Ermənistana qayıdan II Qaregini alqışlarla qarşılayıb, bununla da patriarxa dəstək olduqlarını bildiriblər.
Toplananlar arasında “Ermənistan” fraksiyasının deputatları, “Hayakve” təşəbbüsünün üzvləri və digər şəxslər var.
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ