Onlayn ictimai-siyasi qəzet
İsrail-İran savaşında ən həssas durumda məhz ikincinin olduğu haqda fikirlər yetərincə əsaslıdır. Ən birinci o səbəbə ki, Tehran özü başlamasa da, səbəb olduğu müharibədə faktiki tək-tənha, müttəfiqsizdir. İranın Yaxın Şərqdəki proksi qüvvələri isə qismən Yəmən husiləri xaric, demək olar, gücsüz, əl-qolu bağlı vəziyyətdədir.
İsrailin arxasında isə ABŞ kimi ən qüdrətli dövlət, supergüc dayanır. Hansı ki, şəkk-şübhəsiz, yəhudi dövlətinin məğlubiyyətinə imkan verməyəcək. Söhbət təkcə Amerikanın imic məsələsindən, yaxud dünyadakı nüfuzdan getmir.
Məsələ ondadır ki, İsrail Ukraynadan fərqli olaraq, on illərdir regionda Vaşinqtonun yeganə vazkeçilməz dostu və strateji müttəfiqidir. ABŞ yəhudi dövlətini qorumağa sadəcə, borclu. İranın bəxti həm də bunda gətirməyib. Hələ İranı sevməyən digər Qərb dövlətlərini demirik...
Zatən İsrailin özü də məğlub sonluqdan daha uzaqdır, nəinki İran. Hər necə olmasa, onun savaşda itirdiyi hücum silahlarının və hərbi texnikanın yerini Amerikanın, Avropanın hesabına doldurmaq şansı var. Bəs neft gəlirlərinin azalması və logistikanın məhdudlaşması fonunda İrana kim silah yardımı edəcək – özümü, Rusiyamı, yoxsa Çinmi?
Şimal qonşumuzun Ukrayna ilə bağlı durumu bəlli. Moskva işğalçı müharibəni davam etdirmək üçün İrandan, Şimali Koreyadan raket, dron, əsgər dilənir. İkinci yandan, Putinin yəqin ürəyindəndir ki, ABŞ-ən başı bir müddət İrana qatılacaq və Ukrayna “nəzarətsiz və köməksiz” qalacaq.
Bir yandan da neftin bahalaşmasının gətirəcəyi əlavə milyardlar (müvəqqəti də olsa) Rusiyaya hərbi sənayeni, özəlliklə PUA zavodlarını işlək durumda saxlamaq, muzdlu hərbçilərin maaşını ödəmək üçün hava-su kimi lazımdır. Hələ qorx ki, Kreml Ukraynadakı hədəflərinə çatmaq və Qərbin sanksiyalarını yumşaltmaq naminə İranı ABŞ-la bazarlığa çıxarsın.
Qısası, Tehran öz başının çarəsini özü tapmalıdır. Tapacaqmı? Yaxın günlərdə yəqinlik hasil olacaq.
Çinə gəlincə, ən azından ABŞ-la gərgin münasibətlər fonunda və iqtisadi asılılıq səbəbindən Pekinin Tehrana açıq-aşkar silah yardımı eləməsi istisnadır...
Maraqlıdır ki, məhz bu arada, dünən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında təsdiq edilmiş müqaviləni ölkə prezidenti Məsud Pezeşkiana göndərib. Təqdimatla bağlı İranın Rusiyadakı səfirliyinin açıqlamasında belə deyilir: “İran Konstitusiyasının 123-cü maddəsinə uyğun olaraq, parlamentin sədri Məhəmməd Baqir Qalibaf İran İslam Respublikası və Rusiya Federasiyası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqaviləni prezidentə təhvil verib”.
Yada salaq ki, sənəd bu il yanvarın 17-də Moskvada Vladimir Putin və Məsud Pezeşkian tərəfindən imzalanıb. Aprel ayında Rusiya lideri parlamentin ratifikasiya elədiyi variantı imzalayıb.
Sənədə 47 maddə daxildir, onların mühüm hissəsi hərbi-texniki əməkdaşlığa həsr olunub - hərbi nümayəndə heyətlərinin mübadiləsi, birgə hərbi təlimlər və ümumi təhlükələrə qarşı mübarizəyə qədər. Sənəddə beynəlxalq təhlükəsizlik, silahlara nəzarət və informasiya təhlükəsizliyi məsələlərinə də toxunulub.
Konkret olaraq 12-ci maddə Xəzər regionunda, Mərkəzi Asiyada, Azərbaycanın da daxil olduğu Güney Qafqazda və Yaxın Şərqdə “sülhün möhkəmləndirilməsi, habelə üçüncü ölkələrin müdaxiləsinə qarşı mübarizə üçün Moskva və Tehranın birgə səylərini təsbit edir”.
Hansı səyləri? Tutaq ki, ABŞ üçüncü ölkə kimi ABŞ İsrail-İran savaşına qoşuldu, Moskvanın qərarı nə olacaq? 12-ci maddəyə uyğun Tehranla birgə buna əngəl olmağa çalışacaqmı? Rusiyanın beynəlxalq sənədlərdəki imzaların “su üzərinə” atılmış imzalar olduğunu nəzərə alsaq, inanmaq çətindir.
Doğrudur, Rusiya ilə KXDR arasında bağlanmış müqavilədən fərqli olaraq, İranla sazişdə hücum zamanı qarşılıqlı hərbi yardımla bağlı öhdəlik yer almayıb. Sadəcə, 3-cü maddədə göstərilir ki, təcavüzə məruz qalan tərəfin tərəfdaşı təcavüzkara dəstək verməməlidir. Yəni Rusiya İsrailin yanında yer almamalıdr.
Ola bilsin, Putin buna əməl eləsin. Ən azından “vasitəçilik missiyası”nı saxlamaq üçün. Bəs digər daha vacib bəndlər və öhdəliklər?..
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ