Onlayn ictimai-siyasi qəzet
Rusiya Hökuməti Rusiyanın Avropa Şurasının əsas sənədlərindən biri – İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması haqqında Avropa Konvensiyasından çıxması barədə qərar layihəsini Putinin müzakirəsinə təqdim edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sənəd 1996-cı ildən Rusiyada qüvvədə olub.
Ekspertlərə görə, böyük ehtimalla Putin sənədi imzalayacaq və qəbul üçün Dövlət Dumasına göndərəcək.
Konvensiya iştirakçı ölkələri yalnız rəsmi səviyyədə işgəncələri qadağan etməyə deyil, həm də beynəlxalq ekspertlərə azadlıqdan məhrumetmə yerlərini yoxlamaq səlahiyyəti verməyə məcbur edirdi.
Formal olaraq – hakimiyyət bundan sonra beynəlxalq inspektorları koloniyalara, istintaq təcridxanalarına, psixiatrik xəstəxanalara və digər qapalı müəssisələrə buraxmaq öhdəliyindən azad olur.
Əslində isə – Rusiya azadlıqdan məhrumetmə yerlərində baş verənlər barədə informasiyaya tam nəzarət əldə edəcək. Bu isə onsuz da yüksək olan cəzasız işgəncə və qəddar rəftar risklərini daha da artırır.
Ən çox zərbə məhbuslara, siyasi dustaqlara, hərbçilərə, səfərbər olunanlara və digər həssas qruplara dəyəcək.
Bundan əlavə, hüquq müdafiəçilərinin təcridi güclənəcək – onların beynəlxalq təzyiq mexanizmlərindən istifadə imkanı qalmayacaq, yalnız çoxdan dövlətin nəzarəti altında olan daxili sistemlərlə kifayətlənəcəklər.
Rusiyalılar artıq öz hüquqlarını müdafiə edərkən bu Konvensiyanın normalarına istinad edə bilməyəcəklər. İşgəncələrlə bağlı hər hansı şikayətlər yalnız Rusiya strukturları tərəfindən araşdırılacaq.
Konvensiyadan çıxmaq faktiki olaraq ölkə daxilində güc strukturlarının tamamilə nəzarətsiz özbaşınalığını gücləndirir. Halbuki, Konvensiya qüvvədə olduğu müddətdə və müstəqil monitorinq riski mövcudkən, onlar heç olmasa müəyyən humanist normalara riayət etməyə məcbur qalırdılar.
Musavat.com
28 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ