Onlayn ictimai-siyasi qəzet
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.
Musavat.com xəbər verir ki, bu barədə DTX-nin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının ərazisində yerləşən müxtəlif ofislərdə və mənzillərdə quraşdırılmış videomüşahidə kameralarının idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən məsafədən icazəsiz qoşularaq bu mənzillərdə yaşayan sakinlərin şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatları əks etdirən videomaterialları ələ keçirməklə xarici internet informasiya resurslarına yerləşdirilməsini ehtiva edən qanunazidd əməllərlə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib. Aparılmış araşdırmalarla, həmçinin Azərbaycanda müxtəlif ünvanlarda olan videomüşahidə kameralarının görüntülərinin real vaxt rejimində izlənilməsi imkanına malik istifadəçi hesablarının satışa çıxarıldığı da müəyyən olunub.
Faktla əlaqədar DTX tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kibermüdaxilə hallarının zərərli nəticələrinin aradan qaldırılması təmin edilib. Görülmüş təxirəsalınmaz tədbirlərlə kibermüdaxiləyə məruz qalmış müşahidə kameralarının yerləşdiyi ünvanlar təsbit edilib, bu cihazlara keçirilmiş texniki baxış zamanı ümumi təhlükəsizlik boşluğu aşkarlanmış və həmin boşluğun kibermüdaxilənin əsas faktoru olduğu müəyyənləşdirilib. Eyni zamanda, qeyd olunan təhlükəsizlik boşluğunun aradan qaldırılması aidiyyəti xarici istehsalçı şirkətdən tələb edilib, habelə kibermüdaxiləyə məruz qalmış kameraların videogörüntülərinin xarici internet informasiya ehtiyatlarından silinməsi təmin olunub. Vətəndaşlara informasiya-kommunikasiya vasitələri ilə bağlı müvafiq qaydalara ciddi riayət etmələri, mənşəyi və texniki göstəriciləri məlum olmayan avadanlıqlardan istifadə zamanı diqqətli olmaları tövsiyə edilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a deyib ki, ölkəmizin kibertəhlükəsizliyi mövzusunda Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi kompleks tədbirlər çox təqdirəlayiqdir: “Videomüşahidə kameralarının idarəetmə sistemlərinə qarşı edilən kiberhücumlar yalnız fərdi vətəndaşların şəxsi həyatına toxunmur, eyni zamanda milli təhlükəsizliyimiz üçün ciddi risklər yaradır. Bu baxımdan, hər bir vətəndaşın informasiya-kommunikasiya vasitələrinin təhlükəsizliyinə ciddi yanaşması, istifadə etdiyi avadanlıqların texniki göstəricilərinə diqqət etməsi vacibdir. Dövlət orqanları və hüquq-mühafizə strukturları ilə birgə fəaliyyət göstərərək, kibertəhdidlərin qarşısının alınması istiqamətində birlikdə çalışmalıyıq”.
Deputat deyib ki, son dövrlərdə videomüşahidə kameralarının idarəetmə sistemlərinə qarşı qlobal şəbəkə üzərindən edilən kiberhücumların artması ciddi narahatlıq doğurur: “Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı uğurlu əməliyyat tədbirləri göstərir ki, Azərbaycanda da kibertəhlükəsizlik məsələlərinə kompleks yanaşma zəruridir. Videomüşahidə kameralarının DVR qurğularına icazəsiz giriş əldə olunması, şəxsiyyət və ailə həyatının gizliliyinə ciddi zərbə vurur, həmçinin milli təhlükəsizlik baxımından risklər yaradır. Bu cür kiberhücumlar həm fərdi şəxslərə, həm də ictimai obyektlərə qarşı yönəlib və informasiya məxfiliyini pozmaqla yanaşı, cinayətkar məqsədlər üçün istifadə oluna bilər. Əməliyyat nəticəsində müəyyən edilmiş ümumi təhlükəsizlik boşluqları, əksər hallarda avadanlıq istehsalçılarının proqram təminatında mövcud olan zəifliklərdən irəli gəlir. Buna görə də istifadəçilər avadanlıq alarkən yalnız etibarlı və müvafiq sertifikatlara malik məhsullara üstünlük verməli, həmçinin istehsalçıların təhlükəsizlik yeniliklərini vaxtında quraşdırmalıdırlar. Vətəndaşlara tövsiyə edirəm ki, videomüşahidə sistemlərinin parol və giriş parametrlərini mütəmadi dəyişsinlər, standart parollardan istifadə etməsinlər, həmçinin açıq internetə çıxışı olan sistemləri etibarlı firewall və digər təhlükəsizlik vasitələri ilə qorusunlar”.
Deputat bildirib ki, ümumilikdə, kibertəhlükəsizliyə qarşı mübarizədə ictimaiyyətin maarifləndirilməsi və dövlət qurumları ilə əməkdaşlıq olduqca vacibdir: “DTX-nin həyata keçirdiyi tədbirlər bunun ən yaxşı nümunəsidir və belə əməliyyatların davamlı aparılması milli təhlükəsizliyin təminatında önəmli rol oynayır. Əminəm ki, DTX-nin bu kimi əməliyyatları ictimaiyyətin məlumatlılığının artırılması və kibertəhlükəsizlik mədəniyyətinin yüksəldilməsi baxımından da önəm daşıyır. Vətəndaşlarımızın şəxsi məlumatlarının qorunması üçün maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsinə ehtiyac var”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ