Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya dövlət təbliğat maşını Azərbaycanı hədəfə alan yeni bir informasiya hücumu mərhələsinə keçib. Bu dəfə Moskva açıq şəkildə Azərbaycan diasporunu Ukrayna kəşfiyyatının hərbi-sabotaj əməliyyatlarına cəlb etməkdə ittiham edir. Rusiyanın ultra-millətçi və Kremlin nəzarətində olan “Tsargrad TV” kanalı vasitəsilə yayımlanan süjetlərdə iddia edilir ki, Ukraynanın “Pautina” (“Hörümçək toru”) adlı əməliyyatı — yəni Rusiya ərazisində yerləşən strateji bombardmançı təyyarə bazalarına qarşı həyata keçirilmiş diversiya – guya Azərbaycan diasporunun köməyi və maliyyə dəstəyi ilə baş tutub.
Bu iddialar ilk baxışdan absurddur, lakin məqsəd açıqdır: Rusiyada yaşayan milyonlarla azərbaycanlını, xüsusilə də ictimai fəallığı olan diaspora liderlərini ləkələmək, hədəfə qoymaq, hüquqi və ya fiziki təzyiqlərlə üz-üzə buraxmaq. Daha öncə də Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlı aktivistlər saxlanılıb, onların evlərində axtarışlar aparılıb, hətta bəzi hallarda qətllər baş verib. Yekaterinburq hadisələrini unutmamışıq. Eləcə də bir neçə gün öncə Moskva vilayətində Azərbaycan diasporunun rəhbəri olmuş Elşən İbrahimovun deportasiyası da bu qəbildəndir.
Lakin ilk dəfədir ki, Kreml təbliğatçıları bu qədər irəli gedərək Azərbaycanı birbaşa Ukraynanın kəşfiyyat əməliyyatına ortaq kimi göstərirlər.
Bu böhtanlar həm də Azərbaycan dövlətinə qarşı daha genişmiqyaslı informasiya savaşı üçün ideoloji zəmin hazırlamaq məqsədi daşıyır. Məqsəd yalnız diasporaya qarşı deyil, eyni zamanda Azərbaycan dövlətinin Ukrayna ilə yaxınlaşmasına, anti-Rusiya mövqeli beynəlxalq tədbirlər keçirməsinə cavab verməkdir.
Bununla paralel, diqqətçəkən digər detal da odur ki, bu kampaniya Azərbaycanın Şuşa şəhərində keçirdiyi 3-cü Qlobal Media Forumun dərhal ardından aktivləşib. Forumun ən çox diqqət çəkən qonaqlarından biri Ukraynanın tanınmış jurnalisti, anti-Putin mövqeyi ilə tanınan Dmitri Qordon idi. Qordon Rusiyanın informasiya və hərbi təcavüzünə qarşı Ukrayna xalqının ən ön cəbhə simalarındandır. O, illərdir Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, Putin rejimini ifşa edən jurnalistika fəaliyyəti ilə tanınır.
Qordon Forumda iştirak etməklə, Azərbaycanın informasiya müstəvisində suveren addımlar atdığına simvolik dəstək verdi. Qordon Azərbaycanı sevdiyini, Prezident İlham Əliyevi və onun rəhbərlik etdiyi siyasi xətti dəstəklədiyini dəfələrlə bildirib. Onun çoxmilyonlu auditoriyası qarşısında Azərbaycanı müdafiə etməsi Rusiyanı qıcıqlandırmaya bilməzdi.
Azərbaycan isə Qordonla yanaşı Rusiya dövlət xəbər agentliyi TASS-ın rəhbər şəxslərindən biri – Mixail Qusmanı da Şuşa forumuna dəvət etməklə balanslı mövqeyini qorudu. Hətta Putinçi analitik Sergey Markov da forumda iştirak edir. Lakin buna baxmayaraq, Kreml informasiya cəbhəsində əsassız və təhlükəli hücuma başladı. Bu da göstərir ki, Moskva diplomatik etikaya deyil, təhdid və şantaja əsaslanan strategiyasına sadiqdir.
Prezident İlham Əliyev 19 iyulda Xankəndidə Forumun açılışında çıxışı zamanı Rusiya ilə münasibətlərə, xüsusilə təyyarə olayına da toxundu və hər şeyi açıq danışdı.
SİTAT:
"Rusiya ilə münasibətlərə gəldikdə, siz təyyarə qəzasını qeyd etdiniz. Təəssüflər olsun ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçibdir. Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir. Əlbəttə, mən bu haqda daha təfərrüatlı danışa bilərəm. İstəyirsinizmi mən bu haqda daha çox danışım, daha təfərrüata varım?
Bu məsələyə daha bir neçə dəqiqə həsr etmək istəyirəm. Bizim pilotlar cəsarət və peşəkarlıq göstərərək təyyarəni qəza enişinə yönləndirdilər və tam heyət, bütün sərnişinlər həlak olmadı. Biz dərhal oraya - Aktauya heyət göndərdik. Onlar çəkiliş aparırdılar və gördülər ki, təyyarənin füzulyajı dəlmə-deşik edilmişdir və hətta təyyarədə olanların iki nəfəri də qəlpə yarası almışdır. Guya, Ukrayna dronu bizim təyyarəmizlə toqquşmuşdur. Bu gülünc bir iddia, təklif, versiya idi.
Təyyarəmizə qarşı iki dəfə hücum olub. Təsəvvür edin ki, Ukrayna dronu gəlir, Azərbaycan təyyarəsini hədəf alır, sonra qayıdır gedir və ikinci dəfə yenə bizim təyyarə ilə toqquşur. Yəni, bu uşaq bağçası səviyyəsində hekayədir, biz bilirik nə baş verib. Bundan başqa, Rusiya hava məkanı bağlanmamışdı. Hava məkanı bizim təyyarəmiz vurulduqdan bir neçə dəqiqə sonra bağlanmışdır və bu da məsuliyyətdir. Həmin o şəxslər “xalça əməliyyatı”nı vaxtından gec elan ediblər. Bu, gün qədər aydındır. Ancaq yeddi aydır ki, biz cavab ala bilmirik. Bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın Təhqiqat Komissiyasına məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil".
Musavat.com-un baxışına görə, Rusiya tərəfi Azərbaycanla münasibətləri düzəltmək, gərginliyi azaltmaq əvəzinə, informasiya cəbhəsində yeni kampaniyaya start verib. “Pautina əməliyyatı” ilə Azərbaycan diasporasının adının hallandırılması, guya Ukrayna ilə birgə Rusiya hərbi obyektlərini hədəfə almaqda iştirak etməsi iddiası ağlasığmazdır və beynəlxalq hüququn bütün prinsiplərinə ziddir.
Bu həm də Rusiyada yaşayan 2 milyona yaxın azərbaycanlıya qarşı mənəvi basqı, təqib və təcrid siyasətinin ideoloji əsaslandırmasıdır. Kremlin mediası bu saxta ittihamlarla hüquqi təqiblərə zəmin yaratmaq, həmçinin Azərbaycanın beynəlxalq mövqeyini sarsıtmaq istəyir.
Azərbaycan dövləti prinsipial mövqeyindən dönmür: nə diasporasına qarşı təzyiqlərə susur, nə də dostlarını seçməkdə başqasının göstərişini gözləyir. Ukrayna ilə münasibətlərin inkişafı, ədalətli və hüquqa əsaslanan beynəlxalq münasibətlər sistemi üçün Azərbaycanın apardığı mübarizə Rusiya kimi imperiya iddiaları olan bir ölkəni narahat edir.
Qordonun Şuşada iştirakına Kreml təbliğatının bu “çevik”, hətta “xəstə” reaksiyası isə onu göstərir ki, Azərbaycan informasiya cəbhəsində doğru yoldadır. Bu yol isə asan olmayacaq.
BÖHTANIN VİDEOSUNU isə Musavat.com pleyerindən və Telegram kanalımızdan izləyə bilərsiz.
Musavat.com
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ