Onlayn ictimai-siyasi qəzet
Dünən 14 iyul Fransanın milli bayramlarından - Bastiliyanın alınması günü idi. Qədim zamanlarda bu bayram ana yurdumuzda da təntənəli şəkildə keçirilər, iqtidarlı-müxalifətli bir topa siyasətçi, jurnalist və QHT-çilər Fransa səfirliyinin düzəltdiyi tədbirə qatılaraq Bordo şərabıyla pendir nuş edərdilər. İndi isə lələ köçüb, yurdu qalıb. Fransa ilə aramızda soyuq yellər əsir. İnşallah, problemlər aradan qalxsın. Fransa gözəl məmləkətdir. Məncə, az qalıb. Kaledoniyanın müstəqilliyinə də nail olmaq üzrəyik, ondan sonra arada problem qalmayacaqdır.
Prinsipcə, uzun illər bizdə iqtidar-müxalifətin bir çadır altında toplaşması yalnız belə xarici səfirliklərin bayram törənlərində rast gəlinirdi və şəxsi qənaətimə görə, düzgün deyildi. Xalqımıza birlik gərəkdir. O məşhur mahnıda deyilən kimi: “Azərbaycan torpağına səfərbərlik gərəkdir”. Ancaq səfərbərliyin çoxlu işçisini korrupsiya üstündə tutandan bəri həmin mahnı, açığı, bir qədər gözdən düşübdür. Şəxsən məndən soruşsanız, sezona müvafiq olaraq hazırda “Uzaq düşdük bu dünyada, Bulaq suyu, dağ havası” nəğməsini 45 dərəcəli Abşeron torpağında ləzzətlə zümzümə edirəm. Allah rəhmət eləsin, Cabir Novruzun belə yaxşı mahnı mətnləri çoxdur.
Nəsə, tema yenə qaldı qıraqda... Məncə, bayaq bir qədər gopa basdım, əslində müxalifət-iqtidar dialoqu üçün bir platforma da bizdə həmişə aktual olmuşdur. Bu, Kürdəxanı müstəvisidir. Hazırda oranın damı altında xeyli iqtidar və müxalif fikirli insan cəmləşibdir. İcra başçıları, deputatlar, jurnalistlər, siyasətçilər, QHT nümayəndələri və sairə. Bunun özü mühüm diskussiya imkanı yaradır. Əks halda bəzən elə düşünmək olar ki, indi bizdə iqtidar və müxalifət nümayəndələri yalnız Britaniya kralının ad günündə toplaşırlar.
Ümumiyyətlə, xarici təsirlərdən qaçmalıyıq. Dünən xəbər gəldi ki, dana ətinin kilosu 50 qəpik də bahalaşıbdır. Kənd təsərrüfatımız inkişaf edirsə, ət niyə bahalaşır? Ola bilsin süni intellektin mənfi təsiridir. Hazırda bütün camaat inəyin quyruğunu buraxıb, yapışıb süni intellektin quyruğundan, işi-gücü yadırğayıb. Kənddə naxırçı da elə zənn edir ki, ət-süd lazım olanda “çatGPT”yə deyəcək, ekrandan antrikot çıxacaq. Qətiyyən belə deyil. Əziyyət çəkmək, fermer təsərrüfatları yaratmaq, deputat, rəis, məmur olmaq lazımdır.
Yeri gəlmişkən, bu yaxında internetdə arıq-uruq, skeleti çıxmış inək videoları yayılmışdı. Guya bunları hökumət xalqa sosial yardım kimi veribdir. Sevindirici haldır ki, hökumət dərhal təkzib verdi, dedilər bu, yalandır, quraşdırmadır, feyk-nyusdur, həmin dana foto və videolarının biri keçmişdə Rusiyada, digəri isə Afrikada çəkilibdir. Sitat: “Son vaxtlar bəzi sosial şəbəkə hesablarında, həmçinin özünü media orqanı kimi təqdim edən bir neçə səhifədə Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramını ləkələmək, yalan məlumatlar paylaşmaqla izləyicilərini aldatmaq, bununla da oxucu qazanmaq cəhdləri müşahidə olunur. Teleqraf xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyində Strateji Kommunikasiya departamentinin rəhbəri Mayis Musayev sosial media hesabında yazıb”. Sitatın sonu.
İndi sual ortaya çıxır: fotolar saxta idisə (mənim buna qəti şübhəm yoxdur), ətli və real danalar hanı?
Həmin xəbərdə satirik detallardan biri də “özünü media orqanı kimi təqdim edən səhifə” ifadəsi idi. Yəni sevindirici haldır ki, dövlətimizin məşğulluq agentliyi saxta dana şəkilləri ilə yanaşı saxta jurnalist vəsiqələrini də aşkara çıxarmaq gücündədir. Vallah, halal olsun, şəxsən mən alqışlayıram.
Sadəcə, maraqlıdır ki, məşğulluq, iqtidar-müxalifət dialoqu, düzgün media quruluşları, kənddə işsizliklə mübarizə tədbirləri artdıqca dana ətinin qiyməti qalxır. Tək ət olsa birtəhər dözərik. Hamısı bahalaşır. Nə gizlədim, şəxsən mən yazda stəkana saldığım limon dilimi ilə bu saat çay içirəm. Dünən az qala çaşıb həmin dilimi stəkandan atmışdım, ürəyim ayağımın altına düşdü. Son anda dilimi geri qaytarmağı bacardım. Allah hamının dilimini vaxtında geri qaytarsın, amin.
Burada ağlıma gəldi ki, “dilim-dilim olasan, dilim” məsəlimiz qədimdə haçansa yenə limon bahalaşanda yaranıbdır.
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ