Onlayn ictimai-siyasi qəzet
Bakı küçələrində öz qurbanını gözləyən təhlükə var. İstənilən an insan həyatına son qoya biləcək bu təhlükə beşmərtəbəli binaların dağılmaqda olan eyvanlarından gəlir. Paytaxtın mərkəzi küçələrində, Nərimanov və Nəsimi rayonlarındakı köhnə binalarda beton parçaları hər an uça bilər. Gündəlik iş-güc, məktəb yolu kimi istifadə olunan bu küçələrdə ölüm yolu ola bilər. Köhnə tikililərin eyvanları artıq nə paslı dəmir dayaqlarla, nə də plastik lambrin örtüklərlə qorunmur. Sakinlər bu mənzərəyə öyrəşsələr də, hər an baş verə biləcək faciə ilə üz-üzədirlər. Ekspertlər isə xəbərdarlıq edir: texniki baxışdan kənarda qalan bu binalar təkcə görünüşü ilə deyil, struktur baxımından da ciddi təhlükə mənbəyinə çevrilib.
Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu və Qarabağ küçələrində yerləşən beşmərtəbəli binalar 1960-1970-ci illərdə tikilib və artıq 50 ildən çoxdur ki, paytaxt sakinlərinə xidmət edir. Zamanın sınağından çıxmış bu tikililərdə son vaxtlar eyvanlardan beton parçalarının tökülməsi müşahidə olunur. Musavat.com-un əməkdaşları ərazidə beton parçalarının qopduğunu qeydə alıblar.
Eyvanların alt hissəsindəki dəmir dayaqlar paslanaraq çılpaq şəkildə görünür. Sakinlər bildirirlər ki, uzun illərin təsiri ilə beton üzərində çatlar yaranıb, yağış və qar suyu isə vəziyyəti daha da ağırlaşdırıb. Bəzi yerlərdə eyvanların alt hissəsi plastik lambril ilə müvəqqəti bağlanıb. Lakin sakinlərin sözlərinə görə, bu önləyici tədbir uzunmüddətli həll deyil. Çünki plastik örtüklər vaxt keçdikcə zədələnir və beton parçalarına dözməyib qopur.
Paytaxt sakini Arif Əzizov deyir ki, bu küçədən hər gün işə gedir. Eyvanların altından keçməməyə çalışır:
“Artıq öyrəşmişəm, amma buradan uşaqlar, tələbələr, yaşlılar da istifadə edir. Birinin başına beton parçası düşsə, pis olar”.
Oxşar vəziyyət Nəsimi rayonu, Rəşid Behbudov küçəsindəki binalarda da müşahidə olunur. Oradakı eyvanların taxtaları əyilib, aralanıb, qırılan şüşələrin yerini isə polietilen örtüklər və taxtalar tutub. Bir digər mənzildə taxta çürüməsi nəticəsində eyvan və pəncərələr əyilib.
Təhlükəsizlik üzrə ekspert Orxan Musayev Musavat.com-a deyib ki, köhnə binaların eyvan və fasadlarından beton və digər materialların qopması insanların həyat və sağlamlığına birbaşa təhdiddir: “Qopan beton hissələr o ərazidə yolda hərəkət edən piyadalara, avtomobillərə, obyektlərə ciddi ziyan vura bilər. Bundan əlavə, binaların konstruktiv bütövlüyü zəiflədikdə eyvanların daşıyıcı sistemləri də zəifləyir. Nəticədə genişmiqyaslı çökmə təhlükəsi artır. Qopmalar binanın içindəki su, elektrik, kommunikasiya xətlərinə də ziyan vura bilər”.
Ekspert bu halların qarşısının alınması istiqamətində texniki baxışların xüsusi əhəmiyyətini vurğulayaraq dedi:
“Normativ sənədlərə əsasən ən azı ildə 1 dəfə ümumi binalara vizual baxışlar həyata keçirilməlidir. Daha ətraflı texniki müayinələr isə 3-5 ildən bir baş tutmalıdır. Əgər binanın 30-dan çox yaşı varsa, təxirə salınmaz formada baxışdan keçirilməlidir. Bu müayinələr müstəqil ekspert və ya müvafiq dövlət qurumlarının iştirakı ilə həyata keçirilməli, sənədləşdirilməli və kütləvi informasiya vasitələrində işıqlandırılmalıdır. İnsanlar hansı binada mövcud təhlükə riski varsa, bu barədə məlumatlı olmalıdırlar”.
Orxan Musayev texniki baxış keçməyən binaları nasaz avtomobilə bənzədir: “Təsəvvür edin ki, avtomobilin əyləci işləmir və biz onu sürürük. Texniki baxışdan keçməyən binalarda da biz yaşayırıq, bilmirik nə zaman hansı hissəsi sıradan çıxacaq. Köhnə binadan daha çox baxımsız binalar təhlükəli hesab olunur. 40-50 illik bina vaxtında təmir olunursa, texniki baxış keçirilirsə, o bina uzun müddət istismar oluna bilər”.
Orxan Musayev risk qrupunda olan binaların elektron xəritəsinin hazırlanmasını və bu xəritənin ictimaiyyətə açıq olmasını tövsiyə edir:
“ŞBurada binanın yaşı, ən son texniki baxışın keçirildiyi zaman, problem aşkar olunan hissələr qeyd olunmalıdır. Bu xəritə ictimaiyyətə açıq olmalıdır. İnsanlar təhlükəni qəza hadisəsi baş verdikdən sonra görür. Halbuki maarifləndirici və təbliğat xarakterli işlər mütəmadi aparılmalıdır. Sakinlər bilməlidir ki, eyvanda çat görürsə, bu, təhlükədir, həyəcan siqnalıdır”.
Mənzər Novruzlu,
Fotolar müəllifindir
Musavat.com
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ