İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevin Bakıdan qaz istəməsi Rusiyanın diqqətində

Rəsmi Moskva hələ reaksiya verməsə də, mediada anlaşmadan narahatlıq hiss olunmaqdadır

Azərbaycan enerji sektorunda qaz ixracatı ilə beynəlxalq arenada öz mövqeyini möhkəmləndirib. Bu günə qədər əsasən Avropa ölkələrinə yönələn qaz ixracatı artıq yeni bir istiqamət – Yaxın Şərq coğrafiyası ilə genişlənir. 2025-ci ilin ortalarında Suriyaya qaz ixracı məsələsinin müzakirə edilməsi və texniki infrastrukturun yenidən qurulması bu prosesin real mərhələyə keçdiyini göstərir. Azərbaycan bu günə qədər 12 ölkəyə qaz ixrac edir. Bunlar əsasən Avropa ölkələri, Qafqaz və region ölkələri və digər alıcılardır.

31 dekabr 2020-ci il tarixində Azərbaycan Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri vasitəsilə Avropaya kommersiya qazının tədarükünə başlayıb. 25 il müddətinə nəzərdə tutulan tədarüklər illik 10 milyard kubmetrdən çox Azərbaycan qazının Avropa bazarına ixracını nəzərdə tutur ki, bunun da 8 milyard kubmetrini İtaliya, 1 milyard kubmetrini isə Yunanıstan və Bolqarıstan alacaq. Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə Bakıdan İtaliyanın cənubuna qədər 3,5 min km uzanan Cənub Qaz Dəhlizi inteqrasiya olunmuş boru kəməri sistemidir və Cənubi Qafqaz və Trans-Anadolu qaz kəmərlərini də əhatə edir. Onun ötürmə qabiliyyəti 16 milyard kubmetr qazdır. SGC-nin əsas xammal mənbəyi Azərbaycanda ehtiyatları 1,2 trilyon kubmetr olan "Şahdəniz" yatağı hesab olunur.

Kiyev Rusiya qazının tranziti üzrə 2025-ci il yanvarın 1-də başa çatan müqaviləni uzatmaqdan imtina edərək, qazın nəqli üçün öz infrastrukturunu digər təchizatçılara, xüsusən də Azərbaycana təklif etməyə başlayıb. Yanvarda Vladimir Zelenski bu məsələni Davosda Ümumdünya İqtisadi Forumu çərçivəsində prezident İlham Əliyevlə görüşdə müzakirə etdiyini bildirib.

Eyni zamanda, Ukrayna yeni istilik mövsümünə hazırlıqla bağlı problemləri qeyd edir. Son isitmə dövrünün sonunda Ukraynanın yeraltı anbarlarında az miqdarda qaz qalıb. Tranzitin dayandırılması Ukraynanın boru kəmərində təzyiqi saxlamaq üçün sənaye qazına ehtiyacını artırıb. Bunun fonunda, eləcə də öz istehsalının kəskin azalması səbəbindən Kiyev idxalı artırmağa məcburdur. Zelenskinin sözlərinə görə, kəsirdən qaçmaq üçün ölkə 1 milyard avro dəyərində qaz almalıdır.

Ukraynanın energetika naziri German Qaluşenko azərbaycanlı həmkarı Pərviz Şahbazovla qaz tədarükü məsələsi ilə bağlı aparılan danışıqlar barədə məlumat verib. Bu barədə o, “Facebook”da yazıb.

Qaluşenkonun sözlərinə görə, Azərbaycan Avropanın enerji resurslarının əsas təchizatçısıdır və bu, ölkələr arasında əməkdaşlıq perspektivlərinin müzakirəsinə səbəb olub. Ukrayna təbii qazın hasilatı, saxlanması və nəqli sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Qaluşenko vurğulayıb ki, Azərbaycan qazının idxalı imkanları enerji təchizatının şaxələndirilməsi üzrə Avropa strategiyası kontekstində nəzərdən keçirilir. Bu məsələ Ukraynanın və bütövlükdə Avropanın enerji təhlükəsizliyi üçün vacibdir.

Bundan əvvəl Ukrayna parlamentində qışda mümkün qaz qıtlığı ilə bağlı narahatlıqlar ifadə edilib və bunu korrupsiya məsələləri ilə əlaqələndiriblər. Sabit qaz təchizatının təmin edilməsi Ukrayna hökuməti üçün prioritet məsələdir.

Rusiya mediası hələ tam biruzə verməsə də, mümkün anlaşmadan narahatlıq hiss olunmaqdadır. Rəsmi Moskva isə hələ bu barədə mövqe bildirməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR