Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib. Görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər.
Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.
Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər. (Report)
Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Musavat.com-a açıqlamasında xatırladıb ki, I Qarabağ müharibəsindən sonra təxminən 4 mindən artıq vətəndaşımızın taleyi hələ də naməlumdur. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə dəfələrlə bu məsələ ilə bağlı müraciətlər olduğunu vurğulayan A.Əlizadə Ermənistan tərəfinin digər məsələlərdə olduğu kimi, bu məsələdə də çox qeyri-ciddi, qeyri-konstruktiv mövqe sərgilədiyini qeyd edib: “Bəzi məlumatlara görə, taleyi naməlum şəxslər əsir götürülüb, Ermənistanda, o cümlədən işğaldan azad edilən ərazilərdə saxlanıblar. Ermənistan bu barədə səhih məlumat verməkdən hər zaman yayınıb. Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında keçirilən görüşlər müəyyən qədər fayda verə bilər, amma Ermənistan tərəfinin əvvəlkilərdən fərqli olaraq konstruktiv mövqe sərgiləyəcəyini gözləmirəm. İtkin düşmüş şəxslərin əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilib. İşğaldan azad edilən ərazilərdə mütəmadi aşkar edilən kütləvi qəbiristanlıqlar da bunu deməyə əsas verir ki, insanlar vəhşicəsinə qətlə yetiriliblər, qeyri-insani formada dəfn ediliblər. Uzun müddət keçdiyi üçün itkin düşmüş şəxslərin sağ qalma ehtimalı faktiki olaraq sıfıra bərabərdir. Təbii ki, bütün bu cinayətləri ört-basdır etmək üçün ermənilər lazımi məlumatları verməyəcəklər. İstənilən halda proses davam etməlidir. Bu görüşlər sayəsində bircə nəfərin belə taleyinə aydınlıq gətirilirsə, bu uğur deməkdir. Gözü yolda qalan ailələr var. Bu baxımdan təmaslar davam etməlidir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ