Onlayn ictimai-siyasi qəzet
İranın xüsusi xidmət orqanları İsrailin nüvə obyektləri və layihələri ilə bağlı 1000-ə yaxın gizli və strateji sənədi əldə edib. Bu barədə İranın dövlət televiziyası İRİB məlumat yayıb. Məlumata görə, bu məlumatlar İsraildən çıxarılıb və hazırda araşdırılır.
Yayılan məlumatlara görə, əməliyyat “bir müddət əvvəl” həyata keçirilib və materialların İrana gizli şəkildə daşınması vaxt tələb etdiyi üçün bu məlumat indi açıqlanır. İddialara görə, sənədlər artıq təhlükəsiz məkanlara çatdırılıb, hazırda onların araşdırılması və hissə-hissə yayımlanması planlaşdırılır.
Eyni zamanda “Hizbullah”a yaxınlığı ilə tanınan “Al-Mayadeen” telekanalı daha irəli gedərək bildirib ki, İran yalnız yazılı materialları deyil, həm də İsrailin nüvə obyektləri ilə bağlı geniş həcmli foto və videosübutları əldə edib. Bu materialların emalının vaxt aparacağı vurğulanır.
Hadisənin fonunda İsraildə iki nəfərin - Roy Mizrahi və Almoq Atiasın - İran xeyrinə casusluqda şübhəli bilinərək saxlanıldığı məlum olub. Lakin İsrail hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı ətraflı məlumat verməkdən çəkinir. İran tərəfi isə bəyan edir ki, həmin şəxslər sənədlərin ötürülməsi əməliyyatından sonra saxlanılıb.
Məsələ ilə bağlı nə Tehran, nə də Təl-Əviv rəsmi və dolğun izahat təqdim edir. İran mediasının iddialarının ard-arda və koordinasiyalı şəkildə yayılması, Tehranın bu məlumatdan geniş informasiya müharibəsi vasitəsi kimi istifadə etməyə çalışdığını göstərir. İranın kəşfiyyat naziri İsmail Xətib məlumatı tezliklə ictimaiyyətə açıqlayacağına söz verib. Ölkənin Ali Milli Təhlükəsizlik Şurası xəbərdarlıq edib ki, İsrail İranın nüvə obyektlərinə hücum edərsə, Tehran yəhudi dövlətinin gizli nüvə obyektlərinə cavab zərbəsi vuracaq.
Bu nə sənədlərdir, İsrail tərəfi niyə susur? Fakt doğrudursa, bu, İsrail üçün nə dərəcədə təhlükə kəsb edir? Təl-Əviv Tehranın nüvə obyektlərinə hücumu tezləşdirə bilərmi?
“İranın İsrailin nüvə obyektləri ilə bağlı 1000-ə yaxın gizli sənəd əldə etməsi ilə bağlı iddialar regionda onsuz da yüksək olan gərginliyi yeni mərhələyə daşıya bilər. Hərçənd İran mediası bu əməliyyatı "tarixi uğur" və “yeni kəşfiyyat mərhələsi” kimi təqdim etsə də, lakin indiyədək ictimaiyyətə heç bir konkret sübut və ya vizual materialın təqdim olunmaması bu iddiaların doğruluğunu sual altına alır".
Vüqar İskəndərov
Bu fikirləri “Yeni Müsavat”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, əgər bu sənədlər həqiqətən də əldə olunubsa, bu, İsrailin strateji təhlükəsizliyi üçün ciddi təhdid hesab oluna bilər: “İsrailin bu məsələdə susqunluq nümayiş etdirməsi, bir tərəfdən, məlumatın ciddiliyini təsdiqləyə biləcəyi kimi, digər tərəfdən, informasiya sızmasının əhatəsini və mənbəyini araşdırmaq üçün zaman qazanmaq məqsədi daşıya bilər. Eyni zamanda, "Al-Mayadeen" kimi Tehrana yaxın media orqanlarının paralel və sinxron şəkildə məlumat yayması, bu hadisənin İran tərəfindən yalnız kəşfiyyat uğuru kimi deyil, həm də psixoloji və informasiya müharibəsinin bir vasitəsi kimi istifadə edilməyə başlandığını göstərir".
Deputatın qənaətinə görə, İsraildə iki nəfərin casusluqda şübhəli bilinərək saxlanılması isə bu hadisənin real komponentlərinin ola biləcəyini gücləndirir: “Lakin konkret sübutların ictimaiyyətə təqdim edilməməsi həm beynəlxalq ictimaiyyətdə, həm də regional oyunçular arasında ehtiyatlılıq və şübhə yaradır. Əgər İranın iddiaları doğrudursa və bu materiallar həqiqətən də strateji dəyərə malikdirsə, Təl-Əviv Tehranın nüvə proqramına qarşı daha aqressiv və təcili tədbirlər görməyə yönələ bilər. Bu isə bölgədə genişmiqyaslı qarşıdurma riskini ciddi şəkildə artırır”.
Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov hesab edir ki, İran kəşfiyyatının İsrailin nüvə və digər obyektləri ilə bağlı strateji sənədləri əldə etməsi ehtimalı var: “Uzun illər ərzində İsrail kəşfiyyatı İran ərazisində müvafiq kəşfiyyat fəaliyyəti həyata keçirdiyi kimi, İranın da boş dayanmadığı və İsrail ərazisində casus şəbəkəsi formalaşdırması tamamilə mümkündür. Onu da nəzərə almaq lazımdır ki, İran ərazisində hələ də 25 min civarında yəhudi yaşayır və onlar da müxtəlif ölkələrdə olan yəhudilərlə, o cümlədən də İsrailin özündə yaşayan və 1979-cu il inqilabından etibarən tədricən İranı tərk edib İsrailə köçən yəhudilərlə əlaqədədirlər. İrandan köçən yəhudilərin nə qədərinin könüllü, neçəsinin İran xüsusi xidmət orqanları tərəfindən casusluq fəaliyyəti üçün göndərildiyini isə bilmək mümkün deyil. Yəni qısası, İranın əlində həqiqətən də hansısa məlumatlar ola bilər. İran tərəfinin müvafiq kəşfiyyat məlumatlarına malik olması ilə bağlı xəbərləri fonunda İsraildə iki nəfərin İran xeyrinə casusluqda şübhəli bilinərək saxlanılması da bu ehtimalları artırır.
Lakin ortada qaranlıq alan bir məqam var. Bu sənədlər nə qədər gizli sənədlərdir və həmin sənədlərdə həqiqətən də İsrailin deyilən sayda obyektləri haqqında müfəssəl məlumatlar varmı? Əgər kəşfiyyat məlumatları bu dərəcədə əhəmiyyətli və gizli məlumatlardırsa, onları ictimailəşdirmək İrana nə verir?
Bu şəkildə kəşfiyyat məlumatlarına malik olmaq İsrailin İrana mümkün hərbi əməliyyatları zamanı İrana üstünlüklər verə bilərdi. Yəni başqa sözlə, İsrailin hücumlarına qarşı həmin obyektləri hədəfə almaqla İran İsrailə olduqca böyük zərbə vura bilərdi. Amma həmin məlumatları ictimailəşdirmək İsrailə müvafiq əks tədbirlər görmək imkanı tanıya bilər. Yox, əgər haqqında danışılan məlumatları ictimailəşdirməkdə məqsəd İsrailin nüfuzuna zərbə vurmağa hesablanıbsa, bu da indiki halda effektiv yol deyil. Çünki İran tərəfindən bu məlumatların ələ keçirilməsi ilk növbədə İsrailin xüsusi təhlükəsizlik xidmətinin nüfuzunu ləkələyəcək. İsrailin xüsusi təhlükəsizlik xidməti olan “Şin Bet”lə İranın özünə bir nömrəli düşmən elan etdiyi Netanyahu arasındakı münasibətlər isə məlumdur. İndiki halda bu məlumatların ələ keçirilməsi Netanyahunun “Şin Bet”ə qarşı mövqelərini daha da gücləndirə bilər.
Bütün bunların fonunda İsrailin hansı addımlar atacağını təbii ki, zaman göstərəcək. Amma düşünürəm ki, İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması, nüvə obyektlərini hədəfə alması kimi fəaliyyəti həyata keçirməsinin İran tərəfindən strateji sənədlərin əldə edilməsi ilə bir bağlılığı olmayacaq. Təl-Əvivin Tehranın nüvə obyektlərinə hücumu yalnız ABŞ-ın razılığı ilə və Ağ Evin müəyyənləşdirdiyi vaxtda həyata keçirilə bilər".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ