İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbətinlə onun dırnaqları çıxarılıb, barmaqları sındırılıb, əli sobaya salınıb – Tarixi məhkəmədə ürəkparçalayan ifadələr  

Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam edir.

Musavat.com
xəbər verir ki, hazırda prosesdə zərərçəkmişlər ifadə verirlər. Xocalı sakini Fərman Məmmədov ifadəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımından bir gün sonra, fevralın 27-də girov götürüldüyünü bildirib.

Zərərçəkmiş girov götürülərkən 10 yaşı olub. O, məhkəmədəki ifadəsində deyib ki, girov götürülən zaman bir nəfərin güllələnməsinin şahidi olub. Onlar 10 gün girovluqda saxlanılıb. Həmin müddətdə özü də daxil olmaqla, azərbaycanlı girovlar döyülüb, işgəncələrə məruz qalıblar.

Zərərçəkmiş Valeh Hüseynov qohumları ilə Xocalıda yaşadığını, soyqırımı zamanı güllə yarası alaraq girov götürüldüyünü deyib. Hadisə barədə danışan Valeh Hüseynov bildirib ki, həyat yoldaşı Ermənistan silahlı qüvvələri tərəfindən güllələnərək qətlə yetirilib. O, həyat yoldaşının meyitini qoyub getməyib. Nəticədə yaralanıb və girov götürülüb. Həmçinin soyqırımı zamanı mülki şəxslərin qarşısının hərbi texnika ilə kəsilməsinin, onların atəşə tutulmasının, öldürülməsinin şahid olduğunu bildirib. Deyib ki, Əsgəranda girovluqda olarkən ona və digər girovlara işgəncə verilib. Gitara ifaçısı olduğunu biləndən sonra kəlbətinlə onun dırnaqları çıxarılıb, barmaqları sındırılıb, əli sobaya salınıb. Ona və digər girovlara işgəncə verənlərdən Manvel, Qarik, Slavik və digərlərinin adlarını xatırlayır. 27 gündən sonra Azərbaycana təhvil verilib.

Bu proses Azərbaycanın müstəqillik tarixində ən böyük ədalət tələbidir. İstintaqda 531 mindən çox Azərbaycan vətəndaşı zərərçəkmiş kimi tanınıb. İbtidai istintaq çərçivəsində 1389 ayrı-ayrı cinayət işi bir icraata birləşdirilib, 2548 epizod üzrə ittihamlar sübuta yetirilib. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir. Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham irəli sürülüb.

 

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR