İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml İrəvana Koçəryan dili ilə danışır – Lavrovun bəyanatlarının arxasında kim dayanır?

Xəbər verdiyimiz kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla geniş tərkibdə görüş keçirib.

Musavat.com bildirir ki, politoloq Aqşin Kərimov bu görüşün məzmununu sosial şəbəkədəki səhifəsində bu cür şərh edib:

"Lavrovun səfəri ərəfəsində Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Rusiya, İran və Türkiyə ilə əlaqələri inkişaf etdirmək xətlərini önə çəkdi. Bu, Lavrovun mayın 21-də İrəvanda verdiyi bəyanatlarla oxşardır. Lavrovun “Cənubi Qafqazda problemləri region ölkələri və yaxın qonşular həll etməlidir” deməsi Koçaryanın müsahibə üçün səsləndirdiyi tezisin Kreml tərəfindən hazırlandığını göstərir. Lavrov əslində baş nazir Nikol Paşinyan administrasiyasına onu çatdırır ki, Ermənistanın mövqeyi Azərbaycan, Rusiya və Türkiyə ilə əməkdaşlıq perspektivinə əsaslanmalıdır".

Politoloq qeyd edir ki, Lavrovun İrəvana səfərinə Rusiya ilə Azərbaycan arasındakı Ermənistanla əlaqədar mövzularda yaranmış fikir ayrılıqları pəncərəsindən baxmaq olar:

"Ehtimalla, Bakı ilə Moskva Nikol Paşinyanın əvəzlənməsi prosesində fərqli mövqedədirlər. Azərbaycan üçün Paşinyanın hakimiyyətdə qalması məqbul, Rusiya üçün isə sadəcə olaraq müəyyən manevr imkanı deməkdir. Bu baxımdan Azərbaycan Nikol Paşinyan hakimiyyətinə öz məqsədlərinin və strategiyasının reallaşması perspektivindən yanaşaraq uzunmüddətli yanaşma ortaya qoyur.

Rusiyanın mövqeyi isə Paşinyan fiqurunun Moskva ilə Qərb arasındakı geosiyasi rəqabəti dərinləşdirın faktor olması yanaşmasına istinad edə bilər.

Azərbaycanla Rusiya Ermənistandakı siyasi hərarətləri nəzərə alaraq “Paşinyan mərkəzli problemin” aradan qaldırılması üçün müzakirələr aparıb ortaq məxrəcə gəlməyə çalışa bilərlər. Bu istiqamətdə Rusiya Azərbaycanın maraqlarını nəzərə alan trayektoriya ilə gedə bilər. Həm də ona görə ki, Ermənistanda Rusiya yönümlü siyasi qüvvələrin Paşinyana qarşı müqavimət gücü zəifdir, hərçənd ki, yenidən təşkilatlanma Moskvanın nəzərindən qaçmır.

Lavrovun səfəri erməni mediasında “Azərbaycan sülh üçün Rusiya bazasının mövcudluğunu aradan qaldırmağı tələb edir” iddiası fonunda şərh edilsə, başqa məqamlar ortaya çıxır. Yəni, Azərbaycan Ermənistanın hərbisizləşdirilməsini, o cümlədən xarici hərbi bazaların ölkədəki təmsilçiliklərinin ləğvini şərt kimi irəli sürür. Bu informasiyalar, Azərbaycanın Ermənistanın təhlükəsizliyi üçün zəmanətverici qüvvə kimi mövqeyinin güclənməsini təsdiq edəcək proseslərə baxışdır və ya regional reaksiyanı ölçmək üçün sınaqdır.

Ermənistan üzərindən İran, Qərb və Rusiya arasındakı geosiyasi rəqabətin yönünü dəyişdirmək üçün Azərbaycanın strategiyasını dərinləşdirməsi qeyd oluna bilər. Lavrov isə Ermənistanda Rusiyanın hərbi bazasının qalıcılığını təmin etməyə hesablanmış xəbərdarlıqlarını İrəvana çatdırır.

Ehtimal ki, Rusiya 102-ci bazasının statusunun gələcəyi Bakı ilə Kreml arasında da danışıqlar predmetinə gətiriləcək".

Aqşin Kərimovun fikrincə, Rusiya Ermənistanla bağlı deyil, İrəvan Kremlin strategiyası ilə əlaqədar öz siyasətini dəyişir. Bu mənada Lavrovun İrəvan proqramı daha çox Ermənistan üçün ultimatumların yenilənmiş elanıdır. Buna görə də, İrəvan Ermənistanın ABŞ Prezidenti Donald Tramp administrasiyası dövründə Ağ Evin dəstəyindən məhrum ola biləcəyi risklərinə Rusiyaya doğru əyilən mövqe ilə reaksiya verir. Bu, ABŞ ilə Rusiya arasında postsovet məkanı üzərində cızılan nüfuz dairəsində Ermənistanın təhlükəli güzəşt predmeti olması qorxusuna əsaslanır".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

21 May 2025

BÜTÜN XƏBƏRLƏR